...

Prezident göstəriş verdi: bərpa prosesi tezləşdirilir - Şərh

Siyasət Materials 29 Aprel 2021 19:45 (UTC +04:00)
Prezident göstəriş verdi: bərpa prosesi tezləşdirilir - Şərh

Bakı. Trend:

Ölkə Prezidenti Cəbrayıl və Zəngilana səfər etdi. Cəbrayıl rayonunun girişində “Xoş gəlmişsiniz” lövhəsinin bərpa olunması bu ərazilərə Böyük Qayıdışın ümid işığını daha da gücləndirdi. Görünən odur ki, işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma prosesi daha da güclənəcək. Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissələrinin açılışı edildi. Zəngilanda yeni məscidin təməlqoyma mərasimi oldu. Eyni zamanda hava limanının təməlinin qoyulması işğaldan azad olunmuş ərazilərdə aparılan işlərin miqyasından xəbər verir.

Trend xəbər verir ki, bunu Milli məclisin deputatı Naqif Həmzəyev deyib.

O bildirib ki, Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, qızları Leyla Əliyevanın işğaldan azad olunmuş ərazilərə səfərləri mühüm əhəmiyyət kəsb edir:

“Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbədən sonra ərazi bütövlüyünü bərpa etdi. Hazırda əsas vəzifə Qarabağa qayıdış proqramını uğurla icra etməkdir. Dövlət başçısının diqqəti ilə proses sürətli şəkildə həyata keçirilir. Azərbaycana dost ölkələrin şirkətləri bu prosesdə yaxından iştirak edir”.

Naqif Həmzəyev qeyd edib ki, Zəngilanda yeni hava limanının təməlinin qoyulması həmin ərazidə həm turizm potensialının, həm də iqtisadi əlaqələrin inkişafına töhfə verəcək:

“Zəngilandan Naxçıvana keçəcək dəmir yolunun, həmçinin avtomobil yolunun təməli qoyuldu. Qısa müddətdə bu layihələr də tamamlanacaq. “Ağıllı kənd” və “Ağıllı şəhər” layihələrinin həyata keçirilməsinə artıq start verilib. Bu də azad olunmuş ərazilərdə müasir standartlara uyğun kommunikasiyaların yaradılmasını özündə ehtiva edir. İlkin olaraq Zəngilanda “Ağıllı kənd”in bünövrəsi qoyulub”.

Millət vəkili xatırladıb ki, 30 illik işğal dövründə Azərbaycanın dini və mədəniyyət abidələri digər yaşayış binaları kimi dağıdılıb, viran qoyulub:

“Cənab Prezidentin göstərişi ilə bütün mədəniyyət abidələrimiz bərpa olunur. Xüsusən məscidlərin bərpasına çox böyük diqqət ayrılır. Qədim Zəngilan məscidinin də bərpası üçün lazımi göstərişlər verildi. Azad olunmuş ərazilərdə ardıcıllıqla bütün sosial mədəni infrastruktur bərpa olunacaq. Həmin ərazilərdə 30 il əvvəlki qaynar həyat bərpa ediləcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti