...

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib (FOTO)

Siyasət Materials 9 Sentyabr 2020 17:06 (UTC +04:00)
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib (FOTO)

Bakı. Trend:

Sentyabrın 9-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib.

Trend xəbər verir ki, komitə sədri Musa Quliyev çıxış edərək iclasda 2020-ci il yaz və növbədənkənar sessiyaları ərzində komitədə görülən işlər barədə hesabatın təqdim olunacağını, komitənin 2020-ci il payız sessiyası üçün işlər planına baxılacağını, 7 qanun layihəsinin müzakirə olunacağını bildirib.

Musa Quliyev ölkədə sosial siyasət sahəsində aparılan işlər barədə fikirlərini açıqlayıb, koronavirusla mübarizədə görülən işlərdən danışıb. Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamı ilə koronavirusla mübarizənin kompleks şəkildə həyata keçirilməsi üçün Nazirlər Kabinetinə müvafiq tapşırıqlar verilib. Bu məqsədlə 3,5 milyard manat vəsait ayrılıb. Həmin vəsaitin böyük bir hissəsi əhalinin sosial müdafiəsinin gücləndirilməsi, iş yerlərinin qorunub saxlanılması, məşğulluq və işsizlik problemlərinin qarşısının alınması istiqamətlərinə yönəlib. Bu məqsədlə əhaliyə sosial dəstək vermək və məşğulluğun təmin olunması üçün dövlət büdcəsindən 600 milyon manat vəsait ayrılıb. Bütün bu tədbirlər 4,8 milyon nəfəri əhatə edib. Görülən işlər nəticəsində 1 milyon 660 min iş yeri və bu iş yerlərində çalışan insanların əməkhaqları qorunub saxlanılıb. İki milyon vətəndaşın pensiya, müavinət, təqaüd və digər sosial ödənişləri vaxtında həyata keçirilib.

Qeyd edilib ki, ünvanlı dövlət sosial yardım alan ailələrin sayı 10 min nəfər artaraq, bütövlükdə 342 min Azərbaycan vətəndaşını əhatə edib. Yeni DOST mərkəzlərinin açılması da pandemiya dövründə böyük əhəmiyyət kəsb edir. Sosial müdafiəyə ehtiyacı olan kateqoriyaya aid insanlar, o cümlədən qaçqınlar və məcburi köçkünlərin, şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin, hərbçilərin mənzillərlə təmin olunması sahəsində də dövlət siyasəti uğurla davam etdirilir.

Musa Quliyev pandemiya dövründə parlamentdə iclasların səmərəli və keyfiyyətli keçirilməsinə göstərdiyi diqqət və qayğıya görə Milli Məclisin Sədri Sahibə Qafarovaya komitə adından minnətdarlığını ifadə edib.

Sonra komitə sədri diqqətə çatdırıb ki, 2020-ci il yaz və növbədənkənar sessiyaları ərzində komitənin 12 iclası keçirilib, 17 qanun layihəsi müzakirə olunaraq Milli Məclisə tövsiyə edilib. Həmin qanun layihələri Milli Məclisdə qəbul edilib.

Ötən dövr ərzində komitəyə 94 sənəd, o cümlədən vətəndaşlardan 78 ərizə, nazirlik və idarələrdən 16 cavab məktubu daxil olub. Komitənin ünvanına daxil olan ərizə və şikayətlər ünvanlı sosial yardım, işsizlik, mənzil və digər məsələlərlə bağlı olub. Komitə sədri tərəfindən onlayn qaydada 32 nəfər vətəndaş qəbul edilib. Qəbullar zamanı qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlər görülüb.

2020-ci il payız sessiyasında görüləcək işlər barədə məlumat verən komitə sədri bildirib ki, bu müddətdə “Turizm haqqında”, “Xeyriyyəçilik fəaliyyəti haqqında”, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun büdcəsi haqqında” “Azərbaycan Respublikası üçün yaşayış minimumu haqqında” “Azərbaycan Respublikası üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri müzakirəyə çıxarılacaq.

Sessiya ərzində “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun icrası barədə, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunun icrasının monitorinqi, “Məşğulluq haqqında” qanunun təmin olunması və qeyri-formal məşğulluğun aradan qaldırılması mövzularında dinləmələrin keçirilməsi nəzərdə tutulub.

Komitə üzvləri Jalə Əliyeva, İlham Məmmədov, Arzu Nağıyev, Ziyad Səmədzadə, Əziz Ələkbərov, Soltan Məmmədov, Məlahət İbrahimqızı çıxış edərək koronavirus pandemiyası ilə mübarizə sahəsində Azərbaycan Prezidentinin həyata keçirdiyi bütün tədbirləri fəal surətdə dəstəklədiklərini, bu istiqamətdə görülən işlərin vətəndaşlar tərəfindən layiqincə qiymətləndirildiyini bildiriblər. Deputatlar 2020-ci il yaz və növbədənkənar sessiyalarda komitənin fəaliyyətini qənaətbəxş olduğunu qeyd ediblər. Komitənin 2020-ci il payız sessiyası üçün işlər planını təsdiqləyiblər.

Sonra parlament Aparatının İqtisadi və sosial qanunvericilik şöbəsinin sektor müdiri Adil Vəliyev bildirib ki, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş) qanun layihəsi Azərbaycan Prezidentinin “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 10 dekabr tarixli 393 nömrəli Fərmanına uyğun olaraq hazırlanıb. Bu məqsədlə Məcəllənin 102.4.4-cü maddəsi ləğv olunur, 102.3-cü maddəsinə müvafiq düzəliş edilir.

Qeyd edildib ki, birinci oxunuşda təqdim olunmuş “Təhsil haqqında” və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunlara təklif edilən düzəlişlər də Prezident İlham Əliyevin yuxarıda adı çəkilən Fərmanına uyğun olaraq hazırlanıb və valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsinin stimullaşdırılması məqsədi daşıyır. Qanunlara ediləcək dəyişikliyə əsasən, övladlığa götürülmüş uşaqların dövlət, bələdiyyə, özəl ali və orta ixtisas təhsili müəssisələrində və elmi təşkilatın magistratura səviyyəsində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulur.

Digər bir layihə - “Sosial müavinətlər haqqında” qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) sənəd isə uşaqları övladlığa götürən ailələri dəstəkləmək məqsədi ilə hazırlanıb. Layihədə yeni sosial müavinət növü - övladlığa götürülən uşağa görə müavinət müəyyən edilir, onun verilmə şərtləri, qaydası və bir sıra digər məsələlər tənzimlənir. Qeyd olunur ki, müavinət valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşağı, o cümlədən 0-18 yaş arası sağlamlıq imkanları məhdud uşağı övladlığa götürən şəxsə övladlığa götürülən hər bir uşağa görə (uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında) təyin ediləcək. Müavinətin ödənilməsi uşağın 18 yaşınadək davam edəcək. Müavinətin təyinatına 2021-ci il yanvarın 1-dən başlanacaq.

Deputatlar Məlahət İbrahimqızı və Vüqar Bayramov qanun layihələri barədə öz fikirlərini bildiriblər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Fərhad Ələkbərov, DOST Agentliyinin departament müdiri Cavid Şahmalıyev ölkəmizdə uşaqların övladlığa götürülməsi sahəsində vəziyyət və statistikanı diqqətə çatdırıblar.

Komitə sədrinin müavini Məlahət İbrahimqızı gündəliyin növbəti məsələsini təqdim edərkən bildirib ki, “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 30 dekabr tarixli Fərmana əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu dörd qurum - Dövlət Məşğulluq Agentliyi, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Sosial Xidmətlər Agentliyi yaradılıb. Bununla bağlı Əmək Məcəlləsində, “Sahibkarlıq fəaliyyəti haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanunlarda dəyişikliklər nəzərdə tutulub. Bu qanunların bir sıra maddələrində “müvafiq icra hakimiyyəti orqanı” sözlərinin “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilməsi təklif olunur. Belə ki, bu sənədlərdə nəzərdə tutulan səlahiyyətləri publik hüquqi şəxs statuslu Dövlət Məşğulluq Agentliyi, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Sosial Xidmətlər Agentliyi həyata keçirəcək.

Həmin qanunlarla bir paketdə daxil olan “Dövlət qulluğu haqqında” qanuna təklif olunan dəyişikliyə əsasən isə “Dövlət orqanı anlayışı” maddəsindən dövlət orqanının Dövlət Sosial Müdafiə və İşsizlikdən sığorta fondlarının büdcəsindən maliyyələşdirilməsi müddəası çıxarılır. Bu dəyişiklik həmin qurumların publik hüquqi şəxsə çevrilməsi və dövlət orqanı statusunu itirməsi ilə bağlıdır.

Sonra komitə üzvü Rauf Əliyev Əmək Məcəlləsində, Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və “Uşaq hüquqları haqqında” qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsi barədə məlumat verib. Bildirilib ki, qanunlara uyğunlaşdırma xarakterli bir sıra dəyişikliklər təklif olunur. Bu dəyişikliklərdə 18 yaşına çatmamış işçilərə əmək haqqı əvəzinə natural formada energetik içkilərin verilməsinin qadağan edilməsi, yaşı 18-dən az olan işçinin əməyinin tətbiqinin qadağan edildiyi iş yerlərinin dairəsinin genişləndirilməsi ilə bağlı və digər məqamlar ehtiva olunur.

Deputat İlham Məmmədov iclasda Əmək Məcəlləsində, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Təhsil haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsini təqdim etdi. Bildirildi ki, sənəd “Təhsil haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2018-ci il 12 iyun və “Ümumi təhsil haqqında” 2019-cu il 29 mart tarixli Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq hazırlanıb. Belə ki, “Təhsil haqqında” qanunun 6-1-ci maddəsi (Pedaqoji fəaliyyətlə məşğul olma) və “Ümumi təhsil haqqında” qanunun 27-ci maddəsi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ olan şəxslərin, eləcə də bu fəaliyyətlə məşğul olması qadağan edilən şəxslərin dairəsini müəyyənləşdirir. Adıçəkilən qanunlarda bununla bağlı müvafiq düzəlişlər nəzərdə tutulub.

Komitə üzvləri gündəlikdəki qanun layihələrini birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti