...

Arzu Nağıyev: Tovuz sakinləri bir daha əmin oldu ki, dövlət istənilən vaxt öz vətəndaşının yanındadır

Siyasət Materials 21 İyul 2020 19:57 (UTC +04:00)
Arzu Nağıyev: Tovuz sakinləri bir daha əmin oldu ki, dövlət istənilən vaxt öz vətəndaşının yanındadır

Bakı. Samir Əli - Trend:

Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam çox mühüm addımdır.

Bunu Trend-ə açıqlamasında millət vəkili Arzu Nağıyev deyib.

O bildirib ki, bu Sərəncam Tovuz sakinlərini bir daha əmin etdi ki, dövlət istənilən vaxt öz vətəndaşının yanındadır: "Tovuz bölgəsindən olan bir millət vəkili, ən əsası, bir tovuzlu kimi cənab Prezidentə dərin təşəkkürümü bildirirəm. Əsas məsələ ondan ibarətdir ki, bu gün hər bir vətəndaş hiss edir ki, dövlət onun arxasındadır. Məlum məsələdir ki, ermənilərin təxribatı nəticəsində Tovuzun 6 kəndində təxminən 35 evə və digər infrastruktura ciddi ziyan dəyib. Cənab Prezident Sərəncamında bütün bunların araşdırılması, eyni zamanda Fövqəladə Hallar Nazirliyi və İqtisadiyyat Nazirliyi ilə birlikdə bu məlumatların təhlil edilməsi və məlumatın Nazirlər Kabinetinə təqdim edilməsini tapşırıb. Düşünürəm ki, dəymiş zərərin aradan qaldırılması üçün bu sənəd çox vacibdir. Bunun əsas məramı dövlətin hər bir vətəndaşının yanında olmasıdır. Bunu da hər bir sakin anlayır. Bir məqamı da xüsusi vurğulayım ki, Birinci vitse-prezident Mehriban Əliyeva Tovuz istiqamətində şəhid olan 12 hərbçi ilə bağlı Heydər Əliyev Fonduna tapşırıq verib. Şəhid olan hərbçilərin ailə üzvlərinin bütün qayğıları daim Fondun nəzarətində olacaq".

A.Nağıyev qeyd edib ki, hazırda Tovuzda, xüsusən də döyüşlər olmuş ərazidə əhali öz gündəlik işlərini davam etdirir, əhali arasında heç bir panika, gərginlik yoxdur və insanlar Azərbaycan Ordusuna güvənir: "Artıq ərazidə sakitlikdir. Azərbaycan Ordusu tam şəkildə əraziyə nəzarət edir, Ağdam, Dondar Quşçu və digər sərhəd kəndlərdə dinc quruculuq işləri davam etdirilir. Heç bir kənd sakini yaşayış yerini tərk etməyib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti