Bakı. Trend:
Ermənistan silahlı qüvvələrinin birləşmələrinə aid döyüş mövqeyində son şəxsi heyət döyüş mövqeyini tərk etdi.
Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov sentyabrın 20-də Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən brifinqdə deyib.
"Bizim texniki vasitələrimiz, eləcə də, müşahidə vasitələrimizin nəzarəti altında bu şəxsi heyətin geriyə çəkilməsi və döyüş mövqeyini tərk etməsi üçün şərait yaradılıb. Onlara bu halda heç bir zərbə endirilməyib", - deyə o əlavə edib.
Qeyd edək ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılmışdı.