Bakı. Trend:
Dövlətin möhkəmlənməsində, ələlxüsus da yeni qurulan milli dövlətin təşəkkülündə siyasi varislik həlledici amildir. Azərbaycan 1991-1993-cü illərdə bu problemi yaşamışdı və onun ağır nəticələrini görmüşdü. Azərbaycan xalqı tarixin bu acılarını unutmamışdı və Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdaraq həm qardaş qırğının, həm də dövlətçiliyin məhv olmasının qarşısını xalqla birlikdə necə aldığını yaxşı bilirdi. Bu baxımdan 2003-cü il Prezident seçkiləri dövlətimiz üçün növbəti tarixi sınaq dövrü idi desək, qətiyyən yanılmarıq. Bütün bu təhlükələrin qarşısını ala biləcək, xalqı öz ətrafında sıx birləşdirərək milli maraqları, dövlətçiliyi qoruyub inamla inkişaf etdirərək işıqlı gələcəyə doğru irəli aparacaq siyasi liderin meydana çıxması və bu məsuliyyəti çiyinlərinə götürməsi zamanın tarixi zərurəti idi.
Bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.
O bildirib ki, məhz tarixin həlledici məqamında Heydər Əliyevin gənc, müstəqil, yaradıcı təfəkkürə, siyasi iradəyə, kifayət qədər siyasi və diplomatik təcrübəyə, elmi dünyagörüşünə, milli adət-ənənələrə sadiq xarizmatik siyasi liderin – İlham Əliyevin Prezidentliyə namizədliyi irəli sürməsi təsadüfi deyildi.
“Heydər Əliyev xalqa müraciətində deyirdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Azərbaycan xalqı da bu fikri tam bölüşür və İlham Əliyevə inanırdı. Çünki İlham Əliyev artıq nəinki ölkədə, həm də beynəlxalq aləmdə kifayət qədər nüfuza malik siyasətçi idi. O, xalqın inamını, etimadını və məhəbbətini qazanmışdı.
İlham Əliyev 2003-cü il Prezident seçkilərində çox böyük səs çoxluğu ilə xalqın inam etimadını qazandığını bütün dünyaya bir daha nümayiş etdirdi. Əslində, bu qələbə işıqlı gələcəyin qaranlıqlar üzərində qələbəsinin təntənəsi idi. Azərbaycanı müstəqil güclü dövlət kimi görmək istəməyən xarici dairələr bu məğlubiyyətdən elə sarsıldılar ki, bu gün də özlərinə gələ bilmirlər. Həm də qeyd etməliyik ki, Prezident İlham Əliyevin milli maraqlarımıza xidmət edən balanslaşdırılmış xarici və daxili siyasəti nəticəsində hər il qazanılan yeni uğurlar milli dövlətçiliyi möhkəmləndirir, məğlubları isə daha da miskin vəziyyətə salırdı”, - deyə B.Əliyev bildirib.
O qeyd edib ki, Prezident İlham Əliyevin 2004-cü ildə regionların inkişafı ilə bağlı təsdiq etdiyi dövlət proqramı, iqtisadiyyatın şaxələndirilməsi, insan kapitalının formalaşdırılması, yeni texnologiyalara əsaslanan istehsal sahələrinin yaradılması və digər tədbirlər qısa müddətdə öz bəhrəsini verdi.
“Təkcə onu qeyd etmək kifayətdir ki, 2006-cı ildə Real ÜDM-nin 32.5 % artım surətinə görə Azərbaycan dünyada birinci yerə yüksəldi. Əlbəttə, bu iqtisadi inkişaf möcüzəsi dünya ölkələrinin həmin dövrdə müzakirə etdiyi əsas mövzu idi. Bu başlanğıc idi və Prezident İlham Əliyevin uğurlu inkişaf konsepsiyası imkan verdi ki, 2003-cü ildə təqribən 3 milyardlıq dövlət büdcəsi 2021-ci ildə 2022-ci il üçün təqribən 30 milyardlıq Qələbə büdcəsinə çatdırılsın. Bu da bir möcüzədir, amma elmi əsaslara söykənən düzgün idarəetmənin nəticəsi kimi təzahür edən möcüzə.
Prezident İlham Əliyevin milli maraqlara köklənmiş balanslaşdırılmış xarici siyasəti nəticəsində Azərbaycan Respublikası qısa müddət ərzində beynəlxalq münasibətlər sistemində nüfuzunu artırdı və söz sahibinə çevirdi. Azərbaycanın 2011-ci ildə 155 ölkənin etimadını qazanaraq BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi də məhz ölkəmizin beynəlxalq aləmdə getdikcə artan nüfuzunun və sürətli iqtisadi inkişafının göstəricisi idi. Eyni zamanda 2016-cı ildə Qoşulmama Hərəkatının liderlərinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatının sədri seçildi. BMT Baş Assambleyasından sonra ikinci ən böyük təsisat olan və 120 ölkəni özündə birləşdirən Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyi dövründə yeni təşəbbüslər irəli sürülmüş, təşkilatın dünyada baş verən proseslərin idarə edilməsində və dizaynında rolu əhəmiyyətli dərəcədə artmışdır.
Cənab Prezident İlham Əliyevin xarici siyasət strategiyası həm də regionun siyasi statusunu artırmaq, yeni reallıqlar yaratmaq, Qarabağ probleminin həllinə nail olmaq və aparıcı siyasi-iqtisadi güc mərkəzinin yaradılmasına nail olmaq idi. Prezident İlham Əliyevin təşəbbüsü ilə iqtisadi layihələr müstəvisində yaradılan əməkdaşlıq platformaları qonşu ölkələr arasında daha etibarlı münasibətlərin bərqərar olmasını və regionun investisiya cəlbediciliyinin artmasını təmin etdir. Bu baxımdan Azərbaycan-Rusiya-İran, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Türkiyə-Pakistan, Azərbaycan-Türkiyə-Türkmənistan kimi üçtərəfli dialoq platformaları ölkəmizin beynəlxalq statusunun artırılması ilə yanaşı, həm də nəqliyyat, enerji, təhlükəsizlik, ticarət və digər sahələri əhatə edən əməkdaşlıq əlaqələri regionun qlobal geosiyasi xəritəsində yeni statusunu müəyyən edir.
Azərbaycan logistika sahəsində böyük layihələr həyata keçirərək dünyanın nəhəng nəqliyyat xablarından birinə çevrilibdir. Məsələn, “Şərq-Qərb nəqliyyat dəhlizi” Çinlə Avropa arasındakı ən qısa marşrut olduğundan tranzit və yükdaşıma baxımından səmərəlidir. Orta hesabla 5400 km uzunluğunda olan “Şərq-Qərb nəqliyyat dəhlizinin tranzit müddəti 15 gündür”, - deyə komitə sədri bildirib.
O vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə görülmüş genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində hazırda Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm tranzit qovşağıdır.
"Əminliklə deyə bilərik ki, qarşılıqlı etimada və milli maraqlara əsaslanan müstəqil siyasət həyata keçirən Azərbaycan bu gün beynəlxalq aləmdə siyasi sabitliyin, əmin-amanlığın, tərəqqinin, tolerantlığın məkanı kimi tanınır.
Prezident İlham Əliyev hər zaman qeyd edirdi ki, bizim əsas həll etməli olduğumuz məsələ ölkənin ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsidir və bütün qərarlarımız, həyata keçirdiyimiz tədbirlər bu taleyüklü problemin həll edilməsinə yönəlibdir. Ona görə də xarici siyasət, iqtisadi inkişafla yanaşı müasir ordu quruculuğu da sürətlə həyata keçirilirdi. Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf edən Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2003-cü ildən etibarən planlı və ardıcıl şəkildə görülmüş işlər nəticəsində dünyanın ən güclü 50 ordusu sırasına yüksəltdi. Azərbaycan Silahlı Qüvvələri yenidən qurulan hərbi sənaye kompleksinin istehsal etdiyi müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları və atıcı silahlarla təchiz edilir. Bütün bunlar tarixi qələbəni yaxınlaşdırırdı.
Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması Prezident İlham Əliyevin Zəfər zirvəsidir. 300 ilə yaxın idi ki, böyük qələbəyə ehtiyacı olan və on illər idi ki, ermənilərin hər dəfə müxtəlif azğınlıqları ilə qarşılaşan xalqımız və dövlətimiz nəhayət ki, qələbəyə imza ataraq tarixi ədaləti bərpa etməyə müvəffəq oldu. Belə ki, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı.
Prezident İlham Əliyev Qalib sərkərdədir. Rəşadətli Ordusu ilə 44 günlük Vətən müharibəsində erməni miflərini darmadağın etdi. Və bütün dünyaya göstərdi ki, əsil qəhrəman Ordu, igid əsgər və zabit sıldırım qayalardan qalxaraq doğma Qalanı – Şuşanı azad edən və 8 Noyabr Zəfər tarixini yazan azərbaycanlı qəhrəmanlardır. Ermənilərin nə dövləti, nə ordusu, nə də qəhrəman döyüşçüləri olmamışdır. Ermənilər tarixin yaddaşında özlərinin terrorçu və quldur dəstələrinin törətdiyi vəhşiliklərə görə lənət qazanaraq iz salıblar. Qarabağı döyüş meydanında igidliklə vuruşaraq azad edən, bu tarixi ədalət zəfərini qazanan xalqa, azərbaycanlı gənclərə milli maraqlara zidd olan heç nəyi qəbul etdirmək mümkün deyil. Dünya hərb tarixində yeni səhifə yazmış Müzəffər Ali Baş Komandan xalqı Dəmir yumruq kimi elə birləşdirib ki, Azərbaycana xor baxanların başını yerindəcə əzməyə hazırdır!”, - deyə komitə sədri bildirib.
O vurğulayıb ki, Prezident İlham Əliyev xalqı öz ətrafında birləşdirməyə, vətəndaş həmrəyliyini təmin etməyə nail olaraq, ardıcıl siyasi, iqtisadi və sosial islahatları həyata keçirməyə və davamlı, dayanıqlı iqtisadi inkişafa nail olmuş, Qarabağın Ermənistan tərəfindən 30 ilə yaxın işğalına birdəfəlik siyasət və döyüş meydanında son qoymuş və Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişdir.
“Bu gün Azərbaycan Respublikası regionda yeni geosiyasi reallıq yaratmış və bu reallığa uyğun olaraq yeni siyasi və iqtisadi münasibətlərin qurulmasında həlledici rol oynayır.
COVİD-19 pandemiyasına, 44 günlük Vətən müharibəsinə rəğmən ölkənin iqtisadi inkişafı təmin edildi. Əhalinin sosial müdafiəsi, sağlamlığı, təhlükəsizliyi və ölkənin müdafiə qüdrəti təmin edildi.
Prezident İlham Əliyevin Prezidentliyi dövründə Azərbaycan Respublikası qaz idxal edən ölkədən qaz ixrac edən ölkəyə, kredit alan dövlətdən kredit verən dövlətə çevrilərək inkişaf etmiş, Avropanın və bölgənin enerji təhlükəsizliyində mühüm rol oynayan, siyasi qərarların və nəhəng regional layihələrin hazırlanmasında və gerçəkləşdirilməsində söz sahibinə malik müstəqil siyasəti olan siyasi aktordur.
Azərbaycanın son 18 ildə keçdiyi inkişaf yolunun ilkin müqayisəli təhlili göstərir ki, uğurlu siyasət nəticəsində artıq 2021-ci ildə qeyri-neft sektorundan daxilolmalar sosial yönlü büdcə xərclərini təqribən 98 faiz qarşılayır. Bu göstərici xüsusi strateji əhəmiyyətə malikdir. Belə ki, dövlətin ardıcıl olaraq həyata keçirdiyi iqtisadiyyatın şaxələndirilməsi siyasəti nəticəsində bir tərəfdən ölkənin dayanıqlı və davamlı inkişafı təmin edilmiş, digər tərəfdən isə dövlətin və əhalinin ahəngdar həyat fəaliyyətinin neft sektorundan asılılığı aradan qaldırılır.
İnamla demək olar ki, əhalinin sosial müdafiəsi, dövlət qurumlarının və biznesin normal fəaliyyəti üçün qeyri-neft sektorunu aparıcı amilə çevirmək strategiyası uğurla həyata keçirilmişdir. Həyat göstərdi ki, Prezident İlham Əliyevin genişmiqyaslı islahatların həyata keçirilməsini təmin edən siyasi iradəsi, düşünülmüş yeni iqtisadi inkişaf modeli və innovativ, çevik idarəetmə sistemi qarşıya qoyulan hədəflərə çatmağı təmin etmişdir.
Bu gün Azərbaycan xalqı Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında minilliyin çağırışlarına cavab verən müasir Azərbaycan dövlətini möhkəmləndirir. Azərbaycan hüquqi, demokratik dövlətdir, əsas insan hüquq və azadlıqları tam təmin edilmişdir. Azərbaycan respublikası demokratik inkişaf yolunda inamla irəliyə doğru addımlayır. Bu yolda bizə dəstək olan xarici dövlətlər və beynəlxalq təsisatlarla bundan sonra da qarşılıqlı, bərabər əməkdaşlıq münasibətlərinə hazırıq. Amma milli maraqlara, müstəqilliyə qarşı yönələn istənilən hərəkətlərə dərhal adekvat cavab veriləcəkdir.
Hələ 2001-ci ildə İlham Əliyev deyirdi ki, biz elə etməliyik bütün kəndlərimizi və şəhərlərimizi Avropanın ən inkişaf etmiş ölkələrində olduğundan da yaxşı qurmalıyıq. Biz buna yorulmadan, inamla bütün çətinlikləri aradan qaldıraraq, torpaqılarımızın hər qarşını işğaldan azad edərək nail olacağıq və bunu etməməyə bizim haqqımız yoxdur. Prezident İlham Əliyev fəaliyyəti dövründə qarşıya qoyulmuş bütün vəzifələri şərəflə yerinə yetirmiş, Azərbaycan dövlətinin ən yeni tarixinin Şərəf və Zəfər tarixini yazmışdır! Hər bir azərbaycanlı öz Prezidenti ilə qürur duyur!
İndi isə Prezident İlham Əliyev ən müasir Azərbaycan dövləti quruculuğunun yeni mərhələsini həyata keçirir. İşğaldan azad edilmiş ərazilərin sürətlə ən yeni texnologiyalar əsasında “Ağıllı şəhər”, “Ağıllı kənd” konsepsiyasına uyğun qurulması bunun bariz təzahürüdür. Azərbaycan xalqı öz taleyinin sahibidir və Prezident İlham Əliyevin rəhbərliyi ilə bu inkişafda israrlıdır. Onu bu yoldan heç kim və heç nə döndərə bilməz!
Azərbaycan naminə şərəfli və fədakar fəaliyyətində Qalib sərkərdə cənab Prezident İlham Əliyevə uğurlar arzu edirik!”, - deyə B.Əliyev vurğulayıb.