...

Paşinyanın keçirdiyi qorxu, yeni təxribat planı və BMT-dən Rusiyaya verdiyi xəyanət mesajları

Siyasət Materials 24 Sentyabr 2022 09:19 (UTC +04:00)
Paşinyanın keçirdiyi qorxu, yeni təxribat planı və BMT-dən Rusiyaya verdiyi xəyanət mesajları
Elvin Səxavətoğlu
Elvin Səxavətoğlu
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-ın Nyu-York şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında çıxışı zamanı Prezident İlham Əliyevin Laçın şəhərinə səfəri zamanı diqqət çəkdiyi delimitasiya xəritələrindən, son sərhəd gərginliyindən və gərginlik fonunda müttəfiqlərinin İrəvana hərbi dəstək göstərməməsindən danışıb. Paşinyan 20 dəqiqəlik çıxışı zamanı daha çox Prezident İlham Əliyevin delimitasiya xəritələri barədə səsləndirdiyi fikirlərin üzərində dayanıb.

Prezidentin İlham Əliyevin Laçındakı çıxışı və Paşinyanın BMT-dəki qorxu dolu etirafları

Prezident Laçın şəhərində çıxışı zamanı delimitasiya xəritələri ilə bağlı bu fikirləri səsləndirmişdi: "İkinci Qarabağ müharibəsi başa çatandan sonra biz sərhədlərə çıxdıq. Əgər Ermənistan bizi ittiham etmək istəyirsə ki, onların ərazisinə girmişik, bunun heç bir əsası yoxdur. Birincisi, əgər sərhəd onların dediyi yerdə idisə sərhədi quraydılar, sərhəd xətlərini inşa edəydilər, kommunikasiyaları, mühəndis işlərini quraydılar. Onlar hesab edirdilər ki, bütün Qarabağ və Zəngəzur onlara qalacaq. Məhz buna görə Azərbaycan-Ermənistan sərhədində heç bir iş görməmişdilər. Yəni, bizim sərhədimizin delimitasiyası keçirilmədən heç kim deyə bilməz sərhəd haradan keçir. Mən yenə də deyirəm, biz müzakirələrə hazırıq və delimitasiya komissiyalarının - Azərbaycan-Ermənistan komissiyalarının işinə məsuliyyətlə yanaşırıq. Bütün xəritələri toplamışıq. Bir daha demək istəyirəm ki, bütün xəritələr, o cümlədən XIX əsrə, XX əsrə, ondan əvvəlki dövrə aid olan xəritələr bizdədir və o xəritələr açıq-aydın göstərir, kim hansı torpaqda yerləşibdir. Ona görə delimitasiya aparılmadan bizi heç kim ittiham edə bilməz".

Erməni baş nazirin BMT tribunasından Prezident İlham Əliyevin delimitasiya xəritələri ilə bağlı səsləndirdiyi fikirlər barədə mövqeyindən görünür ki,
ölkə baçısının çıxışı onun ciddi narahatlığına səbəb olub, sözün həqiqi mənasında qorxudub.

Paşinyanın çıxışından aydın olur ki, onun özün təmsil etdiyi Respulikanın sərhədlərinin harada başlayıb, harada qurtardığını dəqiq bilmir. Əgər Paşinyanın Ermənistanın tarixi keçmişi, XIX əsrdəki "sərhədləri" barədə narahatlıqları və qorxuları olmasaydı, Prezident İlham Əliyevə qorxu dolu sual ünvanlamazdı.

Nikol Paşinyandan sitat: “Azərbaycan prezidentinə rəsmi və açıq sual verirəm: mənə Ermənistanın elə bir xəritəsini göstərə bilərsinizmi ki, onu qəbul edirsiz, yaxud Ermənistan Respublikası kimi qəbul etməyə hazırsınız? Bunu niyə soruşuram? Çünki aydın ola bilər ki, Azərbaycanın rəsmi mövqeyinə görə, yalnız Ermənistanın yarısı, yaxud ondan da azı Ermənistan Respublikasıdır”.

Nikol Paşinyan həyəcan dolu sualları ilə hazırda paytaxt İrəvan da daxil olmaqla Ermənistan Respublikasının mövcud olduğu ərazilərin bir zamanlar Azərbaycanın torpaqları olduğunu etiraf etmiş olur. Paşinyan bilir ki, Azərbaycan bunu tarixi xəritələrlə, sənədlərlə sübut etməyə qadirdir. Bir sözlə, rəsmi Bakı iddia qaldırsa ki, delimitasiya XIX əsrin xəritələrinə uyğun olaraq aparılsın, o zaman Ermənistanın paytaxtı İrəvan, Göyçə, Zəngəzur və digər ərazilər Azərbaycanın sərhədləri daxilində qalacaq. Paşinyan anlayır ki, bu Ermənistan dövlətinin xəritədən silinməsi deməkdir və o, Bakının iddiası, tarixi faktları qarşısında susmağa məcbur olacaq. Erməni baş naziri qorxudan da Bakının tarixi faktlarla, xətirələrlə və sənədlərlə danışmasıdır. Bu səbəbdən, Paşinyan delimitasiyanın müstəqillik dövrünə aid xəritələrlə aparılmasında, tarixi xəritələrə, sənədlərə müraciət olunmamasında maraqlıdır. Baş nazir bunu BMT-dəki çıxışı zamanı da dilə gətirib.

Nikol Paşinyandan sitat: “Əgər Azərbaycan Ermənistanın ərazi bütövlüyünü nəzəri deyil, praktik tanısa, – 29 min 800 kvadrat kilometrlik beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyümüzü nəzərdə tuturam, – bu o deməkdir ki, sülh sazişini imzalaya bilərik”.

Prezidentin Laçında delimitasiya prosesi ilə bağlı toxunduğunu nüanslardan aydın olur ki, İrəvanın nə düşünməsindən asılı olmayaraq, Bakı tarixi xəritələrə müraciət etməkdə qərarlıdır. Bakı Sovet İttifaqı dövründə çəkilən sərhəd xətirələrinə müraciət etməklə, azından SSRİ-nin müxtəlif vaxtlarda “otlaq sahələri” adı altında Ermənistana verdiyi torpaqları geri qaytara bilər.

Azərbaycanın qəti mövqeyi və Ermənistanın yeni təxribat planı

Paşinyanın delimitasiya xəritələri ilə bağlı qorxu dolu çıxışı isə Ermənistanın sərhədlərin müəyyənləşdirilməsi prosesində maraqlı olmadığını, prosesi uzatmağa çalışacağı barədə ehtimallarını gücləndirir.

Prosesi uzatmaq üçün Ermənistana nə lazımdır? Əlbəttə ki, yeni hərbi təxribatlar üçün bəhanələr…

Erməni baş nazirin BMT-dəki çıxışından da İrəvan yeni təxribatlar törətməkdə maraqlı olduğu anlaşılır. Paşinyanın BMT tribunasından Azərbaycanı Ermənistan ərazisinə hücumda ittiham etməsi, “yeni hücum” təhlükəsinin olması barədə fikirlər səsləndirməsi İrəvanın hansısa tərxibat ssenari üzərində işləməsi ilə bağlı ehtimalları çoxaldır.

Qeyd edək ki, erməni baş nazirin BMT-dəki və Rusiyanın Vladivostok vilayətində keçirilən Şərq İqtisadi Forumundakı çıxışının təxribatlarla bağlı hissəsində ciddi oxşarlıqlar var. Nikol Paşinyan Forumda dünyada baş verən geosiyasi proseslərə işarə edərək bildirmişdi ki, Cənubi Qafqazda da gərginlik yaşana bilər. Paşinyan Vladivostokda olduğu günlərdə dövlət sərhədində atəşkəsin intensiv şəkildə pozulması müşahidə olunurdu. O, Vladivostokdan qayıtdıqdan bir neçə gün sonra Ermənistan ordusu sərhəddə genişmiqyaslı təxribata cəhd göstərdi və sərt cavab aldığı üçün geri çəkilməyə məcbur oldu. Sanki Paşinyan sentyabrın əvvəlində həyata keçirdiyi ssenarini hazırda da tətbiq etmək istəyir. Erməni baş nazir Vladivastokda olduğu kimi Nyu-Yorkda da hərbi gərginlik mesajı verir və hərbi gərginlik mesajı fonunda atəşkəs demək olar ki, hər gün pozulmaqdadır.

Ermənistan mediasının tirajladığı “yeni müharibə” xəbərləri, qarşı tərəfin Qərb dövlətlərindən təcili silah almaq üçün apardığı danışıqlar, həmçinin sıravi ermənilərin hərbi təlimlərə cəlb edilməsi və onlara döyüş bacarıqlarının öyrədilməsi İrəvanın revanşa hazırlaşdığını göstərir. Ermənilərin hərbi hazırlıqları fonunda Paşinyanın BMT-dəki çıxışı hərbi təxribatın olacağı ilə bağlı ehtimalları gücləndirir. Digər ehtimal isə Ermənistan məqsədli şəkildə Paşinyan Nyu-Yorkda olduğu dövrdə atəşkəsi pozur ki, Azərbaycanı cavab tədbiri görməyə təhrik etsin və Bakını “təcavüzkar” kimi göstərərək qərbli havadarlarının diqqətini bölgəyə çəksin, bu yolla ölkəmizə qarşı beynəlxalq təzyiqləri artırsın.

Bölgədə təklənən Paşinyanın BMT-dən verdiyi xəyanət mesajları və Kremlin cəzasından yayınma cəhdləri

BMT tribunasından yeni gərginlik mesajı verən Paşinyan, çıxışı zamanı təklənməsindən, müttəfiqlərinin Ermənistanın təhlükəsizliyinə laqeyd münasibətindən də şikayətlənib və erməni cəmiyyətində üzv olduğu hərbi bloka - Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) inamsızlığın yarandığına işarə edib: “Bu vəziyyət erməni cəmiyyətində çoxsaylı suallar yaratdı”, – erməni baş nazir deyib.

Qeyd edək ki, Ermənistan son toqquşmalardan sonra Rusiyanın başçılıq etdiyi KTMT-yə yardım üçün müraciət etsə də, qurum yalnız sərhədə missiya göndərməklə kifayətləndi. KTMT-nin İrəvanın hərbi yardımla bağlı müraciətini cavabsız qoyması Ermənistanda etiraz aksiyalarına səbəb olub. Etirazçılar rəsmi İrəvandan KTMT-dan çıxmasını tələb edir. Bölgədəki proseslərdən və İrəvanın siyasi davranışlarından aydın olur ki, erməni baş nazirin qərb təhsisatı və NATO-nun hərbi addımlarını dolayı yollarla dəstəkləyən BMT tribunasından KTMT-dakı mütəfiqləri barədə səsləndirdiyi fikirlərin ünvanı Moskvadır. Çünki hərbi gərginlik zamanı digər KTMT üzvlərinin İrəvana yardım etməsi müzakirə mövzusu deyildi. Səbəb isə həmin dövlətlərin Azərbaycanla yaxın münasibətinin olmasıdır. Bunu ermənilər özləri etiraf edir. İrəvanın yardımla bağlı ümid etdiyi hərbi müttəfiqi Moskva isə onu son döyüşlərdə tək buraxdığı üçün Ermənistanın bütün arzuları puç olub və bu səbəbdən, Rusiyaya qarşı ictimai qəzəb artıb. Belə bir məqamda, Paşinyan erməni cəmiyyətinin hərbi gərginlik zamanı kömək etməyən Rusiyaya qarşı qəzəblənməsindən istifadə etməyə çalışır. Məsələn, Paşinyan erməni cəmiyyətinin hiddətindən istifadə edərək, Rusiyaya mesaj verir ki, “Sənin rəhbərlik etdiyin hərbi blok öhtəliklərini yerinə yetirmədiyi üçün xalq oradan çıxmağımızı tələb edir”. Yəni Paşinyan KTMT ilə bağlı öz mövqeyindən daha çox cəmiyyətin mövqeyini önə çıxarır, hərbi blokun tərk edilməsi barədə çağırışların sosial sifariş olduğunu göstərməyə çalışır.

Paşinyan bu siyasi gedişi ilə özünü Kremlin qəzəbindən qorumağı, məsuliyyəti Ermənistan cəmiyyətinin üzərinə atmağı planlaşdırır.
Həmçinin Paşinyan BMT-də müttəfiqləri ilə bağlı səsləndirdiyi fikirlərlə birmənalı olaraq, Rusiyanın qurduğu hərbi və siyasi təhsisatlara nə komandasının, nə də erməni cəmiyyətinin inanmadığını, artıq Ermənistanın üzünü Qərbə çevirdiyini etiraf etmiş oldu.

Bəs Ermənistanın siyasi elitası hansı hərbi, iqtisadi və siyasi resursuna güvənərək ölkələrinin əzəli sahibinə qarşı çıxır?

Çox ehtimal ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin verdiyi hərbi, siyasi və iqtisadi yardım vədləri, sərhəd gərginliyi zamanı Avropanın mərkəzindən verilən bir iki standart dəstək bəyanatı Paşinyanı BMT-də belə bir alovlu çıxışa sövq edib. Reallıqlar isə tam fərqlidir. Ermənistan həm siyasi, həm hərbi, həm də iqtisadi baxımdan Rusiyadan asılı dövlətdir və İrəvanın Moskvanın düşmən olduğu qütbə doğru irəliləməsi intihar cəhdindən başqa bir şey deyil. Bölgədə təkləndiyi bir zamanda Azərbaycana qarşı ərazi iddialarından əl çəkməməsi, həmçinin delimitasiya prosesindən, Zəngəzur dəhlizinin inşasından imitana etməsi isə ümumilikdə Ermənistan dövləti və xalqı üçün uğurlu heçnə vəd etmir.

Xəbər lenti

Xəbər lenti