Bakı. Elçin Mehdiyev – Trend:
Fevralın 10-da GUAM Parlament Assambleyasının videokonfrans formatında 15-ci Büro iclası keçirilib.
Milli Məclisdən Trend-ə verilən məlumata görə, iclasda GUAM PA-nın sədri, qurumda Azərbaycan nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev və nümayəndə heyətinin üzvü Nəsib Məhəməliyev iştirak ediblər.
Tədbirdə GUAM Parlament Assambleyasının komitələrində 2021-ci il üçün milli nümayəndə heyətlərinin tərkibinin təsdiqlənməsi, Büronun növbədənkənar iclasının nəticələri, Gürcüstandakı Parlament seçkilərində qurumun müşahidə missiyasının işi, GUAM PA-nın 13-cü iclasının Bəyannamə layihəsi və digər məsələlərə baxılıb.
Müzakirələr zamanı GUAM PA-da Gürcüstan nümayəndə heyətinin rəhbəri Georgiy Xelaşvili, Ukrayna nümayəndə heyətinin rəhbəri Svyatoslav Yuraş, Moldova nümayəndə heyətinin rəhbəri Aleksandru Jizdan gündəlikdəki məsələlər barədə öz fikirlərini açıqlayıblar.
GUAM PA-nın Baş katibi Altay Əfəndiyev əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinə dair öz rəy və təkliflərini diqqətə çatdırıb.
Tədbirdə GUAM Parlament Assambleyasına sədrlik Azərbaycandan Gürcüstana təhvil verilib.