Laçın. Trend:
Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvləri Laçında qurulmaqda olan Aqro Sənaye Parkını ziyarət ediblər.
Trend xəbər verir ki, onlara sənaye parkının imkanları barədə ətraflı məlumat verilib. Aqro Sənaye Parkının Laçının iqtisadi dirçəlişi və əhalinin məşğulluğu baxımından xüsusi əhəmiyyət kəsb etdiyi qeyd olunub. Diqqətə çatdırılıb ki, burada 46 şirkət fəaliyyət göstərəcək və ümumilikdə 1200-ə yaxın laçınlı işlə təmin olunacaq.
Xatırladaq ki, bu gün diplomatik korpus nümayəndələri Laçına yola düşüblər.
Nümayəndə heyətinin tərkibinə akkreditə olunmuş 33 ölkədən və 10 təşkilatdan ümumilikdə 60-a yaxın diplomat və hərbi attaşe daxildir.
Diplomatlar artıq Laçında aparılan yenidənqurma və abadlıq işləri ilə tanış olub, həmçinin 1 Dekabr küçəsində salınmış ilk yaşayış məhəlləsinə baxış keçirib, artıq yurd-yuvasına geri dönmüş sakinlərlə söhbət ediblər.
Daha sonra Bayraq Meydanı, Həkəri çayının sahilində salınan Heydər Əliyev küçəsi və “Laçın bulvarı” ziyarət ediləcək.
Diplomatik korpus nümayəndələrinin Zabux kəndində tam sürətlə davam edən tikinti quruculuq işləri ilə də yaxından tanış olması planlaşdırılır.
Səfərin son dayanacağı kimi xarici diplomatlar Zəngilanın Ağalı kəndinə yollanacaqlar.
(Tərcümə: Rəna Əbdürəhmanova)