...

Yeni Azərbaycan Partiyasının yaradılması dövrün tarixi zərurəti idi

Siyasət Materials 21 Noyabr 2023 09:24 (UTC +04:00)

Bakı. Trend:

21 noyabr 2023-cü il tarixində Azərbaycanın eləcə də Regionun aparıcı siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının yaranmasının 31 ili tamam olur. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış edərək və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər.

Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu təsis konfransı 1992-ci ilin noyabrın 21-də Naxçıvan şəhərində keçirilmişdi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi.Eyni zamanda partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı.

Yeni Azərbaycan Partiyasının üzvləri, Ulu Öndərin siyasi xəttinə sadiq qalaraq onun siyasətini müasir dünyada həyata keçirtmək üçün bütün səy və bacarıqlarını əsirgəmirlər. Bu siyasətə sadiqlik cəmiyyətimizdə yaşanan həmrəylikdən və Ulu Öndərə olan ümumxalq sevgisindən xəbər verir. Ulu Öndər Heydər Əliyevin xalqın təkidi, çağırışı ilə yenidən hakimiyyətə qayıdışı onun xilaskarlıq missiyasının davamı demək idi. Bu həm də onun rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının siyasi hakimiyyətə gəlişi və cəmiyyətin aparıcı qüvvəsinə, iqtidar partiyasına çevrilməsinə zəmin yaratmış oldu.

Ulu Öndər Heydər Əliyev cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi. Özünün dediyi kimi “Dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi.

31 il öncə Azərbaycanda yaranmış ağır siyasi durum yeni bir təşkilatın meydana gəlməsi zərurətini müəyyən etmişdi. Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində dayanıqlı inkişafın və siyasi sabitliyin təminatçısı kimi çıxış etmişdir. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir.

Ulu Öndərin və onun qurucusu olduğu partiyanın ən böyük uğurlarından biri də siyasi varislik məsələsinin uğurla həll edilməsi, Azərbaycanın işıqlı gələcəyinə təminat yaradılması olmuşdur. Böyük dövlət xadimi, siyasətçi Heydər Əliyev 2003-cü ilin oktyabrın 1-də Azərbaycan xalqına müraciətində deyirdi;“Mənim hələ tamamlanmamış çox perspektivli planlarım var. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın layiqli övladlarını öz ətrafında birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər”.

Ulu Öndərin layiqli siyasi varisi cənab İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildiyi vaxtdan Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirərək Ulu Öndərin böyük arzularını yerinə yetirərək ölkəmizi daha yüksək inkişaf mərhələsinə çıxartmışdır. Yeni Azərbaycan Partiyasının 2005-ci il 26 mart tarixində keçirilmiş III qurultayında partiyanın yeni sədri-Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev seçilmişdir. Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirməklə yanaşı, həm də dövlət idarəçiliyində yeni məktəbin yaradıcısı olan Prezident İlham Əliyevin müəyyənləşdirdiyi və həyata keçirilən hərtərəfli düşünülmüş daxili, xarici siyasət Azərbaycanın dövlət müstəqillliyini daha da möhkəmləndirir.

Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsidir.Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur.

Yeni Azərbaycan Partiyası dövlətin konstitusiyası və qanunvericiliyi çərçivəsində özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən siyasi partiyadır. Toplanmış müsbət təcrübənin qorunması vəzifəsini, habelə perspektiv strateji hədəfləri müəyyən etmiş YAP-nın VII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisələrdən biri oldu. Görülən işlər ölkənin uzunmüddətli dayanıqlı inkişafını təmin etməlidir və dövlətin milli maraqları daim qorunmalıdır. Dövlətin siyasi prioritetləri və beynəlxalq əməkdaşlıq vektoru milli maraqlar əsasında müəyyən olunur. Azərbaycanın regional təşəbbüslərinin əhəmiyyəti ildən ilə artır. Beynəlxalq müstəvidə fəal mövqe və qlobal təşəbbüslər Azərbaycana çoxlu sayda tərəfdaş qazandırıb. Güc faktoru beynəlxalq münasibətlər sistemində öz aktuallığını qoruyub saxladığı üçün YAP hakim partiya olaraq öz siyasətini adekvat olaraq qurmalıdır. YAP-ın VII Qurultayında qəbul edilmiş qərar əsasında Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi, 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edilmiş, həmçinin partiyanın yeni Proqramının hazırlanması və Gənclər Birliyinin formalaşdırılması tapşırılmışdır. Hazırda YAP-nın 720 830 üzvü var. Sürətlə dəyişən reallıq və müəyyən olunan yeni obyektiv amillər islahatların davamlı olaraq aparılmasını vacib vəzifə kimi müəyyən edir. Son prezident və parlament seçkiləri ilə ölkəmizdə gedən islahatlar daha bir mərhələyə qədəm qoydu və bu gün Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkədir.

Yola saldığımız ötən illər göstərir ki, Yeni Azərbaycan Partiyasının qüdrəti öz əksini Ulu Öndərin tarixi prosesləri qabaqlayan müdrikliyində və dövlət başçısı Prezident cənab İlham Əliyevin liderlik keyfiyyətlərində tapmışdır. Ölkə rəhbəri tərəfindən müəyyənləşdirilərək gerçəkləşdirilən böyük iqtisadi layihələr, beynəlxalq aləmdə əldə edilən böyük uğurlar, dünya azərbaycanlılarının birliyinin daha da möhkəmləndirilməsi, həyata keçirilən uğurlu milli dirçəliş və dövlətçilik siyasəti eyni zamanda Yeni Azərbaycan Partiyasının real gücünün ifadəsidir.

Ölkə Prezidenti, YAP-nın sədri cənab İlham Əliyev partiyanın fəaliyyət istiqamətlərini daha da genişləndirərək, Ulu Öndərin qarşıya qoyduğu amal uğrunda ətrafına yüz minlərlə insanı toplaya bilib. Bu isə dünənin bu günün və gələcəyin partiyasının təməlində yalnız xalq sevgisinin, etimadının dayandığını bir daha sübut edir. Məhz Heydər Əliyev yolunun, dövlətçilik konsepsiyasının cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və inkişaf etdirilməsi müstəqil Azərbaycanı əsl tərəqqiyə qovuşdurmuş, regionda lider dövlətə çevirmişdir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qəhrəman Azərbaycan Ordusu 2020-ci ilin 27 sentiyabrda başlayan və 44 gün davam edən Vətən müharibəsində 30 ilə yaxın işğal altında olan Qarabağ torpaqlarlarıni işğaldan azad edərək Azərbaycanın ərazi bütövlüyünü təmin etdi və Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunu reallaşdırdı.

Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş, balanslaşdırılmış xarici siyasət, 44 gün davam edən Vətən müharibəsində şanlı ordumuzun parlaq qələbəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi, 19 sentyabr 2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror tədbirlərinin nəticəsində Azərbaycanın öz suverenliyini tam şəkildə bərpa etməsi, ölkədə həyata keçirilən siyasi, iqtisadi islahatlar, sosial sahədə və eyni zamanda beynəlxalq aləmdə əldə olunan böyük uğurlar nəticəsində, Azərbaycan dünyaya Günəş kimi döğmuşdur. Bir vaxtlar Ulu Öndər Heydər Əliyev demişdir; “Vaxt gələcək Azərbaycan dünyaya Günəş kimi doğacaq”. Bu gün həmin gündür. Azərbaycan dünyaya Günəş kimi doğmuşdur.

Milli Məclisin deputatı,
Rauf Əliyev

Xəbər lenti

Xəbər lenti