...

Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi sülh və əməkdaşlığa töhfə verir - Könül Nurullayeva

Siyasət Materials 3 Mart 2023 10:35 (UTC +04:00)

Bakı. Trend:

Qoşulmama Hərəkatı məhz Azərbaycanın sədrliyi dövründə beynəlxalq münasibətlərdə mühüm aktorlardan birinə çevrilib. Ötən gün COVİD-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü də bunu təsdiqlədi. Prezident İlham Əliyev sammitdə çıxışı zamanı bir daha Hərəkatın ali məqsədlərini açıqladı. Qoşulmama Hərəkatının sədri olaraq Azərbaycanın məqsədi ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir. Təsadüfi deyil ki, pandemiyanın başlamasından dərhal sonra COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış edən məhz Qoşulmama Hərəkatı oldu.

BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan hərəkata sədrlik, xüsusilə də sədrliyin daha bir il uzadılması ölkəmizin qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin növbəti nümunəsidir. 2019-cu ildə Hərəkata sədrliyi öz üzərimizə götürərkən də cənab Prezident bəyan etmişdi ki, Azərbaycan beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacaq, həmrəyliyin gücləndirilməsini və qarşılıqlı dəstəyi rəhbər tutacaq. Pandemiyanın dünyanı ciddi sınaqlar qarşısında qoyduğu bir vaxtda, qlobal əməkdaşlığa ehtiyac duyulduğu bu həssas məqamda məhz bu zirvə toplantısının təşəbbüskarı qismində çıxış etməklə Azərbaycan növbəti dəfə həmin prinsiplərə sadiqliyini nümayiş etdirdi. Bu səbəbdən yekun bəyannamədə də bu toplantı Azərbaycan Prezidentinin dəyərli və vaxtında irəli sürülmüş təşəbbüsü kimi xarakterizə olunur.

Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü də 2020-ci il Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə baş tutub. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin ehtiyaclarını müəyyən etmək üçün Zirvə toplantısında yaradılan məlumat bazasına istinad edib. Bir sözlə, Qoşulmama Hərəkatının pandemiya ilə mübarizə üçün qlobal səylərin səfərbər edilməsində liderliyi Hərəkatın nüfuzunu və məsuliyyətini bir daha nümayiş etdirdi.

Bu gün Azərbaycan Hərəkatın institusional inkişafına güclü dəstək verir. Ölkəmizin sədrliyi dövründə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, həmçinin Gənclər Təşkilatı yaradılması bunun əyani sübutudur. Təsadüfi deyil ki, məhz Azərbaycanın sədrliyi dövründə hərəkatın tarixində ilkə də imza atıldı - Qoşulmama Hərəkatı ilə əks qütblərdə yer alan Avropa İttifaqının rəsmisinin zirvə görüşündə iştirakı və çıxışı baş tutdu. Bununla da bütün dövrlərdə olduğu kimi, qlobal pandemiyanın yaratdığı mürəkkəb şəraitdə, dünya ölkələrinin öz sərhədləri daxilində mürəkkəb çağırışlarla üz-üzə qaldığı vaxtda Bakı növbəti dəfə əks qütblərin birləşdiricisi rolunda çıxış etdi.

Prezident İlham Əliyevin də söylədiyi kimi, son bir neçə onillikdə mövcud olan beynəlxalq təhlükəsizlik arxitekturası hazırda köklü dəyişikliklərlə üzləşir, beynəlxalq hüququn norma və prinsiplərinin aşınması beynəlxalq düzəni daha da təhdid edir. Şərq-Qərb qarşıdurması fonunda Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat kimi beynəlxalq arenada daha nəzərəçarpan və səmərəli rol oynamalı, yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməlidir. Azərbaycan haqlı olaraq,
BMT Təhlükəsizlik Şurasında bir daimi yerin Qoşulmama Hərəkatına verilməsini, Hərəkata sədrlik edən ölkənin növbəli şəkildə bu yerə sahib olmasını təklif edir.

“Eyni zamanda Təhlükəsizlik Şurasında Afrikaya da daimi yerlərin verilməsi fikri dəstəklənməlidir” deyən dövlət başçımız bir daha BMT-nin islahatlatlara ehtiyacı olduğunu bəyan etdi. Bu çağırış və təşəbbüslər təhlükəsizlik arxitekturasının formalaşmasında həlledici rol oynaya bilər.

Könül Nurullayeva

Milli Məclisin deputatı

Məqalədə:
Xəbər lenti

Xəbər lenti