Bakı. Trend:
AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin təşkilatla əməkdaşlığı dayandırmaq barədə verdiyi qərarı alqışlayıram və tarixi cəsarət nümunəsi sayıram.
Bu barədə Trend-in suallarını cavablandırarkən Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin (İB) Türkiyə rəhbəri, Azərbaycan Ağsaqqallar Şurasının Fəxri üzvü Hulusi Kılıç bildirib.
O qeyd edib ki, Avropa Şurası Türkiyəyə qarşı zaman-zaman böyük ədalətsizliklərə yol verib.
"Türkiyəni bölmək istəyən terrorçuların nümayəndələri təşkilatın ən ali təmsilçiləri ilə rahat görüşüb, müzakirələr aparıb və Avropa Şurası yanında Türkiyəni davamlı və əsassız şəkildə ittiham edən de-fakto özəl status qazanıblar.
Təbii ki, burada Fransa, Almaniya kimi türkofobiyanın ciddi fəsadlarının olduğu ölkələrin açıq təsirləri var. Azərbaycana da məhz bu meyarlar üzərindən təsir etməyə çalışılır. Baxın, bu adamlar insan haqlarından ağız dolusu danışa-danışa 1 milyon azərbaycanlının pozulmuş hüquqlarının bərpası üçün Ermənistana indiyə kimi heç bir ciddi təsir etməyiblər. Avropa Şurasının İnsan Hüquqları üzrə məruzəçisi Dunya Myatoviçin hazırladığı hesabatda Qərbi azərbaycanlıların hüquqlarından danışmamasının özü bir rəzalətdir", - deyə o əlavə edib.
H.Kılıç, həmçinin, vurğulayıb ki, Avropa Şurası unutmasın ki, Türk dünyası inteqrasiya istiqamətində ciddi addımlar atır.
"Həm də əsla yaddan çıxarmasınlar ki, Azərbaycan nümayəndə heyətinin səs hüququna belə kobud və haqsız müdaxilə cəhdi separatçılıqla mübarizə aparan ölkələrin əzminə çox mənfi təsir göstərəcək. Mən bunu bir təcrübəli diplomat olaraq deyirəm. Azərbaycanı bu yolla heç vaxt təzyiq altında saxlaya bilməzsiniz. Həm də nə haqla bunu edirsiniz? Azərbaycan separatçılığın kökünü kəsmiş bir ölkə olaraq tam haqlıdır.
Beynəlxalq hüquq və qanunlar tamamilə Azərbaycanın tərəfindədir. Nə qədər dərinə getsəniz, bir o qədər də siz zərər görəcəksiniz. Yəni siz heç vaxt izah edə bilməzsiniz ki, öz ərazisində separatçılığın kökünü kəsmiş bir ölkəni niyə belə biabırçı üsul və metodlarla sıxışdırmağa çalışırsınız. Həqiqətləri görün. Regionun ən qüdrətli ölkəsi, qitənin və dünyanın açar dövləti məhz Azərbaycandır!
Siz onunla ancaq konstruktiv əməkdaşlıq edərək nə isə qazana bilərsiniz, haqsız və ədalətsiz hücumlarla qazandığınız ancaq bir heç ola bilər. Necə ki, AŞPA-dakı Azərbaycan nümayəndə heyəti sərt mövqeyi ilə sizə öz yerinizi göstərdi", - deyə o bildirib.