Bakı. Ceyhun Ələkbərov - Trend:
Ağdamda fəaliyyətə başlayan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi sülhməramlıların fəaliyyətinin nizamlanması və onların funksiyalarının daha effektiv şəkildə yerinə yetirilməsi üçün müstəsna əhəmiyyətə malikdir.
Bunu Trend-ə açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. Onun sözlərinə görə, 2020-ci il noyabrın 11-də Rusiya və Türkiyənin müdafiə nazirləri arasında imzalanan atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin yaradılması barədə memorandum xüsusi əhəmiyyət kəsb edir. Mərkəzin fəaliyyəti regionda uzunmüddətli sülhün və təhlükəsizliyin bərqərar olmasına öz töhfəsini verəcək.
Ə.Verdiyev qeyd edib ki, Qarabağ ərazisində yerləşdirilən Rusiya sülhməramlılarının fəaliyyətinə birbaşa nəzarət edəcək Monitorinq Mərkəzinin özü də qərargah tərəfindən idarə ediləcək:
"Həmin qərargaha Rusiya və Türkiyə tərəfindən eyni sayda hərbçi qatılacaq. Mərkəz Rusiya və Türkiyə hərbçilərinin regiondakı gələcək əməkdaşlığı üçün müəyyən imkanlar yarada bilər. Ümumilikdə isə Monitorinq Mərkəzindən gözləntilər çoxdur və sözügedən ölkələrin Azərbaycan ərazisində yarandılan hərbi mərkəzdə birgə fəaliyyət göstərməsi regionun gələcək inkişafı, sabitliyi üçün də böyük perspektivlər açır. Çünki həm Rusiya, həm Azərbaycan və Türkiyənin, həm də Ermənistanla yanaşı, İran və Gürcüstanın birgə əməkdaşlıqla inkişafı məhz regionda sabitliyin və sülhün bərqərar olmasından keçir”.
Xatırladaq ki, Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi yanvarın 30-da fəaliyyətə başlayıb. Mərkəzin açılışını Azərbaycanın müdafiə naziri Zakir Həsənov, Türkiyə müdafiə nazirinin müavini Yunus Əmrə Qaraosmanoğlu və Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin ediblər. Yeni salınan Monitorinq Mərkəzinin sahəsi 4 hektara yaxındır və ərazidə 65 ədəd modul tipli xidməti, inzibati və yaşayış otaqları inşa olunub. Burada Türkiyə və Rusiya tərəfdən 60 hərbi qulluqçu (ümumilikdə 120 nəfər) xidmət göstərəcək.
Mərkəzdə Türkiyəni təmsil edən şəxsi heyətə general-mayor Abdullah Katırcı, Rusiya şəxsi heyətinə isə general-mayor Viktor Fedorenko rəhbərlik edəcək. Rusiya və Türkiyənin paritet əsasda təmsil olunduğu Birgə Mərkəzin heyəti vəziyyətə nəzarət və atəşkəsin monitorinqini pilotsuz uçuş vasitələrindən istifadə etməklə yerinə yetirəcək.