Bakı. Trend:
Azərbaycan Kəşmir məsələsində həmişə Pakistanı dəstəkləyib.
Trend xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Haye Kəşmirlə Həmrəylik Gününə həsr olunmuş tədbirdə deyib.
"Biz Azərbaycanın bu məsələ ilə bağlı mövqeyini çox yüksək qiymətləndiririk. Azərbaycan o ölkələr sırasındadır ki, Cammu və Kəşmirin ədalət işinə həmişə açıq dəstək verib. Prezident İlham Əliyev və ölkə hökuməti hər zaman böyük dəstəyini nümayiş etdirib. Qeyd etmək istəyirəm ki, Pakistanın baş naziri iyun ayında Bakıya gələrkən Prezident İlham Əliyev Cammu və Kəşmirin ədalət işinə Azərbaycan hökumətinin dəstəyini bildirdi”, - səfir bildirib.
Onun sözlərinə görə, bu gün Kəşmirdə hər səkkiz nəfərdən biri hərbçidir.
Bilal Haye əlavə edib ki, bu, dünyanın ən gərgin ərazisidir.
Qeyd edək ki, son 30 ildə Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlığa çevrilmiş güclü dövlətlərarası münasibətlər inkişaf edib. Bu tərəfdaşlıq müxtəlif beynəlxalq məsələlər üzrə qarşılıqlı anlaşma və əməkdaşlığa əsaslanır.
Azərbaycanla Pakistan arasında sıx siyasi, iqtisadi və mədəni əlaqələr var. İki ölkə arasındakı dostluq münasibətləri ümumi dəyərlərə, maraqlara və qarşılıqlı hörmətə əsaslanır.