Bakı. Trend:
Bakı ilə İrəvan arasında birbaşa danışıqlar sülh prosesini daha yüksək səviyyəyə çıxarır.
Bu barədə Trend-ə fəlsəfə doktoru, "Atlantik Şurası" nəzdində Avrasiya Mərkəzinin baş elmi işçisi, Beynəlxalq Vergi və İnvestisiya Mərkəzinin Enerji, Artım və Təhlükəsizlik üzrə Proqramının idarəedici direktoru Ariel Kohen Azərbaycanla Ermənistan arasında saxlanılan hərbçilərin mübadiləsi barədə əldə olunan razılığı şərh edərkən deyib.
"Birbaşa olaraq Bakı və İrəvan arasında razılaşdırılmış bu tədbirlər danışıqlarının hələ davam etdiyi sülh sazişi ərəfəsində sülh prosesini yeni, daha yüksək səviyyəyə çıxarır", - deyə Kohen vurğulayıb.
O, Bakının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına namizədliyinə diplomatik dəstəyin misilsiz və xüsusi diqqətəlayiq olduğunu qeyd edib.
"Xoş məram gələcək sülh və əməkdaşlığın təminatıdır. Bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət əsas məqamdır. Cənubi Qafqazda sülh nəqliyyat infrastrukturu, sənaye, ticarət və investisiyaların inkişafına səbəb olacaq. Bundan çox əziyyətlər çəkmiş regionun bütün sakinləri qazanacaq", - deyə Kohen əlavə edib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılıq əldə olunub.
Humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan Respublikası 32 erməni hərbçini azad edir.
Otuz iki nəfərlik siyahıya Azərbaycan xalqına qarşı müharibə cinayətləri və bəşəriyyət əleyhinə cinayətlər törətmiş qondarma rejimin rəhbərləri Araik Arutunyan, Bako Saakyan, Arkadi Qukasyan, Ruben Vardanyan, o cümlədən Vaqif Xaçaturyan, Alyoşa Xosrovyan kimi şəxslər daxil deyil və ola da bilməz.
Ermənistan Respublikası öz növbəsində humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, 2 azərbaycanlı hərbçini azad edir.
Xoş niyyətin təzahürü olaraq, Ermənistan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycan Respublikasının namizədliyini dəstəkləyir. Azərbaycan Respublikası və Ermənistan Respublikası ümid edirlər ki, Şərqi Avropa Qrupuna daxil olan digər ölkələr də Azərbaycanın namizədliyini dəstəkləyəcək. Xoş niyyətin təzahürü olaraq, Azərbaycan Respublikası Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir.
Azərbaycan Respublikası və Ermənistan Respublikası yaxın gələcəkdə əlavə etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi üçün müzakirələri davam etdirəcəklər və beynəlxalq ictimaiyyəti iki ölkənin qarşılıqlı etimadın yaradılmasına töhfə verəcək, bütün Cənubi Qafqaz regionuna müsbət təsir göstərəcək səylərini dəstəkləməyə çağırırlar.
X: @Lyaman_Zeyn
(Tərcümə: Rəna Əbdürəhmanova)