Bakı. Trend:
2018-ci il aprelin 11-də Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkilərində xalq doğru seçim edərək yenidən İlham Əliyevə səs verməklə müdrik addım atdı. Bu seçimlə xalqımız Azərbaycanın gələcəyini etibarlı təminat altına almış oldu, ölkəmizin inkişafına, uğurlu və əmin gələcəyinə, təhlükəsizliyinə, müstəqilliyinin möhkəmlənməsinə, tərəqqiyə və rifaha səs verdi.
Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, o zaman növbədənkənar prezident seçkilərinin keçirilməsi zərurətə çevrilmişdir. “Azərbaycan ərazilərinin uzun illər boyu davam edən işğalına tezliklə son qoymaq üçün dövlətin daha da gücləndirilməsinə, ölkə daxilində islahatları sürətləndirərək çevik idarəetmənin qurulmasına, millətin hakimiyyətə etimadının bir daha sınaqdan çıxarılmasına, güvənməsinə əmin olmaqdan ötrü növbədənkənar seçkilərin keçirilməsi zəruri idi. Yaranmış mürəkkəb beynəlxalq şərait, müxtəlif dövlətlər arasında münasibətlərin gərginləşməsi çevik addımların atılmasını labüd etmişdi”, - deyə o qeyd edib.
O bildirib ki, seçki marafonunda 8 namizəd iştirak edirdi. “Yeni Azərbaycan Partiyasının bu seçkilərdə namizədi, partiyanın Sədri cənab İlham Əliyev olmuşdur. Seçkilərdə səsvermə hüququna malik olan vətəndaşların 74.3 % iştirak edirdi. Şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin – 86,02 faizinin səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu seçkilər Azərbaycan tarixində yeni bir inkişaf mərhələsinin başlanğıcı oldu”, - deyə A.Həsənova vurğulayıb.
Deputat qeyd edib ki, xalqın seçimini Prezident İlham Əliyevin xeyrinə müəyyən edən bir çox amillər mövcud idi.
“Cənab İlham Əliyevin 2003-2018-ci illər ərzində prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, mühüm uğurlar əldə edib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı dəfələrlə artıb, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənib, ölkəmiz beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevrilib. İnsan amili, xalqın rifahı və milli maraqlar hər zaman dövlət siyasətinin strateji prioritetləri olub, işsizliyin və yoxsulluğun səviyyəsi minumuna düşüb”, - deyə A.Həsənova əlavə edib.
O bildirib ki, növbədənkənar prezident seçkilərindən sonra ölkə
yeni inkişaf mərhələsinə qədəm qoydu. “Həmin mərhələ islahatların
dərinləşdirilməsi və təcavüzkar Ermənistanın işğalı altında olan
ərazilərin azad edilməsinə son hazırlıq işləri ilə
səciyyələnirdi.
Cənab İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanın əldə
etdiyi ən böyük uğur ərazi bütövlüyümüzün bərpası idi. Azərbaycan
torpaqlarının 20 faizi 30 ilə yaxın bir müddət ərzində erməni
işğalı altında olub. Həmin dövrdə Azərbaycanın qarşısında duran ən
mühüm məsələ ərazi bütövlüyünün bərpası idi. Ərazi bütövlüyünün
bərpası üçün isə güclü ordu ən əsas şərtlərdən biri idi. Cənab
Prezident bu məsələyə xüsusi diqqət yetirirdi. Aparılan məqsədyönlü
siyasət nəticəsində Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu
siralarına daxil olmağı bacardı. Bununla yanaşı cənab Prezident
İlham Əliyev beynəlxalq müstəvidə də mühüm işlər apardı,
Azərbaycanın haqlı mövqeyini dünya ictimaiyyətinin diqqətinə
çatdırdı, ən yüksək tribunalardan çıxışları zaman daim bu məsələni
diqqətdə saxladı.
Və nəhayət 2020-ci ildə Azərbaycan ən ali məqsədinə nail olmağı bacardı. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı.
44 günlük Vətən müharibəsi nəticəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi qüdrətli ordumuz erməni işğalına son qoyaraq ərazi bütövlüyünü bərpa etdi. Bu zəfər Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcı oldu, ölkəmiz bu şanlı qələbəsi ilə regionda yeni reallıqlar yaratdı və dünyaya yeni bir nümunə göstərdi, torpaqlarını öz gücü hesabına azad etdi, BMT qətnamələrini özü yerinə yetirdi.
Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi 30 illik dövr ərzində Azərbaycan dövlətinin daha da güclənməsi üçün aparılan uğurlu islahatların və uzaqgörən xarici siyasətin məntiqi nəticəsidir.
Artıq bütün dünya Azərbaycanın yaratdığı yeni reallıqları qəbul edir. Azərbaycan bütün bu nailiyyətlərə cənab Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən və milli maraqlara söykənən siyasəti nəticəsində nail olub”, - deyə deputat əlavə edib.