...

Cinayət və cəza: Azərbaycan cəlladları bağışlamayacaq

Siyasət Analytics 3 Avqust 2023 14:02 (UTC +04:00)
Cinayət və cəza: Azərbaycan cəlladları bağışlamayacaq
Elçin Alıoğlu
Elçin Alıoğlu
Bütün xəbərlər

Bakı. Trend:

Onillər əvvəl Azərbaycan xalqına və dövlətinə qarşı cinayətlər törətmiş, dinc insanları qətlə yetirmiş, silahsız sakinlərə divan tutmuş şəxslər indi əməllərinə görə məsuliyyətə cəlb ediləndə narazılıqlar başlanır.

Ermənistanla şərti dövlət sərhədindəki, Laçın rayonundakı sərhəd nəzarət-buraxılış məntəqəsində (SBNM) saxlanılan Vaqif Xaçaturyanla bağlı isterika, propaqanda və Azərbaycana təzyiq cəhdləri buna sübutdur.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXÇ) avtomobili ilə Xankəndindən Ermənistana yollanmaq istəyən V.Xaçaturyan Birinci Qarabağ Müharibəsi dönəmində Meşəli kəndində dinc sakinlərə qarşı törədilmiş qətliamın bilavasitə iştirakçılarından biri olub.

O, azərbaycanlı əsirlərə və girovlara da dəhşətli işgəncələr verib.

Vaqif Xaçaturyan hərbi cinayətkardır və təbii ki, əməllərinə görə ədalət məhkəməsi qarşısında durmalı, törətdiyi qəddarlıqların və vəhşiliklərin cavabını verməlidir.

Birinci Qarabağ müharibəsi zamanı azərbaycanlılara qarşı kütləvi qətliamlar və deportasiya həyata keçirilib, Meşəli faciəsi də bu cür soyqırımlardan biridir. Meşəli faciəsinin araşdırılması və günahkarların bəlirlənməsi ilə təhqiqatla istintaq tam başa çatmayıb. Buna rəğmən, faciəni törədən ermənilərin əksəriyyətinin kimliyi bəllidir.

Vaqif Xaçaturyan həmin cəlladların arasında yer almış canilərdən biridir.

Onun Laçın SBNM-də saxlanması Azərbaycanın mövcud qanunvericiliyi və beynəlxalq hüququn prinsipləri ilə yanaşı, Ermənistanın da imzaladığı beynəlxalq anlaşmalar əsasında həyata keçirilib.

Həmin anlaşmalar isə V.Xaçaturyan kimi şəxslərin əməllərinə zaman keçidi məhfumunun tətbiq olunmadığını birmənalı, aksiomatik olaraq təsbitləyir.

Beynəlxalq hüququn hərbi cinayətin müəyyənləşdirilməsi ilə bağlı şərtlərinə və məzmun təsbitləndirməsinə nəzər salaq:

1. Sülhə, təhlükəsizliyə və insanların yaşamına qarşı cinayətlər: aqressiv savaşın planlaşdırılması, hazırlanması, başladılması və ya aparılması; beynəlxalaq anlaşmaların, ikitərəfli sazişlərin və ya beynəlxalq hüququn normaların pozulması ilə sadalanmış əməllərdən birinə hazırlıq, həmin əməllərdən birinin gerçəkləşdirilməsi və ya gerçəkləşməsinə yardım.

2. Müşaribə qanunlarının və qaydalarının pozulması: işğal edilmiş ərazilərdəki dinc sakinlərin qətlə yetirilməsi, işgəncələrə məruz qoyulması və ya girov götürülməsi; hərbi əsirlərə işgəncələr verilməsi və ya onların qətlə yetirilməsi; girovlara işgəncə verilməsi və ya onların qətlə yetirilməsi; fərdi və ictimai əmlakın qarət, talan və ya qəsb edilməsi; yaşayış məntəqələrinin (şəhərlər, kəndlər, qəsəbələr və s.) məntiqsiz, əsassız və mənasız şəkildə dağıdılması, viran qoyulması; hərbi zərurət olmadan qarət və ya qəsbetmə

3. Hərbi əməliyyatlar zamanı dinc sakinlərə və mülki əhaliyə qarşı qətllər, qətliamlar, kütləvi qətllər, əsir və ya girov götürmə, qəddar davranış; dini, milli və etnik zəmində insanlara qarşı qəddarlıq; hərbi əməliyyatların aparıldığı ərazidə dinc insanlara qarşı həmin ərazinin daxil olduğu ölkənin qanunvericiliyini kobud şəkildə pozan əməllərin icra edilməsi;

4. Sadalanan cinayətlərin və ya cinayətlərdən birinin planlaşdırılması, hazırlanması, həyata keçirilməsində iştirak edən, bu əməllərin rəhbərləri, təşkilatçıları, iştirakçıları və ya dəstək vermiş şəxslər birmənalı olaraq əməllərinə görə məsuliyyət daşıyırlar. Onların məsuliyyətinin müddəti yoxdur.

Göründüyü kimi, hərbi cinayətlər və bəşəriyyətə qarşı cinayətlər beynəlxalq hüquqda ən ağır cinayətlər siyahısına şamil olunub.

Birinci Qarabağ Müharibəsi illərində on minlərlə azərbaycanlının vəhşicəsinə qətlə yetirilməsində, dinc sakinlərə işgəncələr verilməsində, minlərlə azərbaycanlının əsir və girov alınmasında, əsirlikdə və girovluqda olan Azərbaycan vətəndaşlarına işgəncələr verilərək qətlə yetirilməsində, vətəndaşlarımıza qarşı soyqırımlar və kütləvi qətllər törədilməsində bilavasitə iştirak etmiş şəxslər indi ahıl yaşdadır.

Ermənistanın hakimiyyət dairələri, siyasətçiləri, ictimai xadimləri və mediası onları "ahıl, yaşlı, xəstə, müalicəyə və qayğıya ehtiyacı olan insanlar" kimi təqdim edir.

Vaqif Xaçaturyan isə ümumiyyətlə, "Azərbaycanın oğurladığı günahsız erməni, sivil insan, gözəl ailə başçısı" və s. kimi təbliğ edilir, onun dərhal azad edilməsi və geri qaytarılması tələb olunur.

Halbuki hərbi cinayətlərə və bəşəriyyətə qarşı cinayətlərə görə məhkəmə təqibinə, yaxud onlara görə cəzalandırmaya aid heç bir bəyannamədə, aktda və ya konvensiyada cinayət məsuliyyətinə cəlbetmə müddəti haqqında müddəa yoxdur. Bir daha təkrar edirik: haqqında bəhs etdiyimiz cinayətlərdən onilliklər keçsə belə, cinayətkar cəzadan yaxa qurtara bilməz.

İkinci Dünya Müharibəsi başa çatandan sonra Almaniyanın Nürnberq şəhərində təşkil olunmuş Beynəlxalq Hərbi Tribunalın qərarı ilə 10 nasist cani edam edildi.

Lakin bəşəriyyətə qarşı cinayətlər və soyqırımlar törədən nasistlərin cəzalandırılma prosesi bununla bitmədi.

Nürnberq prosesindən az qala dərhal sonra nasist canilərin ovu başlandı.

1946-1952-ci illərdə Avstriyanın paytaxtı Vyanada Tuvye Fridmanın rəhbərliyi ilə fəaliyyət göstərmiş “Nasistlərin Cinayətlərinin Sənədləşdirilməsi İnstitutu” məhz nasist ovu, yəni nasist hərbi canilərin ədalət məhkəməsi qarşısında duraraq əməllərinə görə cavab vermələrinin təminatı ilə məşğul idi.

