...

Ordumuz ərazi bütövlüyünü təmin edən bir ordu kimi paradda iştirak edəcək - Hərbi ekspert

Siyasət Materials 9 Dekabr 2020 19:34 (UTC +04:00)
Ordumuz ərazi bütövlüyünü təmin edən bir ordu kimi paradda iştirak edəcək - Hərbi ekspert

Bakı. Samir Əli - Trend:

Hərbi gücün və imkanların nümayişi ya müharibədə, ya da hərbi paradlarda olur.

Bunu Trend-ə açıqlamasında hərbi-siyasi ekspert Ramil Məmmədli deyib. O bildirib ki, Azərbaycan Ordusu döyüş meydanında qısa müddət ərzində öz gücünü nəinki Ermənistana, eləcə də bütün region və dünyaya nümayiş etdirdi:

"Müasir döyüş taktikası və strategiyası əsasında ordumuz qısa müddətdə torpaqlarımızı işğalçılardan təmizlədi. Həmin ərazilərdə Azərbaycan qanunlarının bərqərar olmasına nail olduq. Nəticədə Ermənistan təslimçilik bəyanatına imza atdı. Bütün bunların məntiqi davamı isə hərbi paradın keçirilməsidir. Azərbaycan ordusu bu hərbi paradda həm hərbi potensialını nümayiş etdirəcək, həm də beynəlxalq aləmə öz mesajlarını vermiş olacaq. Biz bununla bildirəcəyik ki, ölkəmizə qarşı edilən istənilən təhdid və hücumlar mənasızdır. Paradın təbliğat baxımdan bunun böyük əhəmiyyəti olacaq.

Xatırlayıram ki, "Azadlıq" meydanında müxtəlif dövrlərdə paradlar keçiriləndə biz məhz hər zaman qələbə paradının keçirilməsi arzularını dilə gətirmişik".

Hərbi ekspert bildirib ki, bu dəfə Azərbaycan Ordusu düşmən ordusunu darmadağın edən, düşmənə qalib gələn, ərazi bütövlüyünü təmin edən bir ordu kimi paradda iştirak edəcək:

"Bunun əhəmiyyəti həddindən artıq böyükdür. İndiyə qədər keçirilən paradla, sabah keçiriləcək hərbi nümayiş arasında ən böyük fərq bundadır. Ermənistan silahlı qüvvələrinə məxsus texnikaların nümayişi isə parada daha bir fərqlilik verəcək. Bununla da dövlətimiz darmadağın edilmiş Ermənistan ordusunun qalıqlarını dünyaya nümayiş etdirəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti