Bakı. Ceyhun Ələkbərov - Trend:
Ermənistanın baş naziri Nikol Paşinyan verdiyi müsahibə zamanı eks-prezident Serj Sarkisyanın Rusiyadan alınan “İsgəndər” raketlərinin Qarabağ döyüşlərində tətbiq edildiyini, sadəcə raketlərin 10 faiz səmərəli olduğunu deyib və bunu raketlərin köhnə olması ilə əlaqələndirib. Paşinyanın bu açıqlaması istehsalçı şirkətdən tutmuş, Rusiyanın hakim dairələrinə qədər bir çoxlarının narazılığa səbəb olub.
Bunu Trend-ə açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. Onun sözlərinə görə, taktiki raket 10 faiz partlamaya və ya partlaya bilməz. Raket ya partlamalıdır, ya da partlamalı deyil:
"Əvvəlcə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Tiqran Xaçatryanın, ardınca isə Paşinyanın istefasını tələb edən Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyanın ordu sıralarından uzaqlaşdırılması məhz bu açıqlama ilə bağlıdır. Hazırda Ermənistanda hərbi-siyasi vəziyyət çox gərgindir. Paşinyan tərəfdarlarını meydanlara çağırıb.
Moskvanın Paşinyana adekvat və rəsmi cavabı hələ səsləndirilməyib, lakin bu, özünü yəqin ki, çox gözlətməyəcək. Çünki, bu bəyanat növbəti dəfə Rusiya silahının nüfüzuna endirilən növbəti, həm də xain və sarsıdıcı bir zərbə oldu. Rusiya davamlı olaraq Ermənistanı silahlandırıb, Moskva bir gecənin içində özünü Xankəndinə çatdırıb ki, erməni ordusunun qalıqları heç olmasa mühasirəyə düşməsin. Nankor erməni isə Rusiyanın Belarusa nağd pula belə verilməyən, Ermənistana isə kredit adı ilə verilən silahların yararsız olduğunu sübut etməyə çalışır. Həm də bütün bunlar Rusiyadan erməni ordusunu yenidən yaratmaq üçün silah xahiş edildiyi bir vaxtda səsləndirilir. Əslində, dəyişən heç nə yoxdur. Ermənistan öz xain prinsiplərinə yenə də sadiq qalıb".
Ə.Verdiyev qeyd edib ki, indi Paşinyan dediklərini mütləq isbat etmək üçün Ermənistandan Azərbaycana nə vaxt, neçə raket və kimin əmri ilə atıldığını, atılan raketlərdən neçəsinin açılmadığını, raketlərdə neçəsi və hansı hədəfi məhv etdiyini açıqlamalıdır:
"Paşinyan bu suallara cavabı səmimiyyətlə açıqlasa, bəlkə müxalifət təzyiqindən bir qədər xilas olacaq, lakin bu, Rusiyanı qane etməyəcək. İstənilən halda, belə bir sual yaranacaq: 2 il yarım hakimiyyətdə olan Paşinyan əlində mövcud olan ən “güclü” silahının imkanlarını bu müddət ərzində niyə yoxlamayıb? Yoxlayıbsa və onlar yararsız çıxıbsa, o zaman niyə yararlı silahları əldə etməyib?
İstənilən halda Ermənistanın həm son hərbi fəaliyyətləri, həm də erməni liderlərin rus silahlarının etibarsızlığı barədə açıqlamaları, Moskvanın silah bazarındakı zəifləyən mövqelərini dərindən sarsıdacaq. Kremlin artıq Paşinyanla başqa dildə danışa bilmədiyini də müşahidə edirik. Rusiya isə belə bir xain addımları çətin ki, rahatlıqla həzm edəcək. Buna görə də yaxın gələcəkdə Ermənistanda hadisələrin daha da gərgin bir səviyyəyə çatacağının, bəlkə də vətəndaş qarşıdurmasının başlanacağının şahidi olacağıq. Rusiyanın erməni hərbçilərdən Paşinyana qarşı istifadə ehtimalı çox böyükdür".
Hərbi ekspert əlavə edib ki, baş verənlərdən görünür ki, Ermənistan Rusiya silahları barədə yaradılan yüksək texniki imkanlar barədə saxta mifləri sanki bilərəkdən və ən qısa müddətdə dağıtmağa çalışır. Məsələnin digər tərəfi isə keçmiş və indiki Ermənistan hakimiyyətinin Azərbaycanın dinc əhalisinə qarşı “İskəndər” OTRK-dan atəş faktını etiraf etməsidir. Bu faktlar isə Qarabağla əlaqəsi olmayan Azərbaycan ərazilərində yüzlərlə insanın, o cümlədən 2 yaşında yatan körpənin qanına bais olan Ermənistan siyasi rəhbərliklərinin iç üzünü dünya ictimaiyyətinə bir daha nümayiş etdirdi.