Elə həmin vaxtlarda Lintsdə işə başlayan və sonradan ən məşhur nasist ovçusu kimi tanınan Simon Vizental da analoji sahədə fəaliyyət göstərirdi.

Digər tanınmış nasist ovçularından Serj və Beata Klarsfeldləri, Efraim Zuroffu, Coel Brandı xatırlaya bilərik.

1960-cı ilə nasist cani Adolf Eyhmanın ələ keçirilməsi və məhkəmə qarşısına çıxarılması nasist ovçuların triumflarından biri idi.

İkinci Dünya müharibəsi zamanı nasistlərin konsentrasiya düşərgələrində mühafizəçi kimi xidmət etmiş İvan Demyanyuk 60 ildən çox ədalət məhkəməsindən qaçsa da, 2011-ci ildə 88 yaşında Almaniyada mühakimə olunub. İsrail müharibədən sonra onilliklər boyu müxtəlif ölkələrdə gizlənən hərbi cinayətkarları yaxalayaraq məhkəmə qarşısına çıxarıb. Balkanlarda müharibə zamanı hərbi cinayətlər törətmiş şəxslər də bir müddət gizlənsələr də, yaxalanaraq Haaqa məhkəməsi tərəfindən məhkum ediliblər.

Onlarla, yüzlərlə hərbi cinayətkar əməllərindən onillər sonra yaxalanaraq mühakimə olunublar, cəzalanıblar.

Vaqif Xaçaturyanın cəlladlıq törətdiyi Birinci Qarabağ Müharibəsindən 30 il sonra yaxalanması, həbsi və Bakıya gətirilməsi tam normal, beynəlxalq hüququn prinsiplərinə uyğun, normaları çərçivəsində olan əməldir.

Onun həbsi və gələcək mühakiməsi istisnasız olaraq bütün beynəlxalq sazişlərə, konvensiyalara, qətnamələrə və s. uyğundur.

Vaqif Xaçaturyanı qurban kimi qələmə verməyə çalışan Ermənistan və ermənilərə dəstək kampaniyası keçirərək havadarlıq edən şəxslərlə təşkilatlar, habelə bəzi dövlər merkantil siyasi maraqlarının təmin etmək üçün hərbi cinayətkara haqq qazandırır, hərbi cinayətləri görməzdən gəlirlər.

Ukraynada dinc sakinlərə və mülki şəxslərə qarşı törədilmiş cinayətləri, kütləvi qətllər və işgəncələri araşdıran beynəlxalq təşkilatlar, bu cinayətləri qətiyyətlə pisləyən Qərb məsələ Azərbaycanla bağlı olduqda qəflətən görmə, eşitmə və anlama qabiliyyətlərini itirmiş kimi davranır.

Vaqif Xaçaturyanın İkinci Dünya Müharibəsi illərində dinc insanlara divan tutan nasistdən, Balkan yarımadasındakı savaşlar zamanı günahsız insanları xüsusilə amansız işgəncələrə məruz qoyaraq qətlə yetirən cəlladlardan, Afrikadakı silahlı toqquşmalarda uşaqları, qocaları və qadınları güllələyən, əsirlərlə girovlara əzab verərək öldürən canilərdən fərqi sadəcə, onun milli mənsubluğundadır.

Digər məqamlar baxımındansa onlar eynidir.

Heç bir hərbi cinayətkar, dinc sakinlərə və əsirlərə divan tutmuş şəxs məsuliyyətdən yayına bilməz, yayınmamalıdır.

Onun məşum əməllərindən onillər keçsə də.

Xəstə olsa da, son nəfəsində olsa da aşkarlanmalı, cəzasını almalıdır.

Əzabla və işgəncə ilə öldürülən insanların nakam ruhları, beynəlxalq hüququn şərtləri və prinsiplərinə görə.

Ədalət, haqq və bəşəri dəyərlər üçün...

Məqalədə:
Xəbər lenti

Xəbər lenti