...

Brüssel görüşü Ermənistanın manevr imkanlarını məhdudlaşdırır - ŞƏRH

Siyasət Materials 23 May 2022 21:00 (UTC +04:00)
Brüssel görüşü Ermənistanın manevr imkanlarını məhdudlaşdırır - ŞƏRH
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan hakimiyyətinin qütblərarası manevrləri, daxili siyasətə hesablanmış və xarici amillərdən qaynaqlanan manipulyativ davranışları, həmçinin revanşçı qrupların kənardan stimullaşdırılan, bəhanə xarakterli pozucu addımları Bressel gündəliyini dəyişə bilmədi. Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə keçirilən növbəti üçtərəfli görüşüdə müzəkirə olunan məsələlər və əldə olunan nəticələr də təsdiqləyir.

Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O bildirib ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin görüşdən sonra mətbuat üçün açıqlamasında yer alan istiqamətləri əsas götürsək, müzakirə olunan məsələlərin siyahısı kifayət qədər geniş olub.

“Avropa Şurası Prezidentinin mətbuat üçün açıqlamasında, daha öncəki bəyanat və açıqlamalarda olduğu kimi, “Daqlıq Qarabağ” ifadəsinin işlədilməməsi, bu söz birləşməsinin 44 günlük müharibədə Azərbaycanın qələbəsinin nəticəsi olaraq, qlobal siyasi gündəmdən çıxarıldığını və bu məsələdə rəsmi Bakının, ölkənin inzibati ərazi bölgüsünə əsaslanan mövqeyinin qəbul edildiyini sübuta yetirir.

Görüşdə artıq tarixin arxivinə yola salınmış “status” məsələsinin müzakirə predmeti olmaması, həmçinin Azərbaycanda yaşayan erməni əhalisinin hüquqularından söz açılması rəsmi Bakının daha öncə açıqladığı baxış bucağı ilə üst-üstə düşür.

Azərbaycan həm müharibədən öncə, həm də postmüharibə dövründə ərazilərində yaşayan ermənilərin təhlükəsizliyinə təminat verdiyini, ölkə Konstitusiyasının Azərbaycan vətəndaşlarına verdiyi hüquq və azadlıqların onlara da şamil edildiyini dəfələrlə bəyan edib. Məhz bu baxımdan, bu, ölkəmiz üçün hüquqi və siyasi baxımdan öz həllini tapmış məsələ hesab oluna bilər”, - deyə E.Mirzəbəyli deyib.

O qeyd edib ki, görüşdə işğaldan azad etdiyimiz ərazilərin minalardan təmizlənməsi, eləcə də itkin düşmüş şəxslərin taleyi ilə bağlı məsələlərin müzakirəsi, sözügedən istiqamətlərdə də rəsmi Bakının mövqeyinin dəyişmədiyini nümayiş etdirir.

“Həmçinin, proses iştirakçılarının diqqətinə bir daha çatdırır ki, Azərbaycan həllini tapmamış humanitar problemlərə sülh gündəliyinin tərkib hissəsi kimi yanaşır.

Üçtərəfli görüşdə əldə olunan nəticələr Ermənistanın manevr imkanlarının məhdudlaşdırılması baxımından da əhəmiyyətlidir. Bu xüsusda, sərhədlərin delimitasiyası, sərhəddə sabit vəziyyətin təmin edilməsi ilə məşğul olacaq sərhəd komissiyalarının ilk birgə iclasının keçirilməsi, gələcək sülh müqaviləsi üzrə müzakirələrin irəli aparılması, kommunikasiyaların açılması istiqamətində fəaliyyətin davam etdirilməsi, Zəngəzur dəhlizinin reallaşdırılması, beynəlxalq daşımalarının tənzimlənməsi, sərhəd idarəçiliyi, təhlükəsizlik, gömrük, torpaq haqları və digər bu kimi digər məsələlər üzrə əldə olunan razılaşmaları nəzərə alsaq, Ermənistanın bütün iddialarına, yayındırıcı manevrlərinə baxmayaraq, Brüssel sülh gündəliyinin dəyişməyəcəyini söyləyə bilərik.

Əks təqdirdə, Aİ-nin iştirakı ilə başladılan proses iflasa uğrayacağı və Ermənistanı öz öhdəliklərini yerinə yetirməyə məcbur edə biləcək prosesin növbəti mərhələsinin həyata keçirilməsi üçün əlverişli zəmin yaranacağı daha real görünür”, - deyə E.Mirzəbəyli əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti