...

Türk birliyi və Zəngəzur dəhlizi - Prezident İlham Əliyevin 13 il əvvəl verdiyi mesajlar

Siyasət Materials 14 Noyabr 2022 09:16 (UTC +04:00)
Türk birliyi və Zəngəzur dəhlizi - Prezident İlham Əliyevin 13 il əvvəl verdiyi mesajlar
Elvin Səxavətoğlu
Elvin Səxavətoğlu
Bütün xəbərlər

Bakı. Trend:

XIX–XX əsrlərdə dünyada baş verən geosiyasi proseslər türk xalqları arasında əlaqələrin inkişafını ləngitmişdi. Türkdilli xalqlar öz regionlarında qısa müddət mövcud olan dövlətlər qura bilsələr də, bir-birləri ilə əlaqələri inkişaf etdirmək üçün fürsət tapmamışdılar.

XIX-XX əsrlərdə Türk dünyasının inkişafının qarşısını alan hadisələrə nəzər salaq:

- Birinci və İkinci Rus-İran müharibələri nəticəsində imzalanan Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələri Azərbaycanı iki yerə - Şimala və Cənuba parçalandı. Şimalın Rusiyanın, Cənubun isə İranın nəzarəti altına düşməsi nəticəsində hər iki tərəfdə yaşayan eyni köklü xalqların bir-biri ilə əlaqəsi, demək olar ki, kəsildi;

- Rusiyanın Krım müharibəsindən (1853-1856) sonra Mərkəzi Asiya və Qazaxıstanda işğalçılıq siyasətini genişləndirməsi nəticəsində 1868-ci ildə Buxara əmiri imperiya qüvvələrinə tabe olmaqla bağlı müqavilə imzalamağa məcbur oldu. Orta Asiyanın Rusiya tərəfindən işğalı həmin bölgə xalqlarının özünüdərk prosesini zəiflətdi;

- 600 il Yaxın Şərqdə, Afrikanın şimalında və Avropanın şərqində hökmranlıq edən Osmanlı İmperiyası XIX əsrin sonları, XX əsrin əvvəllərində tənəzzül dövrünü yaşayırdı. Osmanlının çöküşündən istifadə edən Rusiya İmperiyanın şərq sərhədlərinə nəzarəti ələ almağa çalışırdı. Mövcud vəziyyəti fürsət bilən Rusiya, Azərbaycanın tarixi torpaqları olan İrəvan, Göyçə və Zəngəzurda erməniləşdirmə siyasəti aparmağa başladı. Nəticədə bölgəyə Osmanlı İmperiyasından və İran ərazisindən çox sayda erməni əsilli ailə köçürüldü. Həmin dövrdə baş verən proseslərə diqqət etsək görərik ki, sanki türk xalqları arasında birbaşa kommunikasiya əlaqəsinin kəsilməsi üçün süni maneənin inşası planlaşdırılırdı. Dünya sonralar bu maneənin siyasi səhnəyə "Ermənistan dövləti" adı altında daxil olduğunu görəcəkdi.

- XX əsrin əvvəllərində Çar Rusiyasının dağılması nəticəsində Azərbaycanın şimalında və Orta Asiyada yaşayan türk xalqları qısamüddətli mütəqillik əldə etdilər. Bir neçə il sonra bolşeviklərin hücumları nəticəsində Azərbaycanın şimalında və Orta Asiyada yaşayan türk xalqları yenidən Rusiya İmperiyasının işğalına məruz qaldı. 1991-ci ildə Sovet Sosialist Respublikalar İttifaqının (SSRİ) dağılması nəticəsində qeyd edilən bölgələrdəki dövlətlər yenidən müstəqillik əldə etdi. Amma türk xalqlarının uzun illər Sovet işğalı altında qalması da onların bir-biri ilə əlaqələrinin inkişaf etməsinə, özünüdərk prosesinə böyük zərbə vurmuşdu.

- 1920-ci ildə Sovet hakimiyyətinin Azərbaycanın Zəngəzur vilayətini Ermənistana verdi. Bu səbəbdən, 90-cı illərin əvvəllərində müstəqillik əldə edən türkdilli dövlətlərin Anadolu türkləri ilə birbaşa nəqliyyat əlaqəsi kəsildi.

Rusiyanın ermənilərdən istifadə edərək türk dünyası ətrafında qurduğu oyun “bəhrəsini” vermişdi.

Yuxarıda sadalanan məqamlar göstərir ki, 200 ilə yaxın müddətdə türk xalqlarının bir araya gəlməsinə, əlaqələrini inkişaf etdirməsinə fürsət verilməyib. Amma 90-cı illərin əvvəllərində Azərbaycanın və Orta Asiyadakı türk xalqlarının müstəqillik əldə etməsi, həmçinin Türkiyənin qeyd edilən bölgələrdə təsirini artırması müstəqil Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan və Qırğızıstan arasında münasibətlərin inkişafına gətirib çıxardı. İqtisadiyyatını yenicə quran türk dövlətləri bir-biri ilə ticarət əlaqələrini genişləndirməyə, siyasi münasibətlərini möhkəmləndirməyə başladılar. Amma onlar Ermənistanın işğalçılıq siyasəti nəticəsində Türkiyə ilə nəqliyyat əlaqələrini Rusiya, İran və Gürcüstan vasitəsi ilə qurmağa başladılar. Hazırda isə vəziyyət tam dəyişib. Türk dövlətlərinin əsas hədəfi öz nəqliyyat dəhlizini yaradıb, aslılıqdan xilas olmaqdır.

Dəyişən geosiyasi vəziyyət və Türk dövlətlərinin birliyi

XXI əsrin əvvəllərində Türk dövlətləri arasında münasibətlər daha yüksələn xətt üzrə inkişaf etməyə başladı. Hətta bir çox hallarda XXI əsrin Türk dünyasının əsri olduğu da vurğulanırdı. Çünki Türk dövlətləri

Türkiyə və Azərbaycanın təşəbbüsü ilə əsrin ilk illərindən təşkilatlanmağa başladılar.

Məsələn, 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində imzalanan Naxçıvan müqaviləsi ilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın üzv olduğu Türk Dövlətləri Təşkilatının əsası qoyuldu. Türkdilli dövlətlərin rəhbərlərinin Naxçıvanda bir araya gəlməsi sanki 200 illik tənəzzül prosesinin başa çatdığının, dirçəliş yolunun açıldığının rəsmi elanı idi.

Zirvə Görüşündə xüsusilə Prezident İlham Əliyevin çıxışı diqqət çəkirdi. Prezident birlik mesajları verməklə türk dünyasını sanki bu gün baş verən proseslərə hazır olmağa səsləyirdi.

Prezidentin Zirvə Görüşündəki çıxışından sitat: “Biz çox istəyirik ki, türkdilli xalqlar, ölkələr arasında birlik daha da güclənsin. Bu, bizim tariximizdir, bizim mədəniyyətimizdir, bizim köklərimizdir. Eyni zamanda, bu, bugünkü vəziyyətin reallıqlarıdır. Biz bilirik ki, beynəlxalq müstəvidə öz mövqeyini müdafiə etmək bəzi hallarda o qədər də asan olmur. Biz birlikdə olsaq, müəyyən məsələlərdə vahid mövqedən çıxış etsək və bu birliyi mütəmadi işlərlə möhkəmləndirsək, bizim beynəlxalq mövqelərimiz daha da güclü olacaqdır. Çünki türkdilli ölkələrdə bütün imkanlar vardır - təbii sərvətlər, neft-qaz yataqları, əlverişli coğrafi vəziyyət, güclü iqtisadiyyatlar, insanların istedadı, mövcud olan yeni infrastruktur. Bütün bu imkanları biz əgər bir yerə toplasaq və bir yerdə cəmləşdirsək türkdilli ölkələr dünya miqyasında böyük gücə çevriləcəkdir. Bu gücə çevrilmək üçün biz səmərəli işləməliyik. Bu, bizim əlimizdədir, bizim iradəmizdən asılıdır”.

Prezident İlham Əliyevin bu çıxışı türk dövlətləri rəhbərlərinə çağırış xarakteri daşıyırdı. Ölkə başçısının səsləndirdiyi fikirlər türkdilli dövlətlər arasında iqtisadi və siyasi əlaqələrin inkişaf etdirilməsinə böyük stimul verdi.

Azərbaycan Prezidenti Naxçıvan görüşündə Zəngəzur bölgəsinin Ermənistana verilməsinin türk dünyasına vurduğu zərbədən də danışmışdı.

Prezidentin Zirvə Görüşündəki çıxışından sitat: “Naxçıvan, eyni zamanda, Azərbaycanın yeganə bölgəsidir ki, Türkiyə ilə həmsərhəddir. Vaxtilə Azərbaycanın tarixi torpağı, əzəli torpağı Zəngəzur bölgəsinin Azərbaycandan ayırıb Ermənistana birləşdirilməsi demək olar ki, böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Yəni türk dünyasının vahid bir ailə kimi, vahid bir qüvvə kimi fəaliyyəti on illiklər ərzində dayandırılmışdır. Ancaq biz bu gün qəbul edilmiş qərarlarla, atılmış addımlarla bu bağlantını daha da gücləndiririk. Düzdür, coğrafi baxımdan bu gün bizim aramızda Azərbaycanın indi Ermənistanın tərkibində olan qədim diyarı - Zəngəzur bölgəsi yerləşir. Ancaq mənəvi baxımdan, siyasi baxımdan və iqtisadi layihələrin həyata keçirilməsi nəticəsində türk dünyasının birləşməsi və bir qüvvə kimi fəaliyyət göstərməsi bu gün reallıqdır, həqiqətdir. Bu həqiqəti biz yaradırıq və bizdən asılıdır ki, bu birlik davam etsin, güclənsin və bizim xalqlarımıza yeni imkanlar yaratsın”.

Birbaşa kommunikasiya əlaqəsi olmasa da, Azərbaycan və Türkiyə ilə Orta Asiya dövlətləri arasında ticari və iqtisadi münasibətlər 2010-2020-ci illərdə də yüksələn xətt üzrə inkişaf etdi.

Azərbaycanın 2020-ci ildə 44 gün davam edən müharibə nəticəsində Qarabağı işğaldan azad etməsi Türk dövlətləri arasında əlaqələrin yeni mərhələyə qədəm qoyması ilə nəticələndi. Prezident Rəcəb Tayyib Ərdoğanın da dediyi kimi, Türkiyənin Qarabağ müharibəsində Azərbaycana göstərdiyi dəstək türk dünyasına böyük cəsarət və özünəinam verdi.

Azərbaycanın Qarabağ zəfəri həm də Türk dövlətləri arasında birbaşa nəqliyyat əlaqəsinin qurulması üçün əməli addımların atılmasına gətirib çıxardı.

Bu məqamda xüsusilə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev 2009-cu ildə Naxçıvanda Türk Dövlətləri Təşkilatının Zirvə Görüşündə Zəngəzurun Ermənistana verilməsinə diqqət çəkməklə uzaqgörənliliyini nümayiş etdirmişdi. Ölkə başçısının bu məsələyə toxunması sanki XXI əsrin ikinci 10 illiyində türk dövlətləri arasında birbaşa nəqliyyat əlaqəsinin qurulması üçün Zəngəzur dəhlizinin gündəmə gələcəyinə işarə idi.

Bu gün Türk dövlətlərinin, hətta bütün dünyanın əsas müzakirə mövzusu Prezident İlham Əliyevin düz 13 il əvvəl toxunduğu – Türk birliyi və Zəngəzur dəhlizidir.

Hazırda Azərbaycan və Türkiyənin rəhbərliyi ilə həm Türk birliyinin qurulması, həm də Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm addımlar atılır. Türk dünyası Türk Dövlətləri Təşkilatının timsalında qlobal oyunçuya çevrilir.

Əlaqələrin inkişafı eyni kökə və mədəniyyətə sahib olan xalqların daha da yaxınlaşmasına, ticarət dövrüyyəsinin artmasına və siyasi münasibətlərin dərinləşməsinə səbəb olur. Hazırda Türk dövlətləri arasında ticarət dövrüyyəsi 536 mlrd. dolları ötüb.

Təbii ki, Türk birliyinin inşası və Türk dünyasının ailəyə çevrilməsi prosesində Prezident İlham Əliyevin böyük əməyi var. Bu baxımdan, ötən il Türk Dövlətləri Təşkilatının İstanbulda keçirilən Zirvə Görüşündə Prezident İlham Əliyevin Qarabağın azad edilməsində göstərdiyi səylərə görə ordenlə təltif edilməsi türk dünyasının Azərbaycan liderinin fəaliyyətinə verdiyi xüsusi dəyərdir.

Vətən Müharibəsindən sonra baş verən proseslər göstərir ki, Türk dünyasında 200 ilə yaxın davam edən qeyri-müəyyənlik dövrü sona çatıb. Hazırda Türk dünyası tarixinin ən parlaq dövrünü yaşayır. Artıq Türk dünyası işğala, hərbi təzyiqə qarşı birgə mübarizə aparır, iqtisadi və siyasi əlaqələrini möhkəmləndirir.

Bundan sonra uzaqgörən türk liderlər imkan verməyəcək ki, eyni kökə və mədəniyyətə malik xalqlar XIX-XX əsrlərdəki qeyri-müəyyənlik dövrünü bir daha yaşasın, bir-birindən uzaq düşünsün.

Prezident İlham Əliyevin Türk Dövlətləri Birliyinin Səmərqənddə keçirilən Zirvə Toplantısında 200 ildən çoxdur İran əsarəti altında yaşayan 40 milyon azərbaycanlının fundamental hüquqları ilə bağlı məsələyə toxunması Türk birliyində Cənubdakı soydaşlarımızın da yer alacağına işarədir.

Təbii ki, hazırda sürətlə qurulan Türk birliyi Cənubdakı soydaşlarımızı da müstəqilliyə, türk dünyasına inteqrasiyaya ruhlandırır.

Hadisələr göstərir ki, Türk dövlətləri Böyük Turan ideasını gerçəkləşdirmək üçün sistemli iş aparmağa başlayıblar. Bu prosesin açar dövləti Azərbaycan, hərəkətverici qüvvəsi isə Prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti