...

ABŞ Prezidentinin məktubu Azərbaycanın bölgədəki nüfuzunun göstəricisidir - ŞƏRH

Siyasət Materials 1 İyun 2022 18:42 (UTC +04:00)
ABŞ Prezidentinin məktubu Azərbaycanın bölgədəki nüfuzunun göstəricisidir - ŞƏRH
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Co Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə diplomatik münasibətlərin 30 illiyi ilə bağlı ünvanladığı təbrik məktubu ölkəmizə və dövlət başçımıza olan diqqətin növbəti təzahürüdür və eyni zamanda, Azərbaycanın bölgədəki nüfuzunun göstəricisidir.

Bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.

O bildirib ki, məktubda Azərbaycanın enerji sahəsində görülən işləri yüksək dəyərləndirərək bu gün Avropanın enerji təhlükəsizliyində ölkəmizin böyük rolu olduğunu qeyd edib.

“ABŞ Prezidenti həm də müstəqillik günü münasibətilə ünvanladığı təbrik məktubunda da Azərbaycanla əməkdaşlığının yüksək dəyərləndirildiyini qeyd edərək regionda yaratdığımız yeni reallığı dəstəklədiyini bildirmişdi", - deyə A.Badamov qeyd edib.

Deputat bildirib ki, ümumiyyətlə, Azərbaycanın enerji sektorunun inkişafı Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

“1994-cü ildə ölkəmizin neft strategiyası qəbul olunmasaydı və dünyanın aparıcı şirkətlərini neft sənayemizin yenidən qurulmasına investisiyalar cəlb edilməsinə inandırılmasaydı, bu gün nə neft-qaz sahəsinin inkişafından, nə də Avropanın enerji təhlükəsizliyindən danışa bilərdik.

Amerika Birləşmiş Ştatları Azərbaycanın neft strategiyasının həyata keçirilməsini ilk gündən dəstəkləmişdir. Bu illər ərzində neft və qazımızın ixracının həyata keçirilməsi üçün ərsəyə gətirdiyimiz neft və qaz ixrac marşurutları bu gün daha çox əhəmiyyətli olub. Qərbin sanksiyalarının tətbiqi nəticəsində Rusiyanın neftindən və qazından imtina edilməsi istiqamətində addımlar atıldığı bir zamanda Azərbaycanın neft və qaz ehtiyatları əvəzsiz rol alıb”, - deyə deputat bildirib.

O qeyd edib ki, həm də ABŞ lideri məktubda regional və qlobal bazarların sabitləşdirilməsi baxımından trans-Xəzər əməkdaşlığının nəhəng potensialının reallaşdırılmasında Azərbaycanın roluna toxunub.

“Azərbaycan yerləşdiyi coğrafiyasından çox səmərəli istifadə edərək beynəlxalq daşımaların həyata keçirilməsi üçün tranzit nəqliyyat marşurutlarını istifadəyə verib. Rusiya-Ukrayna müharibəsi beynəlxalq daşımaları həyata keçirilən marşurutlar xəritəsinə yenidən baxılmasını vacib edir. İstifadəyə verdiyimiz Şimal-Cənub, Qərb-Şərq tranzit nəqliyyat marşurutlarının, Bakı-Tiblisi-Qars dəmir yolunun, Bakı Beynəlxalq Ticarət Limanının və Cənub Qaz Dəhlizinin beynəlxalq daşımaların həyata keçirilməsində daha təhlükəsiz və rentabelli olması bu gün əhəmiyyətini daha da artırmışdır.

Ümumiyyətlə, Azərbaycanın iştirak etdiyi bütün layihələr nəinki ölkəmiz üçün, həm də dünya iqtisadiyyatının sabitləşməsində böyük rol alır. ABŞ Prezidenti həm də Azərbaycanın alternativ enerji mənbələrinin yaradılmasına investisiyaların cəlb edilməsini də yüksək dəyərləndirib.

Azərbaycan alternativ enerji mənbələrini yaratmaqla qlobal iqlim dəyişikliklərinin baş verməsinə qarşı qlobal çağırışlara qoşulub. Ümumiyyətlə, ABŞ liderinin təbrik məktubları dövlətimizin siyasətini dəstəklədiyini göstərir və bu işdə yanımızda olduğunu bildirməsinin ifadəsi olduğunu hesab edirəm”, - deyə A.Badamov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti