...

8 Noyabr Azərbaycan tarixinə şanlı və müqəddəs gün kimi düşdü - Politoloq

Siyasət Materials 9 Noyabr 2020 13:26 (UTC +04:00)
8 Noyabr Azərbaycan tarixinə şanlı və müqəddəs gün kimi düşdü - Politoloq

Bakı. Elçin Mehdiyev – Trend:

“Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” deyən dahi Heydər Əliyevin arzusunu Prezident İlham Əliyev “Əziz Şuşa, sən azadsan” deyərək realizə etdi.

Bunu Trend-ə politoloq Şəbnəm Həsənova deyib.

Ş.Həsənova bildirib ki, bundan sonra 8 Noyabr tarixi Azərbaycan tarixində böyük gündür, şanlı və müqəddəs gündür. Ş.Həsənova bildirib ki, ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Şuşa şəhərinin işğaldan azad edilməsini rəsmən elan etdikdən sonra Respublikanın hər bir tərəfində bayram ab-havası yaşanır:

“İndi nəinki şuşalılar, bütün Azərbaycan o müqəddəs ocağa qayıdacağı günü səbrsizliklə gözləyir. Şuşanın işğaldan azad olunduğu xəbərini verərkən "Mən xoşbəxt adamam ki, atamın vəsiyyətini yerinə yetirdim. Şuşa işğaldan azad olundu" deyən İlham Əliyev 1982-ci ildə Şuşaya 21 yaşlı gənc kimi atası, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevlə getmişdisə, bu dəfə Azərbaycan Respublikasının Prezidenti, Şuşanı işğaldan azad edən Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı olaraq ayaq basacaq, beləliklə də müqəddəs Qarabağ torpağına ayaq basan bir lider kimi tarixə düşəcək.

İllər boyu davam etmiş kədər, həsrət, faciəli hadisələrdən sonra tarixi ədalət bərpa olunur və Azərbaycan xalqı təsvirəgəlməz qürur və sevinc hissləri keçirir. Bizə bu hissləri yaşadan Ali Baş Komandanımız İlham Əliyev və Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi uğrunda canından-qanından keçən rəşadətli əsgər və zabitlərimizdir.

“Dağlıq Qarabağ Azərbaycan torpağı, beynəlxalq səviyyədə tanınan ərazimiz olmaqla yanaşı, ədalət məsələsidir, Azərbaycanın milli qürur məsələsidir” deyən cənab Prezident bu gün Azərbaycan xalqını qürurlu xalq kimi dünyaya tanıdır. Bu günə kimi nə keşməkeşli yollardan keçdi ölkə başçımız. Lakin heç zaman əyilmədi, sınmadı, ədalətin, həqiqətin gözünün içinə alnıaçıq, başı dimdik baxdı. Milli həmrəylik, xalqın etimadı, inamı və dəstəyi sayəsində bizim Prezidentimiz bütün diplomatik təzyiqlərə də sinə gələrək, bütün mürəkkəb məsələlərin öhdəsindən uğurla, ləyaqətlə gəlməyi bacardı. Çünki o xalqımızı oddan-alovlardan, məhv olmağın astanasından qurtaran Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev siyasətinin layiqli davamçısıdır. “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” deyən Ümummilli liderin nə qədər dahi və uzaqgörən şəxsiyyət olduğu hər keçən gün sübut olunur. Prezident İlham Əliyev bütün Azərbaycanın inamını və ümidlərini doğruldur.

Bütün uğurlarımız kimi bu uğurumuzun da kökündə duran ən başlıca amil xalq-Prezident birliyidir. Bu gün böyükdən-kiçiyə hər kəsin dilində bir söz var o da Ali Baş Komandan İlham Əliyev! Bu gün hər kəs onun çıxışlarını əzbər bilir. Bu gün hər kəs onun müraciətini dörd gözlə gözləyir. Bu gün onun hər bir sözü bizim üçün yaddaş kitabçasıdır. Bizə bu sevinci, bu qüruru, bu iftixarı yaşadan mərd Azərbaycan oğlu Ali Baş Komandan başda olmaqla bütün əsgər və zabitlərimizdir. Müasir dünyamızda Cənab Prezidentin rəhbərliyi altında bu gün Azərbaycan xalqı özünü qürurlu, cəsarətli, yenilməz xalq kimi bir daha təsdiq etdi. Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni tarix yazır, yeni reallıqlar diktə edir. Vətənimizi müdafiə edən və tarixi dədə-baba torpaqlarımızı işğaldan azad edən ərənlərimizin hər biri öz adlarını Azərbaycan tarixinə qızıl hərflərlə yazır. Azərbaycanın şanlı, üçrəngli bayrağı Şuşada dalğalanır. "Şuşada körpələr bələkdə belə muğam üstündə ağlarlar" deyə bir kəlam var. İndi isə bütün kəlamlarımızı sevinc gözyaşlarımız bəzəyir. İllər boyu gözəl Qarabağın, onun musiqi və poeziya beşiyi Şuşanın şərəfinə bir sıra şairlərimiz şeirlər yazmışlar. İndi isə hər bir siravi vətəndaş Şuşanın şanına şeirlər yazır, zümzümələr edir. Çünki nəinki Azərbaycanın, bütün Qafqazın incisi olan Şuşa mədəniyyətimizin beşiyidir, Şuşa Azərbaycanın muğam avazlı yarıdır. Şuşa, Qarabağ Azərbaycandır!

“Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” deyən dahi Heydər Əliyevin bu arzusunu bu gün cənab Prezident İlham Əliyev “Əziz Şuşa, sən azadsan.” deyərək realizə etdi”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti