Bakı. Ceyhun Ələkbərov - Trend:
Ermənistan dövləti münaqişənin başladığı ilk günlərdən bu günə kimi, bəlkə də 100 dəfələrlə həqiqətə uyğun olmayan, reallığı əks etdirməyən infromasiyalar yaymaqla məşğul olub. Bir növ biz cəmiyyət olaraq bu cür informasiyalara alışmışıq, erməni siyasi rəhbərliyini, onların maraqlarını təmsil edən xarici mətbuatın açıqlamlarına öyrəşmişik.
Bunu Trend-ə açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. Onun sözlərinə görə, Azərbaycan vətən müharibəsində hər bir rayonu işğaldan azad edərkən fərqli döyüş metodlarından istifadə etdi. Fərqli qoşun növlərinin qarşılıqlı əməliyyat metodları tətbiq edildi. Azərbaycan ordusunun bu müharibədə göstərdiyi qəhrəmanlıq NATO generalları tərəfindən təqdir edildi. Bizi sevməyən ölkələr belə Azərbaycanın Vətən müharibəsində işlətdiyi metodlardan istifadə etməyin lazım olduğunu etiraf etməli oldular:
"İndi isə ermənilərin Şuşanın Azərbaycana döyüşsüz verilməsi, guya Paşinyanın qüvvələri Şuşadan geri çəkməsi və Azərbaycan tərəfinə qələbə şəraiti yaratması kimi iddialar işlətməsi, bir tərəfdən Azərbaycan ordusunun uğurlarını kiçiltməyə, digər tərəfdən isə özlərinə daxili müxalifət yönümdən bəlli bir dividentlər qazandırmaq məqsədi daşıyır. Mən bir neçə gün öncə Şuşada Vətən müharibəsi qəhrəmanı ilə və əsgərlərlə görüşmüşəm, həmin əraziləri, mövqeləri gəzmişəm. Döyüşün izləri qaldığı ərazilərdə olmuşam, Şuşada erməni vəhşiliklərini görmüşəm. O zaman sual olunur, əgər Şuşa bizə elə-belə təhvil verilibsə, oradan toplanan 800 erməni meyiti nə demək idi. O cümlədən bu günə kimi 1500 erməni meyiti Qarabağ ərazisindən toplanaraq öz ölkələrinə təhvil verilib, yaxşı bəs buna cavabları nədir? Erməni ictimaiyyəti? xüsusən də bu fikiləri səsləndirən şəxslər qeyd etdiyim suallara cavab tapsınlar, ondan sonra bu absurd fikirləri paylaşsınlar".
Ə.Verdiyev qeyd edib ki, Şuşa zəfəri Azərbaycan ordusunun dünya hərb tarixində ilk dəfə yüngül silahlarla silahlanaraq tank və artilleriya ilə qorunan bir şəhərin ələ keçirilməsinin yeganə nümunəsidir:
"Bu günə kimi hərb tarixində belə bir şey olmayıb ki, atıcı silahlarla silahanan hərbçilər, zirehli texnikalarla qayaların üzərində qorunan şəhəri azad etsinlər. Bunlar tarix kitabına düşəcək, bunlar dünya hərb tarixçiləri tərəfindən araşdırılacaq. Ondan sonra "Şuşa Azərbaycana döyüşsüz verildi" deyənlər özlərinə girməyə dəlik axtaracaqlar.
Şuşa əməliyyatında iştirak edən, xüsusilə də əməliyyatın hazırlanması və həyata keçirilməsini idarə edən zabitlər, hərbi akademiyanın müəllim, professor heyəti ilə bu döyüşlərin açıqlana biləcək qədər detallarının dərsliklərdə əks olunması üçün müəyyən tədbirlər keçirilməlidir. Bu işdə tələskənliyə yol vermək olmaz, bir ay, beş ay, yaxud bir il sonra olsun, amma bu çox detallı, çox incəliklərinə qədər araşdırılmış mövzu olaraq dərsliklərə salınmalıdır. Bu, Azərbaycan ordusunun bundan sonrakı 100 illiklər boyunca hərb tarixinə damğa vuran bir səhifə kimi qalmalıdır".
Hərbi ekspert əlavə edib ki, Şuşa qələbəsi Azərbaycan xalqının son 200 ildə əldə etdiyi ən möhtəşəm qələbədir, düşmənin tamamilə darmadağın olunmasını şərtləndirən zəfərdir. Bu qələbə xalqımızın, millətimizin qəlbində, mənəviyyatında, ruhunda daim yaşayacaq.