...

Özünü müxalifət adlandıran antimilli şura Ermənistanla eyni mövqedən çıxış edir - Elçin Mirzəbəyli

Siyasət Materials 7 İyul 2020 17:29 (UTC +04:00)
Azərbaycan çoxpartiyalı siyasi sistemin təşəkkül tapdığı bir ölkədir. Çoxpartiyalı siyasi sistemin inkişafının ölkədə həyata keçirilən islahatların prioritet istiqamətlərindən biri kimi nəzərə çarpması, parlament idarəçiliyində müxalifətin iştirakı üçün imkanların yaradılması, siyasi partiyaların dövlət qeydiyyatına alınması ilə bağlı atılan addımlar, ən müxtəlif məsələlərlə bağlı iqtidar-müxalifət dialoqunun intensivləşməsi Azərbaycanda siyasi münasibətlərin yeni bir mərhələyə qədəm qoyduğunu nümayiş etdirir.
Özünü müxalifət adlandıran antimilli şura Ermənistanla eyni mövqedən çıxış edir - Elçin Mirzəbəyli

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan çoxpartiyalı siyasi sistemin təşəkkül tapdığı bir ölkədir. Çoxpartiyalı siyasi sistemin inkişafının ölkədə həyata keçirilən islahatların prioritet istiqamətlərindən biri kimi nəzərə çarpması, parlament idarəçiliyində müxalifətin iştirakı üçün imkanların yaradılması, siyasi partiyaların dövlət qeydiyyatına alınması ilə bağlı atılan addımlar, ən müxtəlif məsələlərlə bağlı iqtidar-müxalifət dialoqunun intensivləşməsi Azərbaycanda siyasi münasibətlərin yeni bir mərhələyə qədəm qoyduğunu nümayiş etdirir.

Bunu Trend-ə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli deyib.

E.Mirzəbəyli bildirib ki, amma görünür ölkəmizdə siyasi sistemin yeni dövrün tələblərinə, ölkənin milli maraqlarına, regional və qlobal çağırışlara uyğun olaraq rekonstruksiyası bəzi azsaylı siyası qrupların, o cümlədən “5-ci kalon”un klassik nümunələrindən biri və bəlkə də birincisi olan “Milli Şura” adlı antimilli təsisatın maraqlarına cavab vermir:

“Ölkədə islahatlar dərinləşdikcə, siyasi partiyalar arasında sivil və etimadlı münasibətlər sisteminin formalaşması prosesi sürətləndikcə antimilli “Şura”çılar daha da aqressivləşir, siyasi mübarizənin sivil forma və metodlarını inkar edir, siyasi hakimiyyətə deyil, Azərbaycan dövlətçiliyinə qarşı mübarizə aparırlar.

Antimilli “Şura”nın özünü müxalifət adlandıran bəzi nümayəndələrinin Azərbaycanın milli sərvəti, əsas gəlir mənbələrindən biri olan neftin qiymətinin aşağı düşməsinə sevinmələri, bu münasibətlə bir-birilərini təbrik etmələri dövlətinə, xalqına düşmən kəsilmənin, mənəvi və siyasi deqradasiyanın son həddidir.

Azərbaycanın neftdən əldə etdiyi gəlirlər əsasən hansı istiqamətlərə xərclənir? Təhsilə, ordu quruculuğuna, vətəndaşların sosial problemlərinin həllinə, o cümlədən qaçqın və məcburi köçkünlər üçün yaşayış binalarının, reabilitasiya mərkəzlərinin, xəstəxanaların, məktəblərin inşasına, yol çəkilməsinə, yeni infrastruktur layihələrinin icrasına, qeyri-neft sektorunun inkişafına, COVİD-19 virusuna qarşı mübarizəyə və bu kimi digər məsələlərin həllinə...

Neftin qiymətinin aşağı düşməsi isə Azərbaycan Prezidentinin müsahibəsində qeyd etdiyi kimi, ilk növbədə, insanların sosial məsələlərinin həllində özünü göstərə bilər. Həmçinin sadaladığım digər istiqamətlərdə müəyyən ləngimələrin olmasana zəmin yarada bilər. Deməli bu insanlar Azərbaycan vətəndaşlarının sosial məsələlərinin həllini, Azərbaycan Silahlı Qüvvələrinin daha da güclənməsini, təhsilin, səhiyyə sisteminin, qeyri neft sektorunun inkişafını və yeni iş yerlərinin yaradılmasını, yeni yolların çəkilməsini, xəstəxanaların, məktəblərin, uşaq bağçalarının, müharibə veteranları, şəhid ailələri, qaçqın və məcburi köçkünlərin mənzillərlə təmin edilmələrini, bütövlükdə ölkəmizin güclənməsini istəmirlər.

Əksinə, neftin qiymətinin aşağı düşməsi nəticəsində bütün bu layihələrin həyata keçirilməsinin mümkün olmayacağı ehtimalına sevinirlər, bundan xoşbəxt olurlar. Belə bir vəziyyətin yaranmasına isə, Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan torpaqlarını işğal altında saxlayan, azərbaycanlılara qarşı soyqırım aktları həyata keçirən, həmvətənlərimizi öz evlərindən didərgin salan, abidələrimizi, məscidlərimizi viran qoyan Ermənistan sevinə bilər.

Bu antimilli təfəkkür sahibləri Azərbaycan dövlətinə və xalqına münasibətdə Ermənistanla eyni mövqedən çıxış edir, açıq-aşkar düşmən münasibəti sərgiləyirlər. Təbii ki, ictimaiyyət də bu iyrənc mənzərəni görərkən kimin kim olduğuna bir daha əmin olur. Amma heç kim ümidlənməsin. Dövlətimizin başçısı da bəyan etdi ki, son illər ərzində yaradılmış böyük iqtisadi-maliyyə potensialı dövlətimizə istənilən böhranla bacarmaq imkanı verir. Nə olursa olsun Azərbaycan ayaqda qalacaq!”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti