...

Türkiyədə seçkilər bitdi: yeni, türk əsrinə başlayırıq

Siyasət Analytics 29 May 2023 00:15 (UTC +04:00)
Türkiyədə seçkilər bitdi: yeni, türk əsrinə başlayırıq
Elçin Alıoğlu
Elçin Alıoğlu
Bütün xəbərlər

Türkiyədə keçirilmiş prezident seçkilərinin ikinci turu başa çatdı. Ölkənin indiki dövlət başçısı Rəcəb Tayyib Ərdoğan qalib gəldi.

Onun vahid namizəd olduğu "Cumhur İttifaqı"nı seçkilərin ilk turunda dəstəkləmiş seçicilər bu gün də aktiv oldular.

Türkiyədə keçirilən ikinci tur prezident seçkilərində Rəcəb Tayyib Ərdoğan 52,14 faiz, Kamal Kılıçdaroğlu isə 47,86 faiz səs topladı.

Ərdoğanın rəqibi, müxalifətdəki partiyaların 6-nın bir araya gəldiyi "Millət İttifaqın"ndan olan vahid namizəd, Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlu isə təbliğat-təşviqat kampaniyasındakı bəyanatları ilə vədlərinə rəğmən, məğlub oldu.

Qələbə sadəcə, Ərdoğanın və ya onun rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının (AKP) uğuru deyil: qalib gələn Türkiyə siyasətindəki praqmatizm, ölkə vətəndaşlarının rasional seçimi və dövlətin taleyini böyük geosiyasi güclərin istəklərinə qurban vermək istəməyən imkanlar oldu.

Qələbə həm də sadəcə, Türkiyənin seçimi olmadı, çünki Türkiyə əslində Türkiyədən böyük olduğu üçün, türkdilli dövlərdəki insanlar da seçkiləri həyacanla izləyirdilər.

Məhz bu səbəbdən bu gün seçkilərin ilkin nəticələri məlum olan kimi, Azərbaycandan tutmuş, Tatarıstana və Başqırdıstana, Suriyanın şimalından tutmuş Fələstinə və Liviyaya qədər geniş coğrafiyada milyonlarla insanlar küçələrə çıxaraq Ərdoğanın qələbəsini bayram etdilər.

Türkiyənin özündə prezident seçkilərinin ikinci turundan sonra kütləvi iğtişaşlar, etiraz aksiyaları, yürüşlər və toqquşmalar olacağı ilə bağlı "təxmin"lər verənlər yanıldılar.

Tam əksinə, məğlub olmuş CHP sədri Kamal Kılıcdaroğlu az öncə 6 dəqiqəlik çıxışı ilə uğursuzluğunu etiraf etdi, postunu tərk etməyəcəyini bəyanladı və tərəfdarlarını bundan sonra da fəal siyasi mövqedə qalmağa səslədi.

Yetərincə sivil, normal və adekvat çağırışdır.

Fəqət, belə davranış prezident və parlament seçkilərindən əvvəl olmalı idi.

Əvəzində K.Kılıcdaroğlu əsassız suçlamalar, isteriya həddində bəyanatlar, absurd ittihamlar lüğətini seçdi və bununla da kifayətlənməyərək, terrorçu PKK təşkilatının siyasi qolu olan "Xalqların Demokrat Partiyası"na (HDP) müttəfiqlik təklif edib.

Məhz HDP-nin 8-10 faizlik səs tabanınna bel bağlayan Kılıcdaroğlu Türkiyənin şimal-şərq və cənub-şərq bölgələrində qələbəni planlamışdı.

Onun planları puç oldu: parlament seçkilərində kürdlər həmişə olduğu kimi, HDP-yə səs verərək Kılıcdaroğlunun "Millət İttifaqı"ndakı partiyaları dəstəkləmədilər və bu minvalla Türkiyə Böyük Millət Məclisindəki təmsilçilik səviyyəsini artırdılar.

Kılıcdaroğlunun digər müttəfiqlərindən Muhərrem İncə ümumiyyətlə, mübarizədən geri çəkildi, İYİ Partiyanın sədri Meral Akşener isə sözdə CHP lideri dəstəkləsə də, işdə öz partiyasına deputat mandatı qazandırmağa çalışdı.

Beləliklə, CHP parlament seçkilərində məğlub olmaqla yanaşı, 2018-ci ildəki seçkilərlə müqayisədə irəliləmək əvəzinə, gerilədi, TBMM-dəki mandatlarının azalması ilə barışmalı oldu.

Ərdoğanın sədrlik etdiyi AKP isə mövqelərini daha da gücləndirməklə yanaşı, müttəfiqi Milliyətçi Hərəkat Partiyasının (MHP) mandatlarının əhəmiyyətli dərəcədə artırmasına nail oldu.

MHP də seçkilərin sürpriz nəticələrinə nail oldu: ekspertlərin tam əksəriyyəti Dövlət Baxçelinin başçılıq etdiyi partiyanın seçkilərdə maksimum 5,5 faiz səs toplayacağını desələr də, sonucda MHP səslərin 10,2 faizini aldı.

Və ən nəhayət, seçkilərin əsas sürprizi "Ata İttifaqı"nın vahid namizədi Sinan Oğan oldu. Onillər boyu Türkiyənin daxili siyasətində partiyalararası parlament və bələdiyyə seçkiləri mübarizəsində tutacağı tərəfin qələbəsini təmin etmək iqtidarında olan kürd siyasi təşkilatların inhisarına son qoyan Sinan Oğan milliyyətçilər, atatürkçülər və "bozqurdlar"ın təmsilçisinə çevrilərək irəlilədi.

Onun topladığı 5,2 faizlik səs də seçkilərin fenomeni sayıla bilərdi.

İlk turdan sonra o, CHP və AKP arasında danışıqlar aparacaq siyasi fiqur qismində dəyərləndirilsə də, S.Oğan "Cumhur İttifaqı"nı seçdi və tərəfdarlarını Ərdoğana səs verməyə çağırdı.

Seçkilərin geosiyasi yönlərinə gəldikdə isə, Türkiyədə Ərdoğanın hakimiyyəti tərk etməsinə və onun yerinə Kılıcdaroğlunun, yəni kollektiv Qərbin asanlıqla idarə etdiyi və bundan sonra lap rahat manipulyasiyalara məruz qoyacağı fiqurun gəlişinə nail olmaq istəyən dövlətlərlə təşkilatlar pərişan oldular.

Türkiyə vətəndaşları və türk xalqı seçimini edərək 21 ildən bəri ölkəni idarə edən Ərdoğana bundan sonra da 5 illik səlahiyyət verdi.

Qarşıdan gələn illər Türkiyə ilə yanaşı, bütün türk dünyasının, türk dövlətlərinin inkişaf dövrü olacaq. Rəcəb Tayyib Ərdoğanın yürütdüyü siyasətin geosiyasi müstəvidəki əks-sədaları hələ uzun illər boyu regional siyasi düzəni dəyişməklə yanaşı, qlobal geosiyasi qüvvələr nisbətinə də təsir edəcək.

Formalaşmaqda olan geosiyasi konfiqurasiyada Azərbaycan-Türkiyə münasibətləri xüsusi, hətta əlahiddə yer tutur. Türkiyədəki seçkiləri türklər qədər diqqətlə və aramsız təqib edərək izləyən Azərbaycan vətəndaşları, habelə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar indi qələbəni bayram edirlər.

Səbəb çox sadədir: Türkiyə-Azərbaycan qardaşlığı bundan sonra daha da güclənəcək.

Kamal Kılıcdaroğlunun sədrlik etdiyi Cumhuriyyət Xalq Partiyasına, yəni CHP-yə gəldikdə isə, bu şərəfli, ləyaqətli və qocaman siyasi təşkilata, çox zəngin və qürurlu keçmişlə ənənələrə malik partiyaya sayğımız böyükdür.

Bu səbəbdən də CHP-nin sədr postuna seçkilər keçirilməli, Kamal Kılıcdaroğlu kimi diletant siyasətçi və bacarıqsız, xarizmdan kənar adamın yerinə nüfuzlu, bacarıqlı və layiqli şəxs seçilməlidir.

Seçkilər başlar, bitər. Əsas Türkiyədə xalqın bir olması, dövlətinə sahib çıxmasıdır.

Rəcəb Tayyib Ərdoğan da sadəcə, ona səs verənlərin yox, hamının, bütün Türkiyənin prezidentidir - sağçının da, solçunun da, demokratın da, ülküçünün də.

Türkiyə gələcəyə gedir - keçmişini unutmayaraq, bu gününü yaşayaraq.

Azərbaycanla çiyin-çiyinə.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti