...

İranı ikitərəfli münasibətlərə xələl gətirən addımlardan çəkinməyə çağırırıq - Sahibə Qafarova

Siyasət Materials 7 Aprel 2023 11:07 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

İran parlamentini Azərbaycana qarşı bu cür təxribatlara son qoymağa və iki tərəfli münasibətlərə xələl gətirə bilən hərəkətlərdən çəkinməyə çağırırıq.

Trend-in məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.

Spiker qeyd edib ki, aprelin 5-də İran parlamentində Azərbaycana qarşı qərəzli siyasi aksiya təşkil olunub, saxta və uydurma ittihamlar üzərində qurulan bəyanat qəbul edilib. Təəssüf ki, Azərbaycan torpaqlarını 30 il işğal altında saxlamış, xalqımızın əsrlər boyu yaratdığı sərvətləri vəhşicəsinə talan edən Ermənistana bir dəfə də etiraz etməyən, hətta ona müxtəlif vasitələrlə dəstək verən İran bu gün Azərbaycanın İsraildə səfirliyinin açılmasından narahat olur.

S.Qafarova bildirib ki, hamı bilməlidir ki, Azərbaycan müstəqil dövlətdir və hansı ölkə ilə necə münasibətlər qurması onun öz daxili işidir. “Azərbaycanın suverən hüquqlarına qarışmağa heç kəsin ixtiyarı yoxdur. Biz İran parlamenti tərəfindən ölkəmizə qarşı irəli sürülən əsassız ittihamları qətiyyətlə rədd edirik. İran parlamentini Azərbaycana qarşı bu cür təxribatlara son qoymağa və iki tərəfli münasibətlərə xələl gətirə bilən hərəkətlərdən çəkinməyə çağırırıq”, - deyə S.Qafarova vurğulayıb.

O əlavə edib ki, bu gün bəzi müəyyən qüvvələr Azərbaycan torpaqlarının düşmən tapdağından azad edilməsi, tarixi ədalətin bərpa olunması ilə heç cür barışa bilmirlər.

“Onlar ölkəmizə böhtanlar atır, bölgədə münaqişəni yenidən alovlandırmağa, Ermənistanla Azərbaycan arasında uzun müddətli sülh yaratmaq səylərini pozmağa çalışırlar”, - deyə spiker əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti