Bakı. Ceyhun Ələkbərov - Trend:
Keçirilən Zəfər paradı Azərbaycan ordusunun qələbəsini dünyaya rəsmən elan etmək məqsədi daşıyırdı.
Bunu Trend-ə açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib. Onun sözlərinə görə, bu paradın Ermənistanın dəstəklədiyi separatçı rejimin müstəqilliyini elan etdiyi 10 dekabr günündə keçirilməsi, mənəvi və psixoloji baxımından düşmənə böyük bir zərbə oldu:
"Paradda nüamyiş olunan texnikaların bəziləri və o cümlədən yeni yaradılan korpus ilk dəfə idi ki, ictimaiyyətə təqdim olundu. Bu paradın digər vacib əhəmiyyəti də Azərbaycanla rəqabət aparan ölkələrə əzələ nümayişi kimi də qəbul etmək olar. Birinci və İkinci Qarabağ müharibələrində iştirak etmiş generalların parada komandanlıq etməsi, Xüsusi Təyinatlı Qüvvələrə rəhbərlik etməsi, Azərbaycanda vətəranlara göstərilən bir diqqətin nümunəsi idi. Həm dost, həm də strateji ölkə olan Türkiyənin də bu paradda iştirak etməsi xüsusi önəm daşıdı. Təbii ki, 102 il əvvəl Türkiyə hərbçiləri Azərbaycana xilaskar kimi daxil olmuşdularsa, bu gün onlar qardaş ölkəni təbrik etmək üçün gəlmişdilər.
Bu paradın digər bir əhəmiyyəti Azərbaycan ordusunun İsraillə Türkiyə silahlarından istifadə etməkdə günahlandıran ölkələrə bir mesaj verilmiş oldu. Burada bu ölkələrlə yanaşı, biz Rusiya istehsalı olan texnikaları və o cümlədən Azərbaycan Müdafiə Sənayəsinin məhsulları, yerli zirehli texnikaları müşahidə etdik.
Ə.Verdiyev qeyd edib ki, Azərbaycan ordsunun bir hissəsi azad olunmuş ərazilərdə hələ də iştirak edir, o zaman bu qədər də əlavə texnikanın Bakıda olması ordumuzun son illərdə daha böyük döyüş potensialı əldə etdiyini nümayiş etdirdi:
“Bundan əlavə, biz paradda Quru Qoşunlarının tərkibinin daha da genişləndiyinin şahidi olduq. Yeni korpusun yaradılması tək bir hərbi hissə deyil, bu birliyin tərkibinə daxil olan 10-larla yeni hərbi hissənin yaradıldığını və silahlandığını göstərir. Bir daha məlum oldu ki, Azərbaycan qısa bir müddət ərzində, 44 günlük müharibənin ilk günlərindən bu korpusu formalaşdırmışdı. Deməli, Azərbaycan bir neçə gün ərzində 10 minlərlə insanı könüllü olaraq orduya cəlb etməklə bir daha insan resursları baxımından düşmən ölkədən dəfələrlə üstün olduğunu göstərdi.
Nəzərə alaq ki, düşmən ölkənin silahları olsa da belə onları təhkim edə biləcək şəxsiyyət tapa bilmədilər. Ermənilərin kütləvi şəkildə ordudan yayınması, fərariliyin artması və Azərbaycan Silahlı Qüvvələrinin fərqli və müxtəlif döyüş texnikalarından istifadə etməsi bu müharibənin taleyini həll etdi”.