...

Gəncə şəhərində idarəçiliyin optimallaşdırılması müasir dövrün reallığıdır

Siyasət Materials 10 Sentyabr 2020 15:24 (UTC +04:00)
Gəncə şəhərində idarəçiliyin optimallaşdırılması müasir dövrün reallığıdır

Bakı. Trend:

10 sentyabr 2020-ci il tarixində Gəncə şəhərində fəaliyyət göstərən vətəndaş cəmiyyəti təsisatlarının nümayəndələrinin iştirakı ilə "Gəncə şəhərində idarəçiliyin optimallaşdırılması müasir dövrün reallığıdır" mövzusunda videokonfrans keçirilib.

Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə açan Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin idarə heyətinin sədri Mehman Xəlilov bildirib ki, son vaxtlar media və sosial şəbəkələrdə Gəncə şəhərinin Nizami və Kəpəz rayonlarının inzibati ərazi bölgüsünün ləğv edilməsi təşəbbüsü ilə bağlı yayımlanan məlumatlar ictimai təşkilatların da marağına səbəb olub. Bu videokonfrans da məhz həmin təşəbbüsün müzakirəsinə həsr edilib.

M.Xəlilov qeyd edib ki, respublikamızda dövlət idarəçiliyinin optimallaşdırılması, şəffaflaşdırılması, onun operativliyinin və səmərəliliyinin yüksəldilməsi ölkə başçısı tərəfındən həyata keçirilən islahətların tərkib hissəsidir. Bununla bağlı, müasir dövrün reallığına əsasən, Gəncə şəhərində də idarəçiliyin bir mərkəzdən həyata keçirilməsi daha səmərəli və optimal mexanizm olaraq paralelliyin aradan qaldırılmasına, qərarların çevik qəbul olunmasına, qəbul olunmuş qərarların icrasının səmərəliliyinin daha da artırılmasına və büdcə vəsaitlərinə qənaət olunmasına zəmin yarada bilər.

Təbii ki, idarəetmənin optimallaşdırılması müəyyən ixtisarların meydana çıxması ilə nəticələnəcəkdir, bu halda idarəçilik təcrübəsi olan mütəxəssislərin və digər işçilərin müvafiq işlərlə təmin edilməsi prosesin əsas komponentlərindən birini təşkil etməlidir.

Daha sonra çıxış edən "Bilik və Maarifçiliyin İnkışafı" İctimai Birliyinin sədri Camal Məmmədov, "Təmas" Regional İnkişaf İctimai Birliyinin sədri Kubra Ələkbərova, Gəncə Regional Məsləhət Mərkəzi İctimai Birliyinin icraçı direktoru Arif Cahangirov, Korrupsiyaya Qarşı Mübarizə Fondunun Gəncə şöbəsinin direktoru Muxtar Əsədov və digər iştirakçılar Gəncə şəhərində idarəçiliyin optimallaşdırılmasının qəbul edilən qərarların icrasının səmərəliliyinin artırılmasına və nəticə etibarı ilə idarəetmənin keyfiyyətinin yüksəldilməsinə şərait yaradacağını deyiblər. Qeyd edilib ki, təkrarlanan funksiyaları həyata keçirən icra strukturlarının mərkəzləşdirilməsi vətəndaşların müxtəlif məsələlərlə bağlı bir ünvana müraciət etməsi, yəni müraciət edənlərin rahatlığı, həmçinin vətəndaş məmnunluğunun artırılması baxımından əlverişli şəraitin yaradılması, mərkəzləşmiş idarəçiliyin tətbiqi nəticəsində vətəndaşların müraciətlərinə baxılma mexanizminin sadələşdirilməsinə, bürokratik əngəllərin aradan qaldınlmasına və insanların problemlərinin daha sürətli həllinə zəmin yaradacağını bildirdilər.

Gəncə şəhərində fəaliyyət göstərən vətəndaş cəmiyyəti təsisatlarının nümayəndələrinin iştirakı ilə keçirilən videokonfransın sonunda iştirakçılar tərəfindən Gəncə şəhərində idarəçiliyin optimallaşdırılması vasitəsi ilə idarəetmə sistemində həyata keçiriləcək təkmilləşmələrin bir sıra aspektləri ətrafında müzakirələr və fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti