Bakı. Trend:
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev bölmələrin döyüş hazırlığının qəfil yoxlanılması məqsədilə Komando briqadaları və digər hərbi hissələrdə olub.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Baş Qərargah rəisi komandirlərin qərar qəbuletmə və qüvvələrin tətbiqi üzrə praktiki vərdişlərinin təkmilləşdirilməsi, bölmələrin döyüş hazırlığını, döyüş növbətçiliyinin təşkili və aparılmasını yoxlayıb.
Baş Qərargah rəisi döyüş hazırlığı səviyyəsinin yüksəldilməsində
əsas diqqətin təlim və məşqlərin planlı və sistematik keçirilməsi,
habelə birlik, birləşmə və idarəetmə orqanlarının döyüş
uzlaşmasının təmin olunması, hərbi qulluqçuların fərdi hazırlığı,
döyüş heyətlərinin tapşırıqları dəqiq və vaxtında icra etməsinə
yönəldilməsini tapşırıb.
Təlim və məşqlərin intensivliyi və keyfiyyətinin artırılmasına
toxunan müdafiə nazirinin birinci müavini onların Vətən müharibəsi,
həmçinin son əməliyyatlar, xüsusilə də cari ilin sentyabr ayında
baş vermiş döyüş toqquşmalarında qazanılan təcrübə nəzərə alınmaqla
real döyüş vəziyyətinə uyğun şəraitdə keçirilməsi barədə göstəriş
verib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali
Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ordu
quruculuğu sahəsində aparılan islahatlar haqqında danışan
general-polkovnik K.Vəliyev postmüharibə dövründə görülən tədbirlər
nəticəsində Azərbaycan Ordusunun əməliyyat və döyüş imkanlarının
xeyli artdığını bildirib.
Müdafiə nazirinin göstərişlərini şəxsi heyətə çatdıran Baş Qərargah
rəisi onların icrası ilə bağlı aidiyyəti vəzifəli şəxslər
qarşısında tapşırıqlar qoyub.