Bakı. Trend:
Avropa Şurası Parlament Assambleyası (AŞPA) digər Qərb təsisatları kimi ikili standartlar tətbiq etməklə islamofobiya və türkfobiya üzünü göstərdi.
Bunu Trend-in suallarını cavablayarkən UNEC-in Türk Dünyası İqtisad Fakültəsinin dekanı, Uludağ Universitetinin professoru Mehmet Yüce deyib.
O qeyd edib ki, bəşəriyyətə bəşəri dəyərləri, o cümlədən, şəffaf və prinsipial mövqe öyrətməyə çalışan Avropa müsəlman və türk məsələsində bütün bu dəyərləri bir kənara qoyub, yalan və böhtana əsaslanan təbliğatla hərəkət edir.
"Ermənistan və Fransanın böhtan və əsassız iddiaları əsasında Azərbaycana qarşı qərara imza atan Avropa Şurası, həqiqətənmi, prinsipial hərəkət edib, yoxsa Şuranın fundamental dəyərlərinə əsaslanaraq, bu qərarı verib? Təbii ki, yox. Biz təəccüblənirik? Təbii ki, yox. Çünki Avropa Şurasının Türk Dünyası və müsəlman ölkələri ilə bağlı belə qalmaqallı qərarı çoxdur. Bu qərar Avropanın türklərə qarşı şüuraltı düşmənliyinin sistemli təzahürüdür.
Əgər bu Şura prinsipial hərəkət etsəydi, onlar Şura olaraq Azərbaycan ərazisi kimi qəbul etdikləri 30 illik erməni işğalına qarşı Ermənistana qarşı sanksiyalar tətbiq edərdilər. Şura Ermənistanın Xocalıda törətdiyi qırğın və soyqırıma qarşı Ermənistana hansı sanksiyaları tətbiq edib? Maraqlıdır, məsələ türk və müsəlman olanda prinsiplər və dəyərlər dayandırılırmı? Yoxsa Ermənistanın bütün bəşəri dəyərləri pozmaq imtiyazı var?", - deyə o bildirib.
M.Yüce bildirib ki, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan yalnız öz ərazisində, bütün dünyanın gözü qarşısında ədalətli müharibə aparıb.
"Mülki hədəflərə və insanlara zərər dəyməyib. 23 saat davam edən antiterror tədbirləri isə Üçtərəfli bəyannamənədə üzərinə düşən vəzifələri yerinə yetirməyən Ermənistan və erməni quldur dəstələri tərəfindən Xankəndi və onun ətrafında yaradılmış terrorizmə qarşı başda erməni mülki əhalinin, xüsusən də bölgə əhalisinin təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirilib. Bu əməliyyatdan sonra köç edən ermənilər öz iradələri ilə köçüblər və geri qayıtmalarına təminat verilib.
Beynəlxalq qurumlar müəyyən edib ki, Azərbaycan erməniləri köçməyə məcbur etməyib. Deməli, Avropa Şurasının Azərbaycana qarşı tətbiq etdiyi bu sanksiya ilə bağlı irəli sürülən bəraət əsassızdır. Bəs səbəb nədir? Səbəb isə Qafqazda yüksələn gücə çevrilmiş Azərbaycanın qarşısını almaqdır. Azərbaycanın regionda yüksələn gücə çevrilməsi regionda maraqlarını Ermənistan vasitəsilə balanslaşdıran Qərbi narahat edir.
Azərbaycanın yüksəlişi, Qərb istəsə də, istəməsə də, davam edəcək. Əminəm ki, Şuranın Azərbaycna qarşı bu hərəkəti uzun müddət çəkməyəcək. Çünki Qərb Azərbaycanla bir çox sahələrdə, xüsusilə enerji sahəsində əməkdaşlıq etməyə borcludur və ona görə də geri addım atacaq", - deyə M.Yüce əlavə edib.