Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 10 yanvar 2023-cü il tarixində yerli televiziya kanallarına verdiyi müsahibəsində görülmüş işləri çox əhatəli formada təhlil etdi, Azərbaycan dövləti üçün prioritet olan sahələr üzrə qarşıda duran vəzifələrdən bəhs etdi və Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə çatdırdı. Cənab Prezident müsahibəsində bildirdi ki, İkinci Qarabağ müharibəsindən sonra əsas vəzifə şanlı hərbi Qələbəmizi siyasi müstəvidə də təsdiqləmək idi. Artıq müharibədən iki il keçəndən sonra tam əminliklə demək olar ki, müharibənin nəticələri dünya tərəfindən qəbul edilib. Bu gün Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır. Azərbaycan o ölkələrdəndir ki, öz sözünü açıq deyir, müstəqil siyasət aparır. Bunun təməlində həm hərbi gücümüz, həm də şanlı Qələbəmiz dayanır. Azərbaycan Qarabağ müharibəsindən sonra dəyişdi və regionda yeni reallıqlar yaratdı.
Prezident İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibəsində əsas istiqamətlərdən biri də iqtisadi məsələlər və əhalinin sosial rifah halının yaxşılaşdırılmasının hər zaman diqqət mərkəzində saxlanılacağı ilə bağlı fikirləri oldu.
Qeyd olunmuşdur ki, bir çox ölkələrdə, o cümlədən Azərbaycanda qiymət artımı müşahidə olunur. Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının bir parçası olduğu üçün biz də bu mənfi təsirə məruz qalmışıq. Dünyadakı bu böhranlı vəziyyəti xalqımız üçün yüngülləşdirmək məqsədilə sosial layihələr, sosial proqramlar həyata keçirilir. Ölkə Prezidentinin 5 yanvar 2023-cü il tarixli Sərəncamı da əhalinin rifahının qorunması sahəsində ardıcıl, sistemli tədbirlərin davamı olmaqla, eyni zamanda, yalnız son beş ildə vətəndaş rifahının təminatı istiqamətində artıq 4-cü sosial islahat paketinin icrasına başlanmasını təmin edir. Müharibədən təzə çıxmış, özü də ərazisinin 20 faizi tamamilə dağılmış vəziyyətdə olan ölkə əgər sosial sahəyə bu qədər vəsait ayırırsa, deməli, aparılan sosial siyasət dəyişməz olaraq qalır.
Cənab Prezident bildirmişdir ki, qarşıya qoyulan məqsəd ölkəni daha da gücləndirmək və hər bir vətəndaşın həyatını daha da yaxşı etməkdir. Bunun üçün iqtisadi və sosial sahə həmişə paralel inkişaf etməlidir. O ölkələrdə ki ancaq iqtisadi sahəyə diqqət verilir və sosial sahə kənarda qalır, orada insanlar iqtisadi islahatlardan çox böyük əziyyət çəkirlər.
Minimum əməkhaqqının 15 faiz artması inflyasiyanın fəsadlarının yumşaldılmasına hesablanıb və minimum əməkhaqqı artıq 345 manata çatıb. Pensiyaçıların sosial təminatının yaxşılaşdırılması üçün minimum pensiya 16,7 faiz artırıldı, 280 manata çatdı və bu proses davam etdiriləcək. Son illərin təcrübəsi onu göstərir ki, bu, bir dəfə atılan addım deyil, bu, müntəzəm olaraq atılan addımlardır və iqtisadi imkanlarımız artdıqca, gələcəkdə də buna oxşar addımlar atılacaq. Bu il Azərbaycanda orta aylıq əməkhaqqı 900 manatdan çox olacaq. Mənzillərin verilməsi təcrübəsi davam edəcək. Şəhid ailələri və müharibə əlilləri kateqoriyasına aid olan 1500 ailəyə dövlət tərəfindən mənzillər verildi. 2021-ci ildə isə 3 min mənzil verildi. Bu il də ən azı 1500 mənzil veriləcək. Bu günə qədər 13 min ailə bu imkanlardan faydalanıb.
“Qərbi Azərbaycan” mövzusuna toxunan cənab Prezident bildirmişdir ki, bu gün tam haqlı olaraq “Qərbi Azərbaycan” mövzusunu beynəlxalq arenaya çıxarmışıq. Xüsusi işçi qrupu yaradılıb və vahid konsepsiya üzərində işlər başlanıb. Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar, bu, onların hüququdur, bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır. Biz də Azərbaycan dövləti olaraq əlimizdən gələni etməliyik ki, bu hüququ təmin edək. Biz bunu sülh yolu ilə etmək istəyirik və buna nail olacağıq.
Necə ki, vaxtilə Qarabağ mövzusu bütün Azərbaycan xalqını birləşdirdi və biz istəyimizə nail olduq, eyni yanaşmanı “Qərbi Azərbaycan” mövzusunda da görməliyik. Burada media nümayəndələrinin fəaliyyətinə böyük ehtiyac var - həm ölkə daxilində, həm xaricdə. Bu səbəbdən də çox geniş proqram hazırlanır. Azərbaycanın bütün proqramları bütün sahələrdə bir qayda olaraq icra edilir. Biz heç vaxt reallaşması mümkün olmayan təşəbbüslərlə çıxış etmirik.
Cənab Prezident öz müsahibəsində enerji təhlükəsizliyi məsələlərindən bəhs rdərkən bildirmişdir ki, son illərdə enerji təhlükəsizliyi məsələləri dünya gündəliyində əsas yerlərdən birini tutub. Bu, o deməkdir ki, həmin məsələ daim beynəlxalq təşkilatların, ən nüfuzlu müxtəlif beynəlxalq forumların gündəliyində olub və Azərbaycanın neft-qaz sənayesi layihələrini necə reallaşdırması həmişə tərəfdaşlarımızın böyük hörmətini qazanıb. Lakin Rusiya-Ukrayna müharibəsi başlayandan sonra, ola bilsin başqa məsələlər enerji təhlükəsizliyi məsələlərini geridə qoyub və Avropada gündəlikdə birinci yeri tutub. Bu, izahediləbiləndir. Azərbaycanın enerji resurslarına maraq əhəmiyyətli dərəcədə artıb. Azərbaycan çox ölkələr, o cümlədən, Avropa İttifaqının üzvü olan ölkələr üçün etibarlı tərəfdaşdır. Cənub Qaz Dəhlizi istifadəyə veriləndən sonra Azərbaycan, o cümlədən, Avropa İttifaqı ölkələrinə də qaz ixrac etməyə başladı.
Artıq Avropa İttifaqı ilə enerji dialoqunun başlanmasına start verilib. Bu enerji dialoqu çərçivəsində təkcə təbii qaz yox, eyni zamanda, "yaşıl enerji" və "yaşıl hidrogen" də nəzərdə tutulub.
Laçın-Xankəndi yolunda azərbaycanlı ekofəalların keçirdiyi aksiyaya münasibət bildirən cənab Prezident qeyd etdi ki, ekofəalların aksiyasında iştirak edən gənclər bizim fəxrimizdir. Gecə-gündüz şaxtalı-qarlı havada oradadırlar, öz haqlarını tələb edirlər və bir daha Azərbaycan gəncinin nə qədər yüksək keyfiyyətlərə malik olmasını bütün dünyaya göstərirlər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müsahibəsində ölkəmizin geosiyasi imkanlarını artıran amillərdən bəhs edərkən bildirmişdir ki, Azərbaycanda həm təbii resurslar, həm güclü ordu, həm güclü iqtisadiyyat, vahid xalq, vətəndaş həmrəyliyi, hərbi sənaye kompleksi mövcuddur və bu amillərin qarşısında durmaq çox çətindir.
Rauf Əliyev,
Milli Məclisin deputatı