Bakı. Elçin Mehdiyev – Trend:
Bu gün Azərbaycan beynəlxalq aləmin layiqli üzvü və dünya birliyinin etibarlı tərəfdaşıdır. Müstəqiliyinin ilk illərindən başlayaraq ərazisinin 20%-i işğal altında olan və bir milyondan artıq qaçqın və məcburi köçkün problemi ilə üz-üzə qalan Azərbaycan üçün bu statusu əldə etmək asan olmayıb, bu istiqamətdə uzun və məşəqqətli yol keçilib.
Bunu Trend-ə politoloq Şəbnəm Həsənova deyib.
Ş.Həsənova bildirib ki, Ümumilli lider Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk günlərdən etibarən dövlət, ordu quruculuğu, iqtisadiyyatın dirçəldilməsi, region və dünya dövlətləri ilə münasibətlərin demək olar ki, sıfırdan qurulması, beynəlxalq təşkilatlarla əməkdaşlığa başlanılması bu hədəfə aparan ana sütunlar olmuşdur:
“Faktlar da təsdiqləyir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında 17 ildə bu məsələlər daha da genişləndirilmiş, həyata keçirilən uğurlu daxili və xarici siyasət Azərbaycanın beynəlxalq aləmdəki reytinqini getdikcə artırmışdır. Elə bunun məntiqi izahıdır ki, daha əvvəlki illərdə dünya Azərbaycanı məğlub ölkə kimi tanıyırdısa, bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan qalib və qürurlu xalq kimi tanınır. Dünya mətbuatı və xalqları Azərbaycanı 21-ci əsrin müharibəsini qələbə ilə yekunlaşdıran xalq kimi tanıyır. Bütün bunlar ölkəmizin mövqeyini daha da möhkəmləndirir, reytinqini yüksəldir.
Eyni zamanda, ölkəmizin bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etməsi də bu qəbildən olan məsələlərdir. Bütün bunlar ölkəmizin dünya dövlətləri arasında özünü etibarlı tərəfdaş kimi sübut etməsi, eyni zamanda, dünyada sabitlik məkanı kimi tanıtması nəticəsində mümkün olub. Bütövlükdə, ötən il tarixə əsaslı islahatlar ili kimi daxil oldu. Siyasi, iqtisadi, kadr, struktur və sosial sahələrdə aparılan islahatlar Azərbaycanın gücünü daha da artırdı. Regional və beynəlxalq layihələrin uğurlu icrası bu işlərə təkan verən əsas məsələlərdən oldu”.
Politoloqun sözlərinə görə, bu gün dünya ölkələrinin bir çoxunda ictimai-siyasi həyatda hökm sürən gərginliyin, kütləvi etiraz aksiyalarının və münaqişələrin artdığının, hətta bəzi dairələrin dini amildən bir vasitə kimi istifadə edərək, sülhə və təhlükəsizliyə təhdid törətdiyinin şahidi oluruqsa, belə bir çətin şəraitdə Azərbaycanın, sözün həqiqi mənasında, əsl tolerantlıq nümunəsi olduğunu görürük:
“Məhz bu amilin əks-sədası ölkəmizin sərhədlərini aşaraq, dünyanın bir çox dövlətlərində də geniş rezonans doğurur. Ölkəmiz bu istiqamətdə bir çox mühüm beynəlxalq tədbirlərə də ev sahibliyi edib. Heç çəkinmədən deyə bilərik ki, bu gün Azərbaycan bütün dünyada dinlərin nümayəndələri arasında qarşılıqlı anlaşmanın, qardaşlıq və həmrəylik hisslərinin bərqərar olmasına öz mühüm töhfəsini verir və elə bu baxımdan da dünyaya nümunədir. Ölkəmizin dünyaya təqdim etdiyi tolerantlıq və birgəyaşayış nümunəsi münaqişələrin və toqquşmaların aradan qaldırılmasına xidmət edən əsas meyarlardan biridir.
Dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində respublikamız səylərini durmadan davam etdirir. Azərbaycanda mədəniyyətlərarası dialoq, multikulturalizm, həmçinin müsəlmanlar, xristianlar və yəhudilər arasında hökm sürən harmoniya bu gün daha da möhkəmlənmişdir. Bunlarla yanaşı, bütün dünyanın COVID-19-dan əziyyət çəkdiyi bir zamanda koronavirus pandemiyasına qarşı aparılan mübarizədə də Azərbaycan öz vətəndaşlarının sağlamlığının qorunması baxımından dünyada nümunəvi dövlətlər sırasında yer alır. Əminliklə deyə bilirik ki, Azərbaycan dünya birliyinə inteqrasiya edərək beynəlxalq aləmin layiqli üzvünə çevrilməkdə fədakar fəaliyyətini davam etdirir”.