...

Rəşad Nəbiyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb

Siyasət Materials 4 Aprel 2022 21:56 (UTC +04:00)
Rəşad Nəbiyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb

Bakı. Trend:

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Gürcüstana səfəri çərçivəsində həmin ölkənin Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüş zamanı ölkələrimiz arasında nəqliyyat və İKT sahəsində mövcud və perspektiv əməkdaşlıq imkanları müzakirə edilib.

Daha sıx əlaqələrin qurulması üçün irəli sürülən təkliflər və həlli zəruri işlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə bildirilib ki, Azərbaycanla Gürcüstan arasında bütün sahələrdə, o cümlədən nəqliyyat və İKT sektorunda uğurlu əməkdaşlığın genişləndirilməsi üçün mühüm potensial və əlverişli şərait mövcuddur.

Bakı-Tbilisi-Qars layihəsinin əhəmiyyəti vurğulanaraq yükdaşımaların həcminin artırılması istiqamətində aparılan birgə işlər qeyd edilib.

Həmçinin Qara dəniz-Xəzər nəqliyyat marşrutu, Fars körfəzi-Qara dəniz dəhlizi və “yaşıl limanlar” istiqamətlərində uğurlu əməkdaşlıq münasibətlərinin olduğu diqqətə çatdırılıb.

Bildirilib ki, Gürcüstan ilə Azərbaycan arasında koordinasiya edilmiş əməkdaşlıq Avropa-Asiya nəqliyyat dəhlizinə yüklərin cəlb olunması prosesinə şərait yaradır və bu da son nəticədə hər iki ölkənin iqtisadiyyatına müsbət təsir göstərir.

Görüşdə regionun inkişafı və uzunmüddətli tərəqqisi üçün sülh və sabitliyin vacibliyi xüsusi qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti