...

Ulu öndərin gənclər günü təsis etməkdə əsas məqsədi sağlam düşüncəli yeni nəsil yetişdirmək idi - Adil Əliyev

Siyasət Materials 2 Fevral 2023 11:30 (UTC +04:00)
Ulu öndərin gənclər günü təsis etməkdə əsas məqsədi sağlam düşüncəli yeni nəsil yetişdirmək idi - Adil Əliyev
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ulu öndər Heydər Əliyev xalqın ağır günündə hakimiyyətə gəlməklə Azərbaycanı yalnız parçalamaqdan xilas etmədi, dövlətimizin dağılması təhlükəsinin qarşısını aldı. Belə çətin bir dövrdə heç zaman gəncləri də yaddan çıxartmadı, hər zaman onlarla görüşdü, təhsili və qayğıları ilə maraqlandı.

Trend-in məlumatına görə, bunu Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev parlamentdə keçirilən “Heydər Əliyev - müasir Azərbaycan gənclər siyasətinin banisi” adlı dinləmədə deyib.

O qeyd edib ki, Ulu öndər Heydər Əliyevin gənclərlə bağlı üç tarixi qərarı var.

“Bu qərarlar Azərbaycan Respublikasının dövlət gənclər siyasətinin bünövrəsində dayanan təməl daşlarıdır.

Birincisi, 1994-cü il 26 iyulda onun fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Bununla, gənclər siyasətinin həyata keçirilməsinə məsul mərkəzi qurum yaradıldı. Bu həyatımızın o illərdəki mürəkkəb dövründə vacib qərar idi.

İkincisi, Ulu öndərin təşəbbüsü ilə 2 fevral 1996-ci ildə Azərbaycan Gənclərinin 1-ci Forumu keçirildi. Bu forum müasir Azərbaycanda gənclər siyasətinin inkişafına həlledici təkan verdi. Forum dövləti və gəncliyi bir araya gətirən vacib platformaya çevrildi.

Üçüncüsü, 1997-ci il 2 fevral tarixli sərəncamla Ulu öndər 2 fevralı Azərbaycan Gəncləri Günü elan etdi. Beləliklə, Ulu Öndər dövlət və gəncləri birləşdirən həmin platformanı mühüm bir ənənəyə çevirdi.

Zaman keçdikcə biz Gənclər gününün əhəmiyyətini daha da dərindən dərk edirik. 2 fevral Gənclər günü sadəcə formal xarakterli gün deyildir. O, mahiyyət etibarı ilə Azərbaycan Respublikasında gənclərə yönəlmiş sistemli siyasətin və kompleks yanaşmanın təsis edilməsi deməkdir”, - deyə A.Əliyev bildirib.

A.Əliyev vurğulayıb ki, Ulu öndərin gənclər günü təsis etməkdə əsas məqsədi sağlam düşüncəli yeni nəsli yetişdirmək idi.

“Bu, dövlətin və cəmiyyətin mühüm vəzifəsi hesab edildi. Gənclərimizin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakı təmin edilməli idi. Ulu Öndər 2 fevral 1998-ci ildə Gəncləri gününün ilk ildönümü münasibətilə keçirilən tədbirdə gənclərə müraciətində bunları demişdi: Sitat: “Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti və prezidenti sizin - gənclərimizin bütün hüquqlarının qorunmasının təminatçısı olub və bundan sonra da təminatçısı olacaq. Əmin ola bilərsiniz ki, Azərbaycan gənclərinin yaxşı yaşaması, təhsil alması üçün, yaxşı əmək fəaliyyəti göstərməsi üçün bundan sonra da əlimizdən gələni edəcəyik”. Ulu Öndərin illər öncə elan etdiyi siyasət bu gün uğurla davam etdirilir.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev gənclər siyasətini zamanın tələbinə və ruhuna uyğun şəkildə inkişaf etdirir. Eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyeva gənclər sektorunun tərəqqisinə önəmli töhfələr verir. Məhz Ulu Öndər Heydər Əliyevin banisi olduğu sistemli siyasətin və kompleks yanaşmanın cənab Prezident tərəfindən mütərəqqi və ahəngdar surətdə inkişaf etdirilməsinin nəticəsidir ki, biz nəinki “gənclər gələcəyimizdir”, hətta əminliklə Gənclər bu günümüzdür deyə bilərik”, - deyə A.Əliyev əlavə edib.

O qeyd edib ki, təbii ki, söhbət gənclərdən və gənclər siyasətindən gedirsə, ilk növbədə hərbçi gənclərimizi, əsgər və zabitlərimizi xüsusi vurğulamalıyıq. “44-günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun qazandığı böyük Zəfərimizdə onların misilsiz və möhtəşəm rolu olub. “Onların fədakarlıq və qəhrəmanlığı olmadan bizim Zəfərimiz mümkün olmazdı. Zəfərə doğru gedən yolda gənclərimizin əsas qüvvə olduğunu müdrikliklə görən Ulu Öndərin fəaliyyətində gənclər siyasəti prioritet istiqamətlərdən biri kimi müəyyən edilmişdi.

Möhtərəm Prezidentimizin də doğru qeyd etdiyi kimi, torpaqların azad olunması uğrunda ölümün üzünə dik baxan gənclərimiz azad olunan yerləri ilk dəfə görürdülər. Gənclərimiz vətən uğrunda canlarından keçməyə hazır idilər. Şuşaya kiçik çaplı silahlarla dırmaşaraq müqəddəs şəhərimizin azad edilməsi günü bu gün də dünya ölkələrinin hərbçiləri tərəfindən öyrənilməkdə, analiz edilməkdədir. Möhtərəm prezidentimizin misal çəkdiyi digər vacib məqam da var.

44 günlük müharibədə Azərbaycan ordusunda heç bir fərarilik halına rast gəlinmədi. Çünki bu illər ərzində sağlam gənclik yetişmiş və onlar canları bahasına torpaqları azad etməyə hazır idilər. İşğalçı Ermənistan ordusunda isə minlərlə fərarilik halı qeydə alındı və müharibədən iki il keçməsinə baxmayaraq, hələ də Ermənistanda həmin fərariləri müyyənləşdirib, həbs etməklə məşğuldurlar. İşğalçılar anlamadılar ki, bizim gənclər müqəddəs məqsəd uğrunda – torpaqlarımızın azadlığı uğrunda savaşırdılar, erməni gəncləri isə onlara aid olmayan torpaqlarda idilər. İşğalçının məğlubiyyəti qaçılmaz idi”, - deyə A.Əliyev əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti