...

Qazaxıstan prezidentinin ölkəmizə səfəri qarşılıqlı əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyətə malikdir - ŞƏRH

Siyasət Materials 12 Mart 2024 15:27 (UTC +04:00)
Qazaxıstan prezidentinin ölkəmizə səfəri qarşılıqlı əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyətə malikdir - ŞƏRH
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri iki ölkə arasındakı strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin dərinləşdirilməsi, qarşılıqlı əməkdaşlığın bütün sahələr üzrə daha da inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O qeyd edib ki, son il yarım ərzində Azərbaycan Prezidentinin Qazaxıstana dörd, Qazaxıstan Prezidentinin isə ölkəmizə üç səfəri gerçəkləşdirililib:

"Hər iki dövlətin başçısının gündəliyinin zəngin olduğunu nəzərə alsaq, bu, kifayət qədər yüksək göstəricidir və Azərbaycan-Qazaxıstan münasibətlərinin dinamik, sistemli və davamlı inkişafından xəbər verir.

İki ölkə arasındakı münasibətlərin inkişafını şərtləndirən amillərdən biri də Azərbaycan və Qazaxıstan xalqlarının ortaq dil, mədəniyyət və tarixə malik olmaları, hər iki qardaş xalqın tarix boyu Qərbi və Mərkəzi Asiyada, həmçinin, bu nəhəng regionun tərkib hissələri olan Cənubi Qafqaz və Türküstanda cərəyan edən etnomədəni proseslərdə aparıcı mövqeyə malik olmaları, türk xalqlarının milli identikliyinin qorunmasına və qarşılıqlı əlaqələrinin genişlənməsinə töhfə vermələri ilə bağlıdır.

Bu gün istər Azərbaycan, istərsə də Qazaxıstan Türk Dövlətləri Təşkilatının institutlaşmasında və regional, qlobal mövqelərinin möhkəmləndirilməsində önəmli rol oynayırlar. Hər iki ölkənin strateji mövqeləri – Azərbaycanın Qazaxıstan üçün Avropaya, Qazaxıstanın isə Azərbaycan üçün Mərkəzi Asiyaya giriş qapısı olması qarşılıqlı strateji münasibərin daha da dərinləşməsinə xidmət edən təbii amillərdir. Lakin bu təbii amillərdən birləşdirici faktor kimi dügün istifadə edilməsi sayəsində əldə olunan nəticələr hər iki dövlətin liderinin nümayiş etdirdiyi siyasi iradənin nəticəsidir.

Azərbaycanla Qazaxıstanı Xəzər dənizi ayırır, amma Prezident İlham Əliyev və Qazaxıstan liderinin səyləri nəticəsində Xəzər dənizi birləşdirici amilə çevrilib. Azərbaycan və Qazaxıstanın səyləri nəticəsində TransXəzər nəqliyyat dəhlizi Avrasiyanın ən rentabelli və ən təhlükəsiz kommunikasiya vasitəsinə çevrilməkdə və multimodal xarakter almaqdadır".

E.Mirzəbəyli vurğulayıb ki, Tokayevin səfəri çərçivəsində Çinin Sian terminalından Bakının Abşeron stansiyasına konteyner qatarının gəlişi mərasiminin izlənilməsi də, Qazaxıstan Prezidentinin ifadə etdiyi kimi, bir çox mətləblərdən xəbər verir və “Orta dəhliz”in müasir geosiyasi kataklizmlər fonunda nə qədər mühüm əhəmiyyətə malik olduğunu nümayiş etdirir.

"Xəzər dənizinin təki ilə optik-lif rabitə xəttinin qurulması istiqamətində həyata keçirilən fəaliyyət isə TransXəzərin multimodal dəhlizə çevrilməsi istiqamətində atılan çox önəmli bir addımdır.

Azərbaycan-Qazaxıstan münasibətlərinin önəmini ifadə edən başqa bir amil hər iki ölkənin bir-birilərinin ərazi bütövlüklərinə, suverenliklərinə verdikləri dəstəkdir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin təşəbbüsü ilə işğaldan azad olunmuş Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşası yüksək mənəvi əhəmiyyəti malik olan hədiyyə olmaqla yanaşı, Azərbaycanın azad edilmiş ərazilərinin bərpasına qardaş dəstəyidir", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti