Bakı. Trend:
Amerika Birləşmiş Ştatları ilə Ermənistan arasında "Eagle Partner 2024" hərbi təlimləri keçirildikdən sonra ABŞ-nin Rumıniyada və Yaxın Şərq ölkələrindən birindəki hərbi bazasından silah-sursatın və erməniəsilli hərbçilərin İrəvan hərbi limanına eniş etməsi regional təhlükəsizliyə böyük təhdiddir.
Bunu Trend-in suallarını cavablandırarkən politoloq İlyas Hüseynov deyib.
O qeyd edib ki, ABŞ-nin Ermənistandakı səfirliyi bu məlumatı təkzib etməyib, iki ölkə arasındakı hərbi təlimlərdən danışıb.
"ABŞ səfirliyi tamamilə yersiz məlumatları şərh edib və eyni zamanda silah-sursatın Ermənistana gəlişi haqqında məlumatı təkzib etməyib. Bu birbaşa regional güc balansının ABŞ tərəfindən pozulmasına cəhd kimi qiymətləndirilir. Eyni zamanda Ermənistan ərazisinə gələn silah-sursatın çeşidlərinə baxanda da görürük ki, burada xüsusi təyinatlı qruplar üçün zireh, gecəgörmə cihazlarının olması göstərir ki, burada genişmiqyaslı təxribata hazırlıq planı icra olunur".
Politoloq vurğulayıb ki, Azərbaycan öz təhlükəsizliyini, milli maraq və mənafelərini əminliklə müdafiə edir.
"Pentaqon nümayəndəsinin daimi əsaslarla Ermənistan Müdafiə Nazirliyində olması xəbərindən sonra istisna etmirəm ki, bu silah-sursat və eləcə də təlimatçılar daimi əsaslarla Ermənistan ərazisində qalacaqlar və təxribat planları haqqında düşünəcəklər. Düşünürəm ki, Azərbaycan bu xüsusda öz təhlükəsizliyini ən üst səviyyəyə qaldırmalıdır. Çünki bu birbaşa olaraq Cənubi Qafqazda olan məsələlərə müdaxilə etmək cəhdidir və qətiyyətlə pislənməlidir", - deyə İ.Hüseynov bildirib.