...

Ermənistan mövcud tarixi şanslardan vaxtında istifadə etməlidir - Azər Qarayev

Siyasət Materials 22 Noyabr 2023 17:17 (UTC +04:00)
Ermənistan mövcud tarixi şanslardan vaxtında istifadə etməlidir - Azər Qarayev
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan mövcud tarixi şanslardan vaxtında istifadə etməlidir. Öz dövlət maraqlarını kimlərinsə ambisiyaları üzərində qurmaq Ermənistanın gələcəyi üçün ciddi suallar yaradır.

Bu sözləri Trend-ə açıqlamasında təhlükəsizlik orqanlarının veteranı, fəxri əməkdaşı, polkovnik Azər Qarayev deyib.

A.Qarayev bildirib ki, Azərbaycan və Ermənistan arasında davamlı sülhün formalaşması üçün Ermənistan əməli addımlar atmalıdır. Prosesin yubadılması ilk növbədə Ermənistanın özünün zərərinədir. Ermənistan növbəti dəfə özünü regiondakı beynəlxalq layihələrdən təcrid edir.

"Bugün Ermənistan nə iqtisadi, nə də hərbi, siyasi müstəvilərdə Azərbaycanla müqayisə edilə bilməz. Bunu Ermənistan hakimiyyəti özü də anlayır. Elə buna görə onlar hər dəfə müxtəlif dəstəkçilər, havadarlar axtarırlar.

Azərbaycan İkinci Qarabağ müharibəsində qələbədən dərhal sonra Ermənistana sülh təklifi ilə çıxış etdi. Dünyada belə fakt olmayıb ki, qalib dövlət sülh istəsin, amma Azərbaycan sülh tərəfdarı olduğunu ən başda, ən açıq formada bəyan etdi. Ermənistan isə bu prosesi maksimum yubatması nəticəsində bu gün hələ də sülh müqaviləsi imzalanmayıb", - deyə A.Qarayev əlavə edib.

A.Qarayev vurğulayıb ki, artıq vasitəçilərlə danışıqların effektsiz olması ortadadır.

"Dünya praktikasına da nəzər salsaq, çox az nümunə taparıq ki, vasitəçilərin köməyi ilə iki ölkə arasında məsələlər birmənalı həll olsun. Bitərəf vasitəçi olmağı çox az ölkə bacara bilər. Böyük dövlətlərin vasitəçilik etməsinin arxasında həm də öz maraqları dayanır. Bugünki mərhələdə isə Azərbaycan və Ermənistan arasında danışıqlar vasitəçi olmadan da aparıla bilər. Hər iki dövlət sərhədlərin müəyyənləşdirilməsini və digər aktual məsələləri müzakirə edib, həllini tapa bilər. İlk növbədə bunun üçün Ermənistan rəhbərliyi siyasi iradə nümayiş etdirməlidir və digər tərəfdən isə Azərbaycana qarşı müxtəlif iddialarından əl çəkməlidir.

Artıq Qarabağ münaqişəsi tam həllini tapıb, Azərbaycanın ərazi süverenliyi tam təmin olunub. Azərbaycan özü beynəlxalq hüquqa uyğun olaraq ədaləti bərpa edib. İndiki mərhələdə bizim dövlətimizin məqsədi regionda davamlı sülh formalaşdırmaq, vətəndaşlarının təhlükəsizliyini təmin etməkdir.

Bugün, təssüfki, Ermənistan Fransa hökumətinin marionetinə çevrilib və bu, regional sabitliyə ciddi təhlükə ola bilər. Ermənistan öz gələcəyini regionumuzdan uzaqda yerləşən ölkələrin ambisiyaları üzərində deyil, öz milli maraqlarına əsasən planlaşdırmalıdır. Xüsusilə qanlı müstəmləkə keçmişinə malik olan ölkələrin ambisiyaları üzərində qurmamalıdırlar” ", - deyə A.Qarayev əlavə edib.

A.Qarayev onu da vurğulayıb ki, Azərbaycanın mövqeyinə təzyiq etmək mümkün deyil.

“Bu gün Ermənistanı dəstəkləyən bir sıra dairələr Azərbaycana qarşı qərəzli müxtəlif bəyanatlar səsələndirirlər. Artıq onlar özləri də anlayırlar ki, onların bəyanatlarının, açıqlamalarının heç bir təsir gücü yoxdur. Heç bir beynəlxalq təzyiq Azərbaycan xalqının və Azərbaycan hökumətinin iradəsinə təsir göstərə bilməz! Verilən yanlış mesajlar da Ermənistanı çaşdırmamalıdır. Heç bir halda Ermənistan hökumətində və ictimai rəyində Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlaya biləcəklərinə dair illüziya yaranmamalıdır”, A.Qarayev əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti