...

Zəfər paradı xalqımız üçün sevincli və qürurlu hadisə idi - Deputat

Siyasət Materials 10 Dekabr 2020 15:05 (UTC +04:00)
Zəfər paradı xalqımız üçün sevincli və qürurlu hadisə idi - Deputat

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Bakıda keçirilən möhtəşəm Zəfər paradı hər bir Azərbaycan vətəndaşı, dünyada yaşayan bütün soydaşlarımız üçün sevincli və qürurlu, tarixi baxımdan böyük əhəmiyyətə malik bir hadisə idi.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuz 30 ilə yaxın müddət ərzində erməni işğalında qalan Azərbaycan torpaqlarını azad edərək böyük qələbəmizi təmin etdi:

“Bununla da tarixi Azərbaycan torpaqlarında yenidən şanlı Azərbaycan bayrağı dalğalandı. Bu, sadəcə hərbi əməliyyat deyildi, bu, Azərbaycan xalqının arzusunu reallaşdırmaq, iradəsini həyata keçirmək, xalqın 30 illik həsrətinə son qoymaq, Azərbaycanımızı bütövləşdirmək, pozulmuş ədaləti bərpa etmək və daha çox amallar uğrunda olan bir savaş idi və xalqımız bu savaşdan alnıaçıq, üzüağ, qalib xalq kimi çıxdı, xalqımızın nə qədər möhkəm, həmrəy və birlik olduğunu dünyaya göstərdi”.

Deputat bildirib ki, torpaqlarımızın işğalına son qoymaq, Zəfər paradı keçirmək xalqımızın çoxdankı arzusu idi: “Bu arzu bu gün gerçək oldu, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan ordusu xalqımızın bu arzusunu gerçəyə çevirdi, xalqımız bu xoş, qürurlu günü gördü. Bu paradı bütün dünyada yaşayan soydaşlarımız, Azərbaycanın dostları böyük qürurla, düşmənimiz isə məyusluqla izlədi. Paradda düşmənin məhv edilmiş və qənimət götürülmüş hərbi texnikalarının nümayişi isə onun acı məğlubiyyətinin göstəricisi idi.

Hərbi paradda Türkiyənin dövlət başçısı, Azərbaycanın dostu Rəcəb Tayyib Ərdoğanın, Türkiyənin hökumət üzvlərinin, türk hərbçilərinin iştirakı isə iki qardaş ölkənin sarsılmaz birliyindən, xoş gündə də, pis gündə də daim bir-birinin yanında olacaqlarından xəbər verir”.

Millət vəkilinin sözlərinə görə, bugünkü paradda Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycan xalqı öz müstəqilliyini, birliyini, möhkəmliyini qorumaq əzmində və gücündədir və bu məsələdə heç kim ona mane ola bilməz:

“Artıq Azərbaycan xalqı qalib xalqdır, bizim güclü liderimiz və ordumuz var, ərazi bütövlüyümüzü təmin etmişik, tarixi torpaqlarımızı düşmən tapdağından azad etmişik. Bundan sonra Azərbaycan daha da güclənəcək, inkişaf edəcək, xalqımız daha gözəl, firavan yaşayacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti