Bakı. Trend:
2471 seçki məntəqəsində əlil vətəndaşlar üçün 2471 panduslar quraşdırılıb.
Trend xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) avqustun 22-də keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.
"Bu kateqoriyadan olan seçicilərimizin hamısını məntəqəyə dəvət edirik. Onların siyahısı var və səs verəcəkləri məntəqələrdə xüsusi şərait yaradılıb. Eyni zamanda görmə qabiliyyətində müəyyən problemlər olan seçicilər üçün Brayl əlifbası ilə trafaret çap edilib, bütün seçki dairələrinə göndərilib. 125 trafaret hazırlanıb və istisnasız bütün seçki məntəqələrinə çatdırılacaq", - M.Pənahov əlavə edib.
Qeyd edək ki, Prezident İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.