...

Azərbaycanın qazandığı Zəfərin diqtə etdiyi şərtlər, yaratdığı reallıqlar heç bir halda dəyişməyəcək - Elçin Mirzəbəyli

Siyasət Materials 20 Avqust 2021 16:09 (UTC +04:00)
Azərbaycanın qazandığı Zəfərin diqtə etdiyi şərtlər, yaratdığı reallıqlar heç bir halda dəyişməyəcək - Elçin Mirzəbəyli

Bakı. Trend:

Azərbaycanın əldə etdiyi Zəfərin diqtə etdiyi şərtlər, yaratdığı reallıqlar heç bir halda dəyişməyəcək və buna cəhd edənlər daha acınacaqlı məğlubiyyətə düçar olacaqlar.

Bunu Trend-ə açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.

Ekspert qeyd edib ki, Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlərin diplomatik ritorikadan uzaq, hədəflərin kifayət qədər aydın olması, bölgədəki real vəziyyətin ən incə detallarına kimi müəyyənləşdirilməsinə, həmçinin bölgəsəl və qlobal aktyorların konkret zaman kəsiyində yürütdükləri siyasətin mahiyyətinin gün işığına çıxarılmasına imkan verir:

"Bu xüsusda “CNN Türk”ün müxbirinin suallarını cavablandıran Prezident İlham Əliyevin ilk mesajının - Azərbaycan dövlətinin, xalqının tarixi qələbəsi və bu qələbənin doğurduğu nəticələrin heç bir halda dəyişməyəcəyi, dəyişdirilə bilməyəcəyi barədə son və qəti bir mövqeyinin ifadəsi olduğu qənaətindəyəm.

Azərbaycan dövlətinin başçısı 44 günlük Vətən müharibəsindən öncə xalqımızın işğalla barışmayacağı və nəyin bahasına olursa-olsun işğala son qoyacağı barədə səsləndirdiyi fikirləri xatırlatmaqla, əslində dövlətimizin və xalqımızın proseslərin bundan sonrakı inkişafı ilə bağlı qətiyyətli mövqeyini də ortaya qoyur. Yəni bəyan edir ki, Azərbaycanın əldə etdiyi Zəfərin diqtə etdiyi şərtlər, yaratdığı reallıqlar heç bir halda dəyişməyəcək və buna cəhd edənlər daha acınacaqlı məğlubiyyətə düçar olacaqlar.

Sitat: “Dediyim sözlər həyatda öz yerini tutdu və Azərbaycan Qurtuluş savaşına başlayaraq öz tarixi torpaqlarını işğalçılardan azad etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları bizim torpaqlardan qovdu və öz ərazi bütövlüyünü, torpaq bütövlüyünü bərpa etdi”.

Hesab edirəm ki, Prezident İlham Əliyevin torpaqlarımızın işğaldan azad edilməsini Qurtuluş savaşı kimi qiymətləndirməsi, əslində Azərbaycan torpaqlarının işğalı, bu işğalın doğurduğu nəticələri, işğalda birbaşa və dolayısıyla iştirak edən tərəflərin əsl niyyətlərinin nədən ibarət olduğunu tam çılpaqlığı ilə ifadə edir. Bu o deməkdir ki, Azərbaycan torpaqlarının işğal edilməsində məqsəd, yalnız Qarabağın bir hissəsinin ölkəmizdən qopardılması olmayıb. Bu prosesdə bir neçə amil rol oynayıb ki, bunlardan biri də Azərbaycanın müstəqil dövlət kimi mövcudluğuna son qoyulması, xalqımızın istiqlal ideallarının, azad yaşamaq istəyinin boğulmasıdır. Azərbaycan Ordusunun Zəfəri dövlətimizin ərazi bütövlüyünün bərpası ilə yanaşı, həm də Azərbaycanın dövlət müstəqilliyinə uzanan əllərin qırılması, İstiqlalımızın qurtuluşudur.
Prezidentin müsahibəsində diqqəti cəlb edən məqamların sayı, şübhəsiz ki, kifayət qədər çoxdur. Amma qənaətimə görə, ən önəmli və açar fikirlərdən biri İlham Əliyevin həm müharibənin aparılmasına, həm də bütövlükdə siyasi proseslərə münasibətdə ləyaqət amilinin ön sıraya çəkilməsi və xüsusi olaraq vurğulanmasıdır.

Sitat: “Müharibədə də, mülki həyatda da, məişətdə də, evdə də, işdə də, siyasətdə də ləyaqət əsas prinsiplərdən biri olmalıdır”.

Düşünürəm ki, dövlət başçısının bu fikirləri təkcə Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən sonra regionda yaranmış vəziyyətə müxtəlif siyasi mərkəzlərin, tərəf olan və olmayan dairələrin üslub və yanaşmalarını deyil, bütövlükdə sülh və əminamanlıq şəraitində, rifah içində dinc birgəyaşayışın yazılmamış, amma əməl edilməsi qaçılmaz olan qızıl qaydasının dilə gətirilməsidir. Yəni istər sıravi vətəndaş ol, istər yüksək dövlət adamı, istər cırtdan ölkə ol, istər super güc mərkəzi, istər kiçik bir qurum ol, istərsə də qlobal beynəlxalq təşkilat – üzərinə götürdüyün öhdəliklərə əməl etməli, verdiyin sözdən qaçmamalı, iyüzlü siyasət yürütməməli, ləyaqətli davranmalısan. İnsanı, onun formalaşdırdığı cəmiyyəti, qurduğu dövləti fəqrləndirən əsas cəhətlərdən biri də LƏYAQƏT hissinin vazkeçilməz yaşam kredosuna çevrilməsidir. Əks təqdirdə sənə olan etimad limiti tükənəcək, ətrafında dostların, müttəfiqlərin deyil, konkret zaman kəsiyində səninlə birlikdə hərəkət etmək məcburiyyətində olan və ilk imkandaca “savaş meydanından qaçmaq” barədə düşünənlər – zorən dostlar, müttəfiqlər “qalacaq”. İnsanlar kimi dövlətlərin də xarakteri olur və bu xarakterin əsas cizgisi LƏYAQƏTDİR!

Məhz bu xüsusdan cənab Prezidentin sülh müqaviləsi ilə bağlı fikirlərinə və digər məqamlara yol almaq istəyirəm. Çünki İlham Əliyevin bütün mesajlarının təməlində münasibətlərdə ləyaqətli davranışın əsas amil olduğu ana xətt kimi keçir.

Sülh müqaviləsi ilə bağlı dövlətimizin mövqeyini ifadə edən Azərbaycan Prezidenti bu təklifin masa üzərində əbədiyyətə qədər qalmayacağını deyir və şübhəsiz ki, əldə olunan, həmçinin “görünən” və “görünməyən” bütün razılaşmalara, öhdəliklərə əməl edilməsinin vacibliyini diqqətə çatdırır. Əks təqdirdə, “onlar özləri də peşman olacaqlar”.

Yenə də öhdəliklərə, razılaşmalara, bütövlükdə insan cəmiyyətlərinə, dövlətlərarası münasibətlərə xas olan bütün davranışlarda ləyaqət hissinin önəmini vurğulamaqla, Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə Ermənistandan silahlar və hərbçilər göndərilməsi ilə bağlı məqama toxunmaq istəyirəm.

Prezident İlham Əliyev sözügedən müsahibəsində qeyd edir ki, bu, 10 noyabr Bəyanatına ziddir və Azərbaycan bir neçə dəfə yaranmış vəziyyətlə bağlı qarşı tərəflərə öz iradını şifahi qaydada bildirib. Amma bunun nəticəsi olmadığı üçün ölkəmizin rəsmi mövqeyi ifadə olunur. Hesab edirəm ki, bu bağlamda Azərbaycan Müdafiə Nazirliyinin məlum bəyanatı ilə bağlı sosial şəbəkələrdə, internet resurslarında “tufan qoparan” və ənənələrinə uyğun, məşhur lətifələrdən birində deyildiyi kimi “ayının əmisi uşaqları” funksiyasını yetrinə yetirənlərə də incə bir xatırlatma var: Azərbaycan Müdafiə Nazirliyinin bəyanatı Azərbaycan dövlətinin rəsmi mövqeyidir. Və bu baxımdan, xüsusilə də ölkəmizin milli maraqları üçün həssas məsələlərdə manipulyasiyalara yol vermək, düşmənin, maraqlı dairələrin informasiya təxribatlarının yanında yer almaq untanvericidir və heç bir halda ləyaqətli davranış sayıla bilməz.

Prezident İlham Əliyevin Laçın dəhlizi ilə bağlı xatırlatmaları isə, düşünürəm ki, ictimai rəyə yanlış məlumat ötürənlərə, həmçinin çeşidli informasiya resursları üzərindən “simsiz teleqraf” funksiyasını yerinə yetirən “beşinci kolon” muzdlularına da nəticə çıxarmaq imkanı verir. İctimai rəyə yalan üfürmək lazım deyil. Laçın dəhlizi ayağımızın altındadır və biz nəinki oraya daxil olan, yaxud oradan çıxan avtomobillərin, hətta insanların sayını belə dəqiqliklə müəyyənləşdirə bilirik. Əgər bütün bunlar Ermənistanın yenidən müharibəyə hazırlaşdığı qənaətini yaradırsa, o zaman heç bir güzəşt olmayacaq və Ermənistanın başı növbəti dəfə əziləcək. Və bu bağlamda, Prezident İlham Əliyevin Rusiya sülhməramlı missiyasının nəzarəti altında olan Azərbaycan torpaqlarında yaşayan ermənilərlə bağlı fikirlərinin də bir çox məqamlara aydınlıq gətirdiyini düşünürəm. Xüsusilə də onların “yolunu azmış Azərbaycan vətəndaşları” olaraq qiymətləndirilməsini... Bir dəfə yollarını azıblar, yaxud azdırılıblar və nəticəsini də görüblər. Bu baxımdan, növbəti dəfə “azmaq” şansları yoxdur. “Azdırılmamaları” üçün isə Azərbaycan cəmiyyətinə inteqrə olunmalı, ölkəmizdəki bütün xalqlar kimi Azərbaycanın rifahı üçün çalışmalıdırlar".

Müsahibədə hər kəsin diqqətini çəkən və çoxsaylı, ildırım sürətli reaksiyalar doğuran məqamlardan biri də, Azərbaycanın Rusiyadan gözləntiləri ilə bağlı suala Prezident İlham Əliyevin cavabıdır.

Sitat: “Rusiyadan gözləntimiz odur ki, üçtərəfli Bəyanatın bütün müddəaları yerinə yetirilsin. Çünki bu üçtərəfli Bəyanatı Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri imzalamışlar və onların böyük qismi artıq gerçəkləşib. Amma bəzi məsələlər var ki, hələ də açıqdır. Gözləntimiz bundan ibarətdir. Rusiya Azərbaycanın qonşusu və Ermənistanın yaxın müttəfiqi kimi, əlbəttə, bu bölgədə xüsusi rol oynayır. Bu, təbiidir. Ümid edirik ki, Rusiya bundan sonra da bu bölgənin təhlükəsizliyi üçün öz səylərini əsirgəməsin və uzunmüddətli sülhü təmin etmək üçün addımlar atsın. Eyni zamanda, bizim gözləntimiz odur ki, Rusiya Ermənistanı silahlandırmasın. Biz bu məsələni Rusiya tərəfinə çatdırmışıq. Bu, bizi narahat edir. Müharibə başa çatıb. Yəni, erməni xalqı da bu vəziyyətlə barışıb. Erməni rəhbərliyi də məğlubiyyətlə barışıb və Ermənistanda keçirilmiş son parlament seçkiləri bunu göstərdi. Tarixdə görünməmiş bir mənzərədir ki, məğlub edilmiş rəhbərlik, yenidən xalqdan səs alır. Belə olan halda, əlbəttə ki, Ermənistanı silahlandırmaq heç bir məntiqə sığmır. Biz hələ ki, bunu görmürük, müşahidə etmirik. Amma Rusiya tərəfindən bəzi açıqlamalar oldu. Bir neçə gün bundan əvvəl Rusiya müdafiə naziri Ermənistan müdafiə naziri ilə görüş zamanı söyləmişdir ki, Ermənistana Rusiya silahlarının göndərilməsi prosesi başlamışdır. Bu, çox narahatedici bir məsələdir. Həm də Ermənistanın yeni müdafiə naziri çox məsuliyyətsiz açıqlamalar verdi ki, əgər Azərbaycan tərəfi Ermənistan sərhədini bir santimetr pozsa, o zaman onlar atəş açacaqlar. Yəni, görünür, İkinci Qarabağ savaşı hələ ki, hər kəs üçün dərs olmadı. Əgər belədirsə, biz dərsini yenidən verməyə hazırıq. Ona görə biz ümid edirik ki, Rusiya Ermənistanı silahlandırmayacaq. Çünki buna ehtiyac yoxdur”.

Hər şey kifayət qədər açıq və aydın ifadə olunub. Rusiya Ermənistanın müttəfiqidir. Bəli! Çünki Ermənistan Rusiya ilə eyni hərbi-siyasi blokda təmsil olunur, Rusiyanın Ermənistanda hərbi bazası var və bütövlükdə isə Ermənistanın bugünədək regionda münaqişə, fitnə-fəsad, təhlükə mənbəyi olan bir dövlət kimi mövcudluğunu Rusiya təmin edib.

Rusiya Azərbaycanın yaxın qonşusudur. Çünki Rusiyanın bir çox məsələlərlə bağlı nümayiş etdirdiyi mövqe, o cümlədən Ermənistanın silahlandırılması və daha öncə sadaladığımız digər məsələlərlə bağlı davranışları qarşılıqlı mçünasibətlərin “yaxın qonşuluq” çərçivəsindən kənara çıxmadığını sübura yetirir. Rəsmi Moskvanın, xüsusilə də son davranışları münasibətlərin nəinki müttəfiqlik, heç strateji tərəfdaşlıq müstəvisinə daşınmasına da imkan vermir. Bunun səbəbləri isə, şübhəsiz ki, Azərbaycanla bağlı deyil. Azərbaycanın Rusiyaya münasibətdə uzun illərdən bəri sərgilədiyi, bir çox hallarda regional və qlobal miqyasda çeşidli problemlərlə qarşılaşçağımıza zəmin yaradan səmimi qonşuluq münasibətinin qarşılığında atılan addımlar, qarşılıqlı əlaqələrin ən yaxşı halda yaxın qonşuluq çərçivəsində qala biləcəyi reallığını yaradır.

Rusiyanın Müdafiə naziri Ermənistana silah göndərilməsi prosesinə başlanıldığını bəyan edir. Nə üçün? Niyə? O zaman Rusiyanın Ermənistanın kapitulyasının şərtlərini yerinə yetirəcəyinə zəmanətçi durmasına nə ehtiyac vardı? Axı Rusiya 30 ilə yaxın bir zaman kəsiyində Ermənistana saysız-hesabsız və əvəzi ödənilmədən silah-sursat, hərbi texnika vermişdi. Axırı nə oldu? Həmin silahların bir qismi indi bizim Hərbi Qənimətlər Parkında dağılmış muzey eksponatları kimi sərgilənir, bir qismi isə elə darmadağın edilib ki, toparlamaq mümkün olmayıb. Eynilə Ermənistan ordusu kimi… Amma bu dəfə toparlanmaq imkanı verilməyəcək…

Bu məsələ ilə bağlı Prezident İlham Əliyevin cavabı, ümumiyyətlə şərh və təhlil üçün heç bir yer qoymur.

Sitat: “Biz ordumuzun silahlanmasına nə qədər lazımdır, o qədər də vəsait ayıracağıq və bunu edirdik. Sadəcə, hesab edirik ki, artıq müharibə bitdi, buna ehtiyac yoxdur. Bölgənin yenidən silahlandırılması prosesinə biz təşəbbüskar olmamışıq və deyilik. Ümid edirik ki, digər tərəfdaşlar da buna uyğun addımlar atacaqlar”.

Son olaraq, Prezident İlham Əliyevin Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı söylədiyi fikirlərə də qısaca münasibət bildirmək istəyirəm. Xüsusilə də Azərbaycan Prezidentinin iki qardaş dövlət arasındakı münasibətlərin gələcəyi ilə bağlı verdiyi mesajlara…

Sitat: “Türkiyə-Azərbaycan birliyi artıq bölgəsəl amildir. Bəlkə də nə vaxtsa qlobal amilə çevriləcək, ola bilər. Çünki indi bizim artıq başqa ölkələrlə də müttəfiqlik əlaqələrimiz formalaşmaqdadır. Bu, bəzilərini narahat edir. Çalışacaqlar ki, aramıza girsinlər, çalışacaqlar ki, provokasiyalar, təxribatlar, uydurmalar ortaya atılsın. Ona görə bizdən sonra gələn nəsil bu yolla getməlidir. Bu yol əbədi olmalıdır”.
Bu yol əbədi olmalıdır, şübhəsiz. Şünki bu yol Azərbaycan və Türkiyənin, Türk Dünyasının, bütövlükdə isə Avrasiyanın önəmli bir hissəsinin xoşbəxt, təhlükəsiz gələcəyinin əsasını təşkil edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti