Bakı. Trend:
Bu danılmaz bir həqiqətdir ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində torpaqlarını işaldan azad etməsi, həmçinin, ötən ilin sentyabrında bir günlük lokal xarakterli antiterror əməliyyatları nəticəsində bütün ərazisində dövlət suverenliyini bərpa etməsi həm erməniləri, həm də onların xarici havadarlarını kədərə qərq edib.
Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
O bildirib ki, bu kədər Ermənistandan daha çox bəzi Qərb ölkələrində, o cümlədən bir sıra beynəlxalq qurumlarda hiss edilir.
"Hər halda onların bir-birinin ardınca Azərbaycana etdiyi
hücumlar da bunu bir daha təsdiqləyir. “Erməni xəstəliyinə
yoluxaraq” Azərbaycana hücum edən qurumlar arasında AŞPA ilk sırada
gəlir: “Ümumiyyətlə, Azərbaycan 2001-ci ildə sözügedən təşkilata
üzv olandan sonrakı dövrün təcrübəsi göstərir ki, ermənipərəst,
islamofob qüvvələr bu təşkilatdan daim Azərbaycana qarşı vasitə
kimi istifadə ediblər. Bu gün də eyni xislətlərini davam
etdirirlər", - deyə o, əlavə edib.
Deputat qeyd edib ki, son proseslər AŞPA-nın timsalında Avropa
Şurasının başqa bir xislətini də ortaya çıxardı: "Bir daha bəlli
oldu ki, Avropa Şurası müxtəlif Avropa ölkələrinin Avropa
Parlamentinə düşə bilməyən islamofob və türkəfob təfəkkürlü
nümayəndələrinin düşərgəsidir. AŞPA-nın Azərbaycana qarşı son
əsassız, hətta mən deyərdim ki, faşist davranışının kökündə də bu
amil dayanır".
V.İskəndərovun sözlərinə görə, bu, eyni zamanda AŞPA-nın timsalında əksər beynəlxalq qurumların ikili standarlar xəstəliyindən də qurtula bilmədiklərini bir daha sübuta yetirir.
“Uzun illər ərzində bu qurum Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalı faktına qarşı heç bir tədbir görməyib, yalnız ara sıra heç bir hüquqi çəkisi olmayan bəyanatlar və qərarlar verməklə kifayətlənib. Halbuki, bir quruma üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə ən azından işğalçının səs hüququ əlindən alına bilərdi. Bunun əvəzində isə Azərbaycan öz torpaqlarını işğaldan azad edəndən sonra bizə haqsız hücumlar olundu. Halbuki bu cür hücumlar zamanında işğalçı Ermənsitana edilməliydi. Digər tərəfdən, Azərbaycanla bağlı qalmaqallı təşəbbüs formal olaraq almaniyalı deputat Frank Şvabe tərəfindən irəli sürülsə də, məsələnin arxasında AŞPA rəhbərliyinin özünün durduğu, sadəcə sosialistləri qabağa verdiyi bilinən faktdır. AŞPA-nın sabiq və qüvvədə olan prezidentinin əleyhimizə səs verməsi təşkilat rəhbərliyinin mövqeyinin göstəricisidir.
Baş verən son proseslər AŞPA-nın Fransa və Almaniyanın əlində bir oyuncaq, bu iki dövlətin buyruq qulu olduğunu da üzə çıxardı. Bəlli olduğu kimi, bir sıra hallarda Fransa öz istəklərini Almaniya vasitəsilə reallaşdırmağa çalışır. Buna səbəb Fransanın xarici siyasətində yaşanan ardıcıl uğursuzluqlar və adıçəkilən ölkənin nüfuzdan düşməsidir. Buna görə də Fransa bu dəfə də Almaniya vasitəsilə AŞPA-nı Azərbaycana qarşı vasitə kimi istifadə etməyə çalışır. Digər tərəfdən görünən odur ki, AŞPA Almaniya və Fransanın əlində oyuncaqdır. Fransa Azərbaycana qarşı bu qurumdan istifadə edir və ölkəmizə təzyiq göstərir. Necə deyərlər, AŞPA Fransanın və Almaniyanın buyruq qulu kimi fəaliyyət gösətərir.
Bütün bu cəhdlər əbəsdir. Çünki Azərbaycan üçün nəinki AŞPA-da səsinin dondurulması, bu qurumun özü belə heç bir əhəmiyyət kəsb etmir. Vaxtilə Azərbaycan Qarabağ probleminin həllinə görə Avropa Şurasına üzv olmuşdu. Artıq bu problem həll olunub və hazırda nəinki dünya səviyyəsində, heç Avropada da heç bir nüfuzu olmayan Avropa Şurasına Azərbaycanın heç bir ehtiyacı yoxdur”, - deyə o, qeyd edib.