...

Prezident İlham Əliyev: Ermənistanın yenidən silahlanması ilə bağlı bizim narahatlığımız Rusiya tərəfindən anlayışla qəbul olunur

Siyasət Materials 28 Sentyabr 2021 12:28 (UTC +04:00)
Ermənistanın yenidən silahlanması ilə bağlı bizim narahatlığımız Rusiya tərəfindən anlayışla qəbul olunur.
Prezident İlham Əliyev: Ermənistanın yenidən silahlanması ilə bağlı bizim narahatlığımız Rusiya tərəfindən anlayışla qəbul olunur

Bakı. Trend:

Ermənistanın yenidən silahlanması ilə bağlı bizim narahatlığımız Rusiya tərəfindən anlayışla qəbul olunur.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Türkiyənin Anadolu Agentliyinə müsahibəsində "Ötən günlərdə Ermənistan müdafiə naziri ilə Rusiya müdafiə nazirinin görüşü olmuşdu. O görüşdən sonra Ermənistanın silahlandırılması prosesi yenidən başladı deyə bir açıqlama verildi. Yəni, bu, bölgəyə nə gətirə bilər? Bu açıqlama barədə Siz nə düşünürsünüz?" sualını cavablandırarkən deyib.

Dövlət başçısı bildirib:

"Bu məsələdən xəbər tutanda biz dərhal Rusiya tərəfinə sorğu göndərdik və maraqlandıq ki, əcəba bu, nə məsələdir. Biz eyni fikirləri də bölüşürük. Ancaq bizə məlumat gəldi ki, Ermənistan mediasında çıxan bu açıqlama həqiqəti əks etdirmir. Yəni, Rusiya müdafiə naziri belə sözlər deməmişdir. Bu, Ermənistan təbliğatının növbəti çirkin əməlidir, belə söz deyilməmişdir. Bizə rəsmi qaydada bildirildi ki, belə planlar yoxdur. Ermənistan ordusunun yenə də pulsuz silahlandırılması ilə bağlı Rusiya tərəfindən yetərincə dəqiq cavab aldıq və biz bu məsələni artıq gündəlikdən çıxartdıq. Bu, onu göstərir ki, Ermənistan öz çirkin əməllərindən əl çəkmir. Bax ortalığa atılan bu yalan, birincisi, çox böyük yanlışlıqdır. Çünki əgər sən Rusiya müdafiə nazirinin demədiyi sözləri yayırsansa, bu, ən azı məsuliyyətsizlikdir və bu, təxribatdır. İkincisi, - bunu biz işğal dövründə və işğaldan sonra dəfələrlə görmüşük, - Ermənistan və Rusiyada fəaliyyət göstərən erməni lobbisi hər gün, müntəzəm olaraq çalışır ki, Rusiya-Azərbaycan münasibətlərində bir çat yaransın. Onların gündəlik peşəsi Azərbaycanı ləkələmək, Rusiya mediasında Azərbaycan haqqında mənfi imic yaratmaq, Rusiya-Azərbaycan münasibətlərinə kölgə salmaqdır. Hesab edirlər ki, belə olan halda, revanşist qüvvələr nə vaxtsa yenə də baş qaldırıb bizə qarşı yeni savaşa çıxa bilərlər. Amma onlar yanılırlar. Birincisi, Rusiya-Azərbaycan münasibətləri kifayət qədər yüksəksəviyyəli münasibətlərdir. Biz bütün məsələləri açıq şəkildə müzakirə edirik – prezidentlər səviyyəsində, müdafiə və xarici işlər nazirləri səviyyəsində. Hansısa tərəfi narahat edən istənilən məsələ ilə bağlı biz dərhal təmasda oluruq və məsələləri həll edirik. Deyə bilərəm ki, bu gün Rusiya-Azərbaycan münasibətlərində hansısa təcili məsələni həll etməklə bağlı bir mövzu da yoxdur. Çünki bu münasibətlər kifayət qədər müsbətdir. Ermənistanın bu təbliğat cəhdləri onlara uğur gətirməyəcək. Ermənistanın yenidən silahlanması ilə bağlı bizim narahatlığımız Rusiya tərəfindən anlayışla qəbul olunur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti