Bakı. Trend:
Xəbər verdiyimiz kimi, ötən həftə yayılan görüntülərə əsasən qeyri-qanuni erməni silahlı dəstələri gizli yollarla Qarabağda silah daşımağa davam edir. Kadrlarda hərbi kolonla ermənilərin döyüş mövqelərinə təminat daşınması icra edilir.
Sülh danışıqları fonunda Qarabağda silah daşınması və digər təxribat yönümlü hərəkətlər nümayiş olunur. Bu isə ilk növbədə sülh gündəliyinə əngəl törədən əsas məqamlardır. Ermənistan siyasi hakimiyyəti bir tərəfdən sülh bəyanatları versə də, təxribatçı əməllərindən çəkinmir. Yerli və xarici ekspertlər isə hesab edirlər ki, ilk növbədə Ermənistan Qarabağın Azərbaycanın bir hissəsi olduğunu qəbul etməlidir və təxribat yönümlü hərəkətlərə son qoymalıdır.
Monteneqronun sabiq prezidenti Filip Vuyanoviç Şuşada “Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı bir sıra vacib məqamlara toxunmuşdu
Stat: "“İki ölkə arasında sülh tezliklə bərpa olunmalıdır. Beynəlxalq ictimaiyyət də buna dəstək göstərməlidir. Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımalıdır. Bu, beynəlxalq hüquqa da hörmət deməkdir. Həmçinin davamlı sülhə nail olmağın bir yoludur”.
Trend-ə özəl açıqlamasında BMT Baş Assambleyasının 75-ci prezidenti, Türkiyənin sabiq Avropa Birliyi İşləri Naziri, Türkiyə parlamentinin üzvü Volkan Bozkır isə vurğulayıb ki, Azərbaycan bölgədə sülhün təmin edilməsi tərəfdarıdır. Lakin sülh prossesi üçün tək tərəfin təşəbbüsü yetərli olmur.
“30 illik işğal dövründə Qarabağda cinayətlər törədildi. Azərbaycan öz torpaqlarını işğaldan azad etdi və bütün yaşananlara rəğmən Ermənistana sülh əli uzatdı. Ermənistan bu sülh əlini tutmalı və addımlar atmalıdır. Amma, təəssüf ki, Ermənistandan bu addımları görmürük. Hazırda Ermənistanın daxilində dağınıqlıq hökm sürür. Digər bir məqam isə erməni diasporasıdır. Ermənistanda yaşayan əhali kasıb həyat sürür. İqtisadi cəhətdən getdikcə zəifləyirlər. Bu problemlərdən tək çıxış yolu isə Azərbaycanla sülhdür".
V.Bozkır əlavə edib ki, dünyanın müxtəlif yerlərində, yaxşı şəraitdə yaşayan ermənilər yerli əhalinin müsbət addım atmasına mane olurlar.
“Çünki onlar illərlə Azərbaycana,Türkiyəyə səbəbsizcə düşmən olublar. Bu düşmənlik olmasa, onların bir varolma səbəbi olmayacağını düşünürlər. Bunu həll etmələri asan olmayacaq. Lakin dünyada reallıq deyə bir anlayış var. Azərbaycan Qarabağı işğaldan azad etdi. Ermənilər bunu qəbul etsələr də, etməsələr də Qarabağ Azərbaycandır. Sülhün imzalanması üçün qarşıda bir sıra məsələlər durur. Məsələn Zəngəzur dəhlizi açılmalıdır. Azərbaycanın güclü mövqeyi bu məsələlərin həlli istiqamətində önəmli rol oynayacaq. Türkiyə də bütün gücü ilə Azərbaycanın yanındadır”,- deyə V. Bozkır əlavə edib.
Trend-ə özəl açıqlamasında Bosniya və Herseqovinanın sabiq xarici işlər naziri Zlatko Laqumciya isə qeyd edib ki, Ermənistanın sərhəddə təxribatlar törətməsi zəiflik əlamətidir.
“Mənim təcrübəm onu deməyə əsas verir ki, adətən zəif dövlətlər təxribatlar törədərək nələr isə əldə etməyə çalışır. Ermənistanın əhəmiyyətli dərəcədə nəsə etməyə gücü yoxdur. İşğal dövründə belə burada olan ermənilər də reallığı bilirdi. Onlar başqasınln torpağında idilər, bunu bilirdilər. Çünki 30 illik işğal dövründə Qarabağda heç bir quruculuq işi görməyiblər. Ancaq dağıdıb, talayıblar. Bu da bir zəiflikdir. Lakin Azərbaycan reallığı ortaya qoydu və Qarabağın kimə aid olduğunu göstərdi. Azərbaycan qalib və güclü dövlətdir.
Ermənistan tərəfindən törədilən təxribatlar isə sadəcə zəiflik göstəricisidir və heç bir nəticəsi olmayacaq”,- deyə o əlavə edib.
Azərbaycan ərazisində yaşayan ermənilər faktiki olaraq Azərbaycan vətəndaşlarıdır. Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası yeganə yoldur. Onlar Azərbaycan əhalisinin bir hissəsidir. Ermənistan hakimiyyəti yeni reallıqlar fonunda Qaraqbağda silah daşımaq əvəzinə erməni cəmiyyətində sülhə hazırlıq işləri görməlidir. Əgər sözdə bəyanatları əməldə icra etmək istəyirlərsə...