Bakı. Trend:
Son günlər regionda erməni tərəfinin təxribatları fonunda siyasi proseslər də dəyişkən hal alıb. Bir tərəfdən Ermənistan baş naziri Nikol Paşinyan "Qarabağ Azərbaycandır" demək məcburiyyətində qalır, digər tərəfdən isə şərti sərhəddə silah səsləri eşidilir.
Azərbaycana qarşı müxtəlif dariələrdə məkrli planlar hazırlanır, müxtəlif iddialar səsləndirilir. Əlbətdə, bu qüvvələr artıq Azərbaycana təsir edə bilməyəcəklərini anlayıblar. Lakin erməni havadarları yenə də öz əməllərindən əl çəkmirlər.
Laçında səfərdə olan Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee Azərbaycan-Ermənistan münasibətlərindən danışıb.
""Azərbaycan xalqına bu torpaqlarda hər şeyin ən yaxşısını arzu edirik. Pakistanlılar da tezliklə buraya gəlib bu gözəl yerləri görməkdən çox məmnun olar. Ümid edirəm ki, tezliklə Cənubi Qafqazın iki qonşusu arasında tam normallaşmaya aparan sülh müqaviləsi olacaq".
Onun sözlərinə görə, Laçının turizm üçün böyük potensialı var, şəhərin gözəl təbiəti, uca dağları, yaşıllığı və bir çox digər xüsusiyyətləri uzunmüddətli perspektivdə turistləri cəlb edə bilər.
"İşğaldan azad olunmuş rayonlarınızın əksəriyyətini görsəm də, Laçına ilk dəfədir gəlirəm. Bu bölgənin təbiətinin gözəlliyindən, möhtəşəm landşaftından, həmçinin yüksək sürətlə davam edən yenidənqurma işlərindən həqiqətən mütəəssir oldum", - deyə səfir vurğulayıb.
Trend-in suallarını cavablandıran Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədli qeyd edib ki, Ermənistan Rusiyanın yaratdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, Avrasiya İqtisadi İttifaqının üzvüdür və Rusiya ilə həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə müttəfiqlik münasibətləri var:
"Ancaq bütün bunlara baxmayaraq, son 5 ildə, Ermənistanda Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistanın xarici siyasətində çox ciddi fərqlər müşahidə edilməkdədir".
O bildirib ki, Ermənistan Rusiya ilə tərəfdaşlıq münasibətləri olmasına baxmayaraq, Qərblə də əlaqələrini dərinləşdirmə siyasəti həyata keçirir.
“Misal üçün, Ermənistan Azərbaycanla sərhəddə Avropa İttifaqının müşahidəçilərini dəvət etdi və onların içərisində xeyli sayda hərbçilər də var" - deyə o qeyd edib.
Politoloq İlqar Vəlizadə isə belə hesab edir ki, Paşinyan da öz çıxışlarında bu gərginliyi özünəməxsus şəkildə yozur.
"Beləliklə, süni olaraq həm danışıqlara, həm də əldə olunan müəyyən razılıqların reallaşmasına maneəçilik törədir. Amma nə qədər də xarici qüvvələrin təsiri olsa da, əgər Ermənistan siyasi rəhbərliyinin istəyi olmasa, onlar bu gərginlikdən istifadə edə bilməyəcək. Deməli, burada yalnız xarici qüvvələrin istəyindən yox, Ermənistanın siyasi rəhbərliyinin iradəsindən də çox şey aslıdı", - deyə İ.Vəlizadə bildirib.
Onun sözlərinə görə, Ermənistan bu gərginliyə rəvac yaradır, istifadə edir və çox güman ki, bu gərginliyin yaradılmasında özləri də iştirak edir.
"Ona görə də məsələ təəssüflər olsun ki, regionda qeyri-stabil olaraq qalır. Düşünürük ki, Ermənistan yaxın müddətdə öz mövqesini dəyişəcək. Dəyişməsə, Azərbaycan tərəfinin mövqeyi bəllidir. Biz bunu heç vaxt gizlətməmişik. Əgər gərginlik davam etsə, Ermənistanla sərhədi heç vaxt açmayacağıq. Qarabağda yaranan süni gərginlik bizə başqa yol qoymur",- deyə İ. Vəlizadə əlavə edib.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev isə qeyd edib ki, Azərbaycanın haqlı tələbi olan və Ermənistanın öz üzərinə götürdüyü öhdəlik - Zəngəzur dəhlizinin açılması da tezliklə gerçəkləşəcək.
"Bizim bu haqlı tələbimizin gerçəkləşməsinə isə heç kimin
şübhəsi olmasın. Ermənistan həm də nəzərə almalıdır ki, 1920-ci
ilin dekabrında bolşeviklərin əzəli torpaqlarımızda süni yaradılmış
Ermənistan Respublikasına zorla Azərbaycandan qoparıb verdiyi doğma
Zəngəzuru geri tələb etmək hüququnu özündə saxlayır. Xüsusilə
nəzərə alsaq ki, Ermənistan 2020-ci il noyabrın 10-da imzaladığı
kapitulyasiya aktında bu öhdəliyi öz üzərinə götürmüşdür. Ancaq bu
günə qədər bu öhdəlik yerinə yetirilməyib", - deyə o əlavə
edib.
Vətən müharibəsindən sonra Azərbaycanın mövqeyi stabil
olaraq qalıb. Sülh təklif edən də Azərbaycan oldu, məsələlərin
danışıqlar yolu ilə həllini dəstəkləyən tərəf də məhz
Azərbaycandır. Əgər Ermənistan hakimiyyəti prosesi uzadaraq növbəti
30 ildə də Azərbaycan üçün təhdid yaratmağı düşünürsə, ciddi səhvə
yol vermiş olacaq. Artıq Azərbaycan bütün dünyaya öz hərbi-siyasi
iradəsilə məsələləri həll etmək iqtidarında olduğunu sübut
etdi.