Bakı. Trend:
Latviya və Azərbaycan arasında münasibətlər inkişaf edib.
Trend-in məlumatına görə, bunu Latviya Respublikasının Prezidenti Egils Levits 10-cu Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı deyib.
O qeyd edib ki, Azərbaycan Qoşulmama Hərəkatında aparıcı rol oynayıb.
"Azərbaycan siyasi baxımdan sülhün necə qurulması, qlobal məsələlərin həlli ilə bağlı bir sıra ölkələri ilhamlandırıb. Bu forum çərçivəsində iştirakçılar bir sıra məsələləri nəzərdən keçirəcək. Forumun sonunda veriləcək tövsiyələri səbirsizliklə gözləyirəm", - Latviya Prezidenti bildirib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb.
Martın 11-dək davam edəcək Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunulacaq, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılacaq. Həmçinin qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər əsas müzakirə mövzularından olacaq. İştirakçılar Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşəcək, populizmin və ekstremizmin mənbəyini araşdıracaq, ona qarşı səmərəli mübarizə yollarını müəyyənləşdirəcəklər.
