...

İsveçrənin "erməni məhəbbəti": qırmızı xaçın kölgəsində ağ yalanlar

Siyasət Analytics 6 Dekabr 2024 17:50 (UTC +04:00)
İsveçrənin "erməni məhəbbəti": qırmızı xaçın kölgəsində ağ yalanlar
Elçin Alıoğlu
Elçin Alıoğlu
Bütün xəbərlər

İsveçrə tarixən özünü beynəlxalq arenada neytral bir ölkə kimi tanınır. Ölkənin mövqeyi ilk baxışda, vasitəçilik və humanitar missiyalarla əlaqəli rolunu gücləndirir. Fəqət son illərdə yaşanan olaylar göstərir ki, İsveçrə bir çox məsələdə açıq-aşkar ermənipərəst siyasət yürüdür. Bu siyasət yalnız diplomatik bəyanatlarla məhdudlaşmır, eyni zamanda, ölkənin beynəlxalq təşkilatlar vasitəsilə həyata keçirdiyi fəaliyyətlərdə, ermənipərəst layihələrin dəstəklənməsində və Azərbaycanın mövqelərinin sistemli şəkildə görməzdən gəlinməsində, rəsmi Bakıya qarşı özünü büruzə verir.

İsveçrənin bu birtərəfli yanaşması, ölkənin beynəlxalq arenadakı neytral imicinə ciddi zərbə vurur və Azərbaycan kimi ölkələr tərəfindən haqlı olaraq tənqid olunur. İsveçrənin bu mövqeyi təkcə regiondakı münaqişələrin həllini çətinləşdirmir, eyni zamanda, qlobal miqyasda ədalət və obyektivlik prinsiplərinə kölgə salır.

İsveçrə neytral statuslu bir dövlət kimi, ənənəvi olaraq sülhməramlı siyasət, diplomatik təşəbbüslər və humanitar layihələrlə əlaqələndirilir. Amma Cənubi Qafqaz, xüsusən də Ermənistan kontekstində bu neytrallığın arxasında açıq-aydın ermənipərəst meyillərin gizləndiyi aydın olur. Bu reallıq təkcə Azərbaycanı deyil, həm də vəziyyəti yaxından izləyən beynəlxalq ictimaiyyəti narahat edir.

İsveçrənin bu istiqamətdə siyasəti siyasi, sosial və humanitar aspektlər baxımından incələndikdə, ortaya çıxan mənzərə ciddi suallar doğurur. Əldə edilən faktlar, rəqəmlər və arqumentlər İsveçrənin beynəlxalq platformalarda necə balanssız bir mövqe sərgilədiyini ortaya qoyur.

Ümumiyyətlə, İsveçrə ilə erməni diasporası arasında tarixi əlaqələr uzun müddətdir mövcuddur və bu münasibətlər güclü təsir imkanları ilə müşahidə olunur.

Ermənistanın beynəlxalq platformalarda dəstəklənməsi İsveçrə parlamentində də özünü göstərir. İsveçrəli parlamentarilər Qarabağ münaqişəsinə dair Azərbaycanın mövqeyini zəiflətməyə yönəlmiş sənədləri dəfələrlə lobbiçiliklə müdafiə etmişlər.

1915-ci il hadisələrinin "soyqırımı" kimi tanınması məsələsində İsveçrə təkcə simvolik jestlə kifayətlənməyib. 2003-cü ildə bu uydurma "hadisə" rəsmi şəkildə "soyqırımı" adlandırılıb ki, nəticədə Türkiyə ilə diplomatik böhran yaranıb. Hətta 2007-ci ildə İsveçrə məhkəməsi bu iddiaları rədd edən türk siyasətçi Doğu Perinxeki cərimələmişdi.

Diasporanın təsiri xüsusilə İsveçrədəki erməni təşkilatlarının aktiv fəaliyyəti ilə özünü göstərir. Erməni Milli Komitəsi anti-Azərbaycan ritorikası ilə seçilən tədbirlər və kampaniyalar təşkil etməklə yanaşı, Ermənistanın maraqlarını təbliğ edir.

Beynəlxalq Qızıl Xaç təşkilatına gəldikdə isə, bu qurumun sabiq Qarabağ münaqişəsi zamanı oynadığı rol humanitar missiyadan daha çox siyasi tərəfkeşliyi xatırladır.

Qarabağa göndərilən humanitar yardımların hərbi təchizat məqsədilə istifadə olunması dəfələrlə sübut olunub. 2020-ci ildə Qızıl Xaçın Ermənistan nümayəndələrinin yardım adı altında yalnız erməni döyüşçülərinə proviziya və dərman çatdırması faktları təsdiqlənib.

Qızıl Xaçın Ermənistan hökuməti ilə sıx əlaqələri onun müstəqillik prinsipini ciddi şəkildə pozmuşdu. Azərbaycan mətbuatı bu əməkdaşlıq çərçivəsində yaralı erməni döyüşçülərinin gizli şəkildə daşınmasını sənədləşdirmişdi.

Ermənistanın Qızıl Xaç nümayəndələrinin Qarabağdakı iştirakı və oradakı separatçı rejimlərə yardım göstərməsi bu təşkilatın tərəfsizliyini şübhə altına alır.

Ən nəhayət, İslam dininə qarşı mənfi yanaşmaların İsveçrə qanunvericiliyində öz əksini tapması bu ölkənin müsəlman dünyası ilə münasibətlərində ziddiyyətlər yaradır.

2009-cu ildə minarələrin tikintisinin qadağan olunması İsveçrənin islamofobiya siyasətinin bariz nümunəsidir. Bu qadağa BMT və müsəlman ölkələri tərəfindən sərt şəkildə tənqid edilmişdi.

İsveçrə Xalq Partiyasının bu qanunun qəbulunu təşviq edən kampaniyası, islam dinini təhlükə və ekstremizm ilə əlaqələndirən alçaldıcı plakatlarla müşayiət olunmuşdu.

Bu addımlar İsveçrənin təkcə dini azadlıq prinsiplərinə zidd deyil, həm də ölkənin insan hüquqlarına dair öhdəliklərini pozduğunu göstərir.

İsveçrənin ermənipərəst siyasətinin pərdəarxası dinamikaları beynəlxalq münasibətlərdə ciddi suallar doğurur. Azərbaycan və müsəlman dünyası üçün bu absurd dərəcədə qərəzli yanaşma İsveçrənin "neytral" statusunu şübhə altına alır. Bu, beynəlxalq ictimaiyyəti İsveçrənin siyasətindəki bu ziddiyyətləri dərindən araşdırmağa çağırır.

İsveçrə özünü neytral ölkə kimi təqdim etsə də, onun mədəni və dini siyasəti beynəlxalq arenada kəskin tənqidlərə səbəb olur. İslam dini obyektlərinə qarşı tətbiq edilən sərt yanaşmalar, o cümlədən minarələrin inşasının qadağan edilməsi, ölkənin tolerantlıq və bərabərlik prinsiplərinə sadiqliyini sual altına qoyur. Paralel olaraq, İsveçrənin erməni dini və mədəni layihələrinə göstərdiyi geniş dəstək bu siyasətin ikiüzlü mahiyyətini açıq şəkildə ortaya qoyur.

Halbuki İsveçrədə müsəlmanlar əhalinin əhəmiyyətli bir hissəsini təşkil edir – ölkədə 310 mindən çox müsəlman yaşayır. Bu insanlar, əsasən, Bosniya, Türkiyə və Albaniya köklü qanunpərəst və sülhpərvər vətəndaşlardır. Buna baxmayaraq, bu cəmiyyətlər barəsində anti-İslam kampaniyalarının təsiri ilə formalaşdırılan stereotiplər sosial gərginliyi artırır.

İsveçrənin erməni dini obyektlərinə göstərdiyi maddi və təşkilati dəstək onun ikiüzlü siyasətinin ən bariz nümunələrindən biridir. Belə ki, Cenevrədə Maarifçi Qriqori Kilsəsinin bərpası üçün İsveçrənin dövlət və özəl fondları tərəfindən əhəmiyyətli məbləğlər ayrılmışdı. Sən demə, kilsə "erməni diasporasının İsveçrə cəmiyyətindəki təsirinin simvolik ifadəsi" imiş.

Sürixdə yerləşən Surb Akob Kilsəsinin qorunması üçün yerli hakimiyyətlər və erməni təşkilatları ilə əməkdaşlıq edilmiş, layihə üçün bir milyondan çox İsveçrə frankı ayrılmışdı.

Belə siyasət , habelə erməni mədəniyyətinin təbliği məqsədilə sərgilər, konsertlər və təhsil proqramları üçün də özünü göstərir. İsveçrə fondları bu təşəbbüslərə böyük həvəs və səxavətlə yanaşır.

Bir tərəfdən müsəlman dini obyektlərinə qarşı sərt münasibət göstərən İsveçrə, digər tərəfdən, erməni icmasının təşəbbüslərinə xüsusi qayğı və maliyyə dəstəyi ilə çıxış edir. Bu cür yanaşma ölkənin bərabərlik prinsiplərinə və dini azlıqlara münasibətdə ədalətlilik öhdəliyinə xələl gətirir.

İsveçrənin anti-İslam siyasəti və ermənipərəst fəaliyyəti onun neytral mövqeyini ciddi şəkildə şübhə altına alır. Bu ölkənin islamofobiya və dini obyektlərə qarşı sərt yanaşmaları ilə erməni icmasına göstərdiyi xüsusi dəstək, beynəlxalq ictimaiyyətdə İsveçrənin dini tolerantlıq prinsiplərinə olan etibarını zəiflədir. Bu, yalnız İsveçrə üçün deyil, bütövlükdə Avropa üçün bir xəbərdarlıq siqnalıdır.

İsveçrə cəmiyyətində erməni dini və mədəni obyektlərinə göstərilən maddi və siyasi dəstək ilə müsəlman icmalarına qarşı sərgilənən soyuq münasibət arasında dərin bir ziddiyyət müşahidə olunur. Bu paradoksal yanaşma, xüsusən də minarələrin tikintisinin qadağan edilməsi və müsəlman layihələrinin maliyyələşdirilməməsi fonunda daha da qabarıq görünür.

İsveçrədəki müsəlman təşkilatlarının dövlət dəstəyi alması demək olar ki, qeyri-mümkündür. Məscidlərin, İslam mədəniyyət mərkəzlərinin və ya müsəlman miqrantların inteqrasiyasına yönəlik layihələrin maliyyələşdirilməsi məsələsində federal hökumət səviyyəsində ciddi maneələr mövcuddur. Bu, İslam mədəniyyətinin inkişafına olan hər cür təşəbbüsü əngəlləyir və müsəlman icmasının ictimai həyatda daha da təcrid olunmasına səbəb olur.

Erməni kilsələrinin rəsmi olaraq mədəni irsin bir hissəsi kimi tanındığı və dəstəkləndiyi İsveçrədəki müsəlman təşkilatları legitimlik qazanmaq üçün böyük çətinliklərlə üzləşirlər. Müsəlman mədəniyyət obyektləri tez-tez hüquq-mühafizə orqanlarının diqqət mərkəzindədir, bu isə onların inkişafını çətinləşdirir.

İsveçrədəki müsəlman icmaları, dövlət resurslarının ədalətsiz şəkildə bölüşdürülməsi ilə bağlı narazılıqlarını davamlı olaraq ifadə edirlər. 310 min müsəlmandan ibarət icmanın maraqları ardıcıl olaraq bürokratik maneələrlə üzləşərkən, cəmi 10 min nəfərlik erməni icması dövlət dəstəyindən tam istifadə edir.

İsveçrənin ermənipərəst siyasətinin əsas səbəblərindən biri ölkədəki güclü erməni diasporasının mövcudluğudur. Bu icma İsveçrənin mədəni və siyasi həyatında xüsusi yer tutur və təsir gücünü müxtəlif yollarla nümayiş etdirir.

Erməni icmaları yerli hakimiyyətlə sıx əməkdaşlıq edərək öz təşəbbüslərini irəli sürmək üçün həm siyasi, həm də maliyyə resurslarından istifadə edirlər. Onlar parlament müzakirələrində iştirak edir, mədəni tədbirlər təşkil edir və erməni irsinin müsbət imicini formalaşdırırlar.

Erməni təşkilatları tarixi irsin qorunması üzrə ixtisaslaşan İsveçrə fondları ilə fəal əməkdaşlıq edir. Bu əməkdaşlıq, diasporanın qrantlar və digər maliyyə dəstəyi əldə etməsinə imkan yaradır. Nəticədə, erməni dini və mədəni layihələri geniş maliyyələşdirilir, bununla da erməni mədəni irsi İsveçrədə xüsusi diqqət qazanır.

İsveçrənin mədəni və dini siyasəti müsəlman icmasına qarşı açıq-aşkar diskriminasiya nümayiş etdirir. Digər tərəfdən, erməni icmalarına göstərilən xüsusi qayğı və dəstək ölkənin dini tolerantlıq və bərabərlik prinsiplərinə sadiqliyini ciddi şəkildə şübhə altına alır. Bu ikili standartlar İsveçrənin beynəlxalq səviyyədə neytrallıq imicinə də xələl gətirir və cəmiyyət daxilində bölünmə riskini artırır. İsveçrə bu qeyri-mütənasib yanaşmalarını yenidən nəzərdən keçirməli və dini azlıqların hüquqlarını bərabər şəkildə təmin etməlidir.

İsveçrənin neytral statusuna baxmayaraq, Ermənistanın diplomatik və humanitar səviyyədə ardıcıl şəkildə dəstəklənməsi ölkənin obyektivlik iddialarını şübhə altına alır. "Erməni soyqırımı"nın tanınması, Qarabağ münaqişəsində Azərbaycanın maraqlarının rədd edilməsi və erməni layihələrinin maliyyələşdirilməsi bu siyasətin əsas elementləridir. Bu yanaşma yalnız Azərbaycan tərəfindən deyil, həm də beynəlxalq ictimaiyyət tərəfindən sərt şəkildə tənqid olunur. Azərbaycan və onun tərəfdaşları bu məsələni beynəlxalq platformalarda davamlı olaraq qaldırmalı, hər bir tərəfə bərabər və ədalətli münasibətin təmin edilməsinə çalışmalıdır. İsveçrə isə öz siyasətindəki bu ziddiyyətləri aradan qaldırmaq və bərabərlik prinsiplərinə sadiqliyini sübut etmək üçün konkret addımlar atmalıdır.

Xəbər lenti

Xəbər lenti