...

Azərbaycan uzun illər ABŞ-nin geosiyasi oyunlarından əziyyət çəkib - Deputat

Siyasət Materials 18 Sentyabr 2023 09:58 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ukraynanın, Moldovanın, Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyən, Abxaziya və Cənubi Osetiyanı Gürcüstanın, Dnestryanını Moldovanın, Donbası və Krımı Ukraynanın ayrılmaz hissəsi kimi görən, bütün beynəlxalq platformalarda bu ölkələrə dəstək verən ABŞ 30 ilə yaxın ərazisinin işğal altında olduğu Azərbaycana heç bir dəstək vermədi. Bu ölkə daha çox işğalçı Ermənistanın maraqlarına cavab verən addımlar atdı.

Bunu Trend-ə YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, bu gün Ukraynaya verilən dəstəyin cüzi hissəsi Azərbaycana verilsəydi, torpaqlarımız uzun onilliklər işğal altında qalmazdı.

Deputat vurğulayıb ki, Minsk Qrupunun həmsədrlərindən biri olan ABŞ uzun illər münaqişənin dondurulmuş vəziyyətdə qalması üçün əlindən gələn hər şeyi etdi.

“Qarabağdakı qondarma rejimə hər il mina təmizləmə adı altında milyonlarla dollar yardım ayrıldı. Həmin dövrdə separatçılar ABŞ-yə səfər edərək “Qarabağa yardım” adı altında vəsait topladılar. Məhz ABŞ-də Qarabağdakı cinayətkar rejimin ofisi yaradıldı, rejimin nümayəndələri Amerikaya səfər edərək, ayrı-ayrı səviyyələrdə görüşlər keçirdilər. Bütün bunlar Ermənistan-Azərbaycan münaqişəsinin həllinə ABŞ-nin münasibətinin göstəricisi idi. Üzdə Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunsa da, arxada Ermənistan və Qarabağdakı separatçı rejimə dəstək verildi.

Bunun nəticəsində Azərbaycan uzun illər ABŞ-ın geosiyasi oyunlarından əziyyət çəkdi. Ölkəmizin güclənməsi, inkişaf etməsi və işğal altındakı Qarabağı azad etməsinə imkan verməmək üçün bir neçə dəfə “rəngli inqlilablar” planı hazırlandı. Amma iqtidar-xalq birliyi sayəsində bu çirkin planların heç biri reallaşmadı. 44 günlük müharibədən sonra Azərbaycanda iqtidar-xalq birliyinin daha da gücləndiyini anlayan ABŞ bu gün taktikasını dəyişib. Amerika ələbaxan müxalifətdən yox, milli dəyərlərə böyük təhlükə olan LGBT, əxlaqsızlığı təbliğ edən “feministlər”, Vətən müharibəsindəki zəfəri dəyərsizləşdirməyə çalışan “NO WAR”çılardan istifadə etməyə çalışır”, - deyə deputat bildirib.

Millət vəkili vurğulayıb ki, Vaşinqtonda son görüşdə əldə olunmuş razılığa əsasən, sentyabrın 1-də bölgədə yollar açılmalı və Ağdam-Xankəndi marşrutu işə düşməli idi.

“Blinken Azərbaycan rəhbərliyi ilə danışıqlar zamanı həm Laçın, həm Ağdam yolunun açılmasını xahiş etsə də, ABŞ razılaşmaya müqavimət göstərən Ermənistan rəhbərliyi və Qarabağdakı separatçılara təzyiq göstərmək əvəzinə, öz mövqeyindən geri çəkildi. Ona görə də bu gün istər Dövlət Departamenti, istərsə Konqresdə yalnız Laçın yolunun açılmasının zəruriliyindən danışılır.

Bir qrup separatçını razı salmağı bacarmayan və ya istəməyən ABŞ bu gün öz cəsarətsizliyi və riyakarlığına görə günahı Azərbaycanın üzərinə atmağa cəhd göstərir. Qarabağda keçirilmiş qondarma “seçkilər”ə münasibətdə də ABŞ riyakarlığının şahidi olduq – 9 sentyabrda “keçirilmiş seçkilər”dən sonra aparıcı dövlətlər və təşkilatlar qanunsuz rejimi və onun “seçkilərini” tanımadığını bəyan etdiyi halda, Vaşinqton susmağa üstünlük verdi. Yalnız Azərbaycanın təzyiqlərindən sonra ABŞ Dövlət Departamenti sıravi təmsilçisi səviyyəsində şifahi şəkildə “seçkini” tanımadığını bildirdi”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti