...

BMT Şurasında peyvəndlə bağlı qətnamənin qəbulu beynəlxalq aləmdə ölkəmizin nüfuzunun göstəricisidir - Deputat

Siyasət Materials 25 Mart 2021 11:20 (UTC +04:00)
BMT Şurasında peyvəndlə bağlı qətnamənin qəbulu beynəlxalq aləmdə ölkəmizin nüfuzunun göstəricisidir - Deputat

Bakı. Elçin Mehdiyev - Trend:

23 mart 2021-ci il tarixində BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edilməsinə 133 ölkə dəstək verib. Bu, BMT İnsan Hüquqları Şurasında qəbul edilən qətnamələr üçün olduqca yüksək göstəricidir.

Bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Deputat bildirib ki, həm qətnamənin müəllifləri, həm də bu qətnaməyə dəstək olan ölkələr sırasında demək olar ki, planetimizin bütün qitələrini təmsil edən ölkələr mövcuddur:

“Burada dünyanın fərqli regionlarında yerləşən, iqtisadi göstəriciləri kəskin fərqlənən, həm ən yüksək inkişaf etmiş ölkələr, həm inkişaf etməkdə olan ölkələr var, fərqli siyasi qruplar təmsil olunur. Bu, bir daha dünyada, beynəlxalq aləmdə Azərbaycanın yüksək nüfuza malik olan bir ölkə olmasının göstəricisidir. Həmçinin də diplomatik müstəvidə Azərbaycanın növbəti uğurudur.

Bildiyiniz kimi, pandemiya başlanan zamandan Azərbaycan COVİD-19-la mübarizə üzrə bir çox təşəbbüslərin müəllifi olub, yəni Azərbaycan həm bu təşəbbüslərin müəllifi olub, həm də bu istiqamətdə əməli addımlar atan, öndə gedən ölkələrdən biridir. İlk gündən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz tərəfindən koronavirusa qarşı regional və qlobal səviyyədə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə bu təşəbbüslər irəli sürülüb və beynəlxalq səviyyədə də 30-dan artıq ölkəyə Azərbaycan tərəfindən humanitar yardımlar edilib”.

Deputat xatırladıb ki, Azərbaycanın təşəbbüsü ilə Türk Əməkdaşlıq Şurasının ilk dəfə olaraq onlayn formatda koronavirusa qarşı mübarizə istiqamətində tədbiri keçirildi: “Daha sonra isə Qoşulmama Hərəkatının sədri olaraq Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə mayın 4-də Qoşulmama Hərəkatının Təməl qrupunun pandemiyaya həsr edilmiş onlayn zirvə görüşü baş tutdu. Həmin zirvə görüşündə bir sıra nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri də iştirak edirdi. Təmas Qrupunun görüşündə Azərbaycan tərəfindən də təklif edilmişdir ki, BMT səviyyəsində xüsusi sessiya keçirilsin və bu sessiya da 2020-ci il dekabr ayının 3-4-də təşkil edildi. Yalnız pandemiya ilə bağlı beynəlxalq səviyyədə həyata keçirilən tədbirlər sırasında bu, artıq Azərbaycanın növbəti uğuru, Ermənistanın isə məğlubiyyəti idi.

BMT çərçivəsində keçirilən xüsusi sessiya ilə bağlı da dünya dövlətləri hamısı konsessusa qoşuldu, yalnız Ermənistan etiraz etmişdir və bu da bir daha Ermənistanın əsl mahiyyətini dünyaya göstərmişdi. COVİD-19 İkinci Dünya müharibəsindən sonra bəşəriyyət üçün ən böyük bəladır və buna qarşı mübarizə üçün də qlobal səviyyədə bir platforma yaradılmalı idi. Bundan irəli gələrək Azərbaycan dünya dövlətlərinin birgə fəaliyyəti üçün bir plaftormanın yaradılmasını təklif etmişdi, yəni qlobal bir bəlaya qarşı bütün dünyanın birləşməsi lazım idi. O zaman da yalnız Ermənistan buna qarşı çıxış etmişdi, çünki bu təşəbbüsün müəllifi Azərbaycan idi. Bu, Ermənistanın irrasional düşüncəsinin nəticəsi idi və Azərbaycanfobiyanın bir təzahürü idi. İndi yenidən, növbəti dəfə BMT sessiyasında Azərbaycanın təklifi ilə belə bir qətnamənin qəbul edilməsinə yenə də Ermənistan əks çıxış edib və özünü rüsvay edib. Ermənilər qətnamənin qəbul edilməsinə mane olmağa çalışıblar, lakin növbəti dəfə uğursuzluğa məruz qalaraq rüsvay olublar.

Belə ki, Ermənistandan olan nümayəndə qətnaməyə mane olmağa çalışaraq məsələləri siyasiləşdirməyə çalışıb və guya ki, Azərbaycanda 2020-ci ilin noyabrında “ermənilər yaşayan Qarabağ”da dezinfeksiya aparılmasını əks etdirən poçt markası dövriyyəyə buraxılmışdı. Guya bununla Azərbaycan belə bir mesaj verirdi ki, ermənilər virusdur və buna görə də aradan qaldırılmalıdır. Daha sonra Ermənistan nümayəndəsi Azərbaycanda guya ermənilərə qarşı nifrət zəminində çıxışların edildiyini, etnik təmizləmə aparıldığını iddia edib. Onlar bu cür əsassız fikirləri siyasiləşdirməyə çalışmaqla qətnaməyə etiraz etmələrini əsaslandırmağa cəhd ediblər və bir daha rüsvay olublar.

Azərbaycan növbəti dəfə beynəlxalq müstəvidə öz uğurunu qazandı. Ermənistan isə beynəlxalq səviyyədə özünü bir daha rüsvay etdi.

Onu da qeyd etmək istərdim ki, ölkə başçısı 1 fevral tarixində Azərbaycan Dövlət Televiziyasına verdiyi müsahibəsində Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin COVID əleyhinə peyvəndlərin dünya miqyasında ədalətsiz və qeyri-bərabər bölüşdürülməsinə laqeyd qalmayacağı ilə bağlı mövqeyini ifadə etmişdi. Bu fikri ifadə etdikdə sonra əməli işlər görülmüş, danışıqlar aparılıb və mart ayının 5-də Qoşulmama Hərəkatının Nyu York şəhərində fəaliyyət göstərən əlaqələndirmə bürosunda da müvafiq mövzuda kommunike qəbul edilmişdir. Yəni bu istiqamətdə ardıcıl işlər aparılıb və sonucda bu qətnamə qəbul edilmişdir. Bu, Azərbaycanın büynəlxalq müstəvidə olan çox böyük uğurudur

44 günlük Vətən müharibəsindən sonra erməni işğalından azad edilmiş ərazilərimizdə böyük miqyasda bərpa işlərin aparılmasına baxmayaraq, Azərbaycan həmçinin də beynəlxalq səviyyədə olan problemlərin aradan qaldırılması istiqamətində də çoxtərəfli platformaların mərkəzində öz fəaliyyətini çox uğurla davam etdirir”.

Xəbər lenti

Xəbər lenti