Bakı. Trend:
Sentyabrın 20-də Müdafiə Nazirliyi tərəfindən media nümayəndələri üçün növbəti brifinq keçirilib.
Trend xəbər verir ki, MN Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov brifinqdə çıxış edərək bildirib:
"Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri barədə indiyədək olan məlumatları diqqətinizə çatdırıram.
Keçirilən tədbirlər çərçivəsində qarşı tərəfə məxsus növbəti hərbi təyinatlı texnika, döyüş mövqeləri və sığınacaqlarının zərərsizləşdirilməsi həyata keçirilib. Bununla bağlı videomateriallar mütəmadi olaraq ictimaiyyətə təqdim olunub.
Bu saata olan məlumata əsasən Ermənistan silahlı qüvvələri birləşmələrinin tərtibləndiyi 90-dan artıq döyüş mövqeyi, eləcə də bir neçə strateji əhəmiyyətli yüksəklik Silahlı Qüvvələrimizin nəzarətinə keçirilib. Eyni zamanda qarşı tərəfə məxsus 7 ədəd hərbi nəqliyyat vasitəsi, 4 ədəd minaatan, 1 ədəd tank, 2 ədəd piyadanın döyüş maşını (PDM) və xeyli sayda silah-sursat Silahlı Qüvvələrimizin bölmələri tərəfindən qənimət olaraq ələ keçirilib.
Bildirirəm ki, silah-sursatı tükənən Ermənistan silahlı qüvvələri birləşmələrinin hərbi qulluqçuları pərakəndə şəkildə təşviş içində döyüş mövqelərini tərk edirlər. Bu faktlar sizə təqdim edəcəyimiz videoda öz əksini tapıb.
Tədbirlər zamanı Ermənistan tərəfi mütəmadi olaraq müxtəlif məzmunlu yalan məlumatlar yayıb. İctimaiyyətə, media mənsublarına və sosial media istifadəçilərinə qarşı tərəfin dezinformasiyalarına əhəmiyyət verməməyi və Müdafiə Nazirliyi tərəfindən paylaşılan rəsmi məlumatlara istinad etməyi tövsiyə edirik.
Bundan başqa diqqətinizə çatdırmaq isəyirəm ki, lokal xarakterli antiterror tədbirlərinin davam etdiyi günlərdə bəzi sosial media hesablarında Silahlı Qüvvələrimizə yardım adı altında əhaliyə çağırışlar edilir. Vətəndaşlardan müxtəlif yardım kampaniyalarına qoşulmaqla pul və ərzaq istənilir.
Müdafiə Nazirliyi rəsmi olaraq vətəndaşları belə çağırışlara reaksiya verməməyi tövsiyə edir. Bildirirəm ki, Silahlı Qüvvələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsi, həmçinin ərzaq və digər təminatın daha da yaxşılaşdırılması üçün bütün zəruri işlər görülüb, bölmələrimizin istənilən şəraitdə normalara uyğun və fasiləsiz təminatı istiqamətində zəruri tədbirlər planlı şəkildə həyata keçirilir".
Sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin açıqlaması iştirakçılara çatdırılıb:
"Azərbaycan Respublikası Müdafiə Nazirliyi bildirir ki, Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunmuşdur:
1. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.
2. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.
3. Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir".
Brifinqin sonunda qeyd olunub ki, Müdafiə Nazirliyinin rəhbərliyi bununla bağlı qoşunlara müvafiq göstərişlər verib.