...

Azərbaycan və Gürcüstan baş nazirləri arasında telefon danışığı olub

Siyasət Materials 18 Noyabr 2022 12:42 (UTC +04:00)
Azərbaycan və Gürcüstan baş nazirləri arasında telefon danışığı olub

Bakı. Trend:

Noyabrın 18-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili arasında telefon danışığı olub.

Bu barədə Trend-ə Nazirlər Kabinetindən məlumat verilib.

Telefon danışığı əsnasında hökumət başçıları Azərbaycan ilə Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə bir-birilərini təbrik ediblər.

Çoxəsrlik dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək kimi möhkəm təməllər üzərində qurulmuş Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin hazırkı yüksək səviyyəsindən məmnunluq ifadə olundu.

İki ölkə arasındakı yüksək səviyyəli təmasların, qarşılıqlı səfərlərin Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafındakı rolu təqdir edildi, bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin oktyabr ayında Gürcüstana baş tutmuş səfərinin əhəmiyyəti xüsusi vurğulandı.

Telefon danışığı zamanı, həmçinin Azərbaycan ilə Gürcüstan arasında siyasi, iqtisadi, nəqliyyat, enerji, humanitar və bir çox digər istiqamətlərdə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi.

Baş nazir İrakli Qaribaşvili cari ilin dekabr ayında Tbilisi şəhərində iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi ilə bağlı Baş nazir Əli Əsədovu bir daha Gürcüstana səfərə dəvət etdi. Səfərin Azərbaycan-Gürcüstan əməkdaşlığının gündəliyində duran məsələlərin nəzərdən keçirilməsi baxımından faydalı olacağına əminlik ifadə olundu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